Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:30

-

"Ziyarətindən ad alınmayan Avropa şəhərlərinə köçənlərə heç kim moskovi, parisi, londoni və milani demir. Çünki ora gedənlər artıq geri qayıtmırlar..."

Ziya F.M.

VƏTƏNDAŞ BƏY MÜƏLLİM CƏNABLARI

Təəssüf ki, danışmağa məcburuq. Təəssüf ki, müraciət etməliyik.

Böyüyə, kiçiyə, qıza, oğlana, tanış olan, tanış olmayana, qocaya, cavana, iş yiyəsinə, dövlət məmuruna, burnu fırtıqlı uşağa, qohuma, yada, gəlməyə, yerliyə, avaraya, küçədən keçənə, yolumuzu kəsənə, sükan arxasında oturana, qarnımızı yarıb içindəki artıq hissəni bıçaqla kəsənə, qolumuzu qandallayıb dəmir barmaqlıq arxasına soxana, bizə ağıl öyrədənə, bizi yoldan çıxarana, gözümüzü açıb burnumuzun ucunda əzik-üzük sifətini hər səhər gördüyümüzə, bizdən olub bizə oxşayanlara və oxşamayanlara, özündənrazı pəzəvənglərə, tərbiyəsiz küçə uşaqlarına, dərsdə şuluqluq edən balaca şeytanlara, piştaxtanın hər iki üzündə olanlara, alanlara-verənlərə, atanlara, utananlara, həyasızlara, xarablara, xəstələrə, alimlərə, kütlərə, gözəllərə, süzənlərə, gözləri axanlara, saman altdan su axıdanlara, hətta özümüzə, nəslimizə, yekəmizə, arığımıza, kökümüzə...

Heyif deyil, kənardan görünən, uzaqdan eşidilənlər?! Digər xalqların oturuşmuş ifadələri. Pan və paniləri, batono və sinyorları, san, müsyö, madam, mademauzel, ser və əkələri, ağa, mister, miss və missisləri.

Bəzilərində adını və atasının adını yanaşı çəkmək kifayət eləyir ki, hörmət elədiyin bilinsin.

Bəzilərinin adının yanına, qabağına, arxasına kiçicik bir hissəni yapışdırmaq ki, onu tanıdığın, haqqında bildiyin, onunla maraqlındığın aydınlaşsın. Bəzilərinin bütün nəslini – atasını, babasını, hətta uşaqlarının adlarını da bilməlisən. Ya da bəzilərindəki kimi hamını ucdantutma bir ifadə ilə yola verə bilərsən.

Biz elə bil Şərqə aid bütün mürəkkəblikləri, çətinlikləri müraciət formalarımızın içinə yığmışıq. Hər vəziyyətdə, hər münasibətdə bir alayarımçıq söz tapıb, sonra onu yeri gəldi-gəlmədi işlədib həm özümüzü, həm müraciət etdiyimizi çaş-baş salırıq. Kiməsə layiq olduğundan artıq, kiməsə əksiyini deyib ya utanır, ya sıxılır, ya da qarşımızdakını çaşdırırıq.

Qəssaba, mirzəyə, aşbaza, qəbirqazana, katibə, rüşvətxora - müəllim, mollaya – ağa, məhkuma – vətəndaş, polisə – cənab, müxalifətçiyə – bəy, cızmaqaraçıya – şair, şorgözə – aşıq, qoyunqırxana bərbər, sünnət eləyənə dəllək(?), sözünü anlamadığımıza professor, qocaya – əmi, qarıya – ana, yolkəsənə – rəis, avaraya – xala, yada – bacıoğlu, arvada – həyat yoldaşı, ərə – uşaqlarımın atası, fırıldaqçıya bacaran, iki eşşəyin arpasını bölə bilənə başbilən, yerliyə gəlmə, gəlməyə yerli, tanımadığımızaa “əə”, tanıdığımızaa “əə”, yaşa dolmuş dostlarımıza uşaqlar, saatlarla qeybət elədiyimizə “az, ağəz”, haqqını tələb edənə demaqoq, tanımadıqlarımıza “ay qağa”, “məhləli”,”qədeş”, “qaqa”, “ay bacı”,”ay arvad”, “a kişi”, “a bala”, “ay uşaq”, “ay heyvan”, “boyunu yerə soxum”, “it oğlu”, “köpək oğlu”, “qancıq”, “itin balası”, özümüzə şairanə atam balası...

Nənələrimizin, analarımızın dilindən düşməyən gözəl sözlərdən çoxdan istifadə eləmirik:

Gözümün işığı, evimin yaraşığı, evimin dirəyi, ürəyimin parası, canım-ciyərim, gözəlim, sevdiyim, əzizim, ay lacım(ay əlacım), ay mudum(ay ümidim), qurban olduğum, dərdin aldığım, ölüm(uğrunda, yolunda mən ölüm), başımın tacı, ömrümün mənası...

Usta, həkim, şofer(sürücü) kimi peşəylə bağlı özgə hansı müraciət forması qalıb? Hambal da yoxdur ki, heç olmasa bir söz də əlavə edəsən.

Əvəzində dini müraciətlərin ziyarət yerləri ilə bağlı yaranmış variantları olduğu kimi qalıb, hələ kosmik bir sürətlə çıxalmaqdadır da. Məşədi, hacı, kərbəlayı əlindən tərpənmək olmur. Mollalar çoxalır, alimlər azalır, əsilzadələr yoxa çıxır, gədələr çoxalır, kəndlərdən şəhərə axışır, şəhərdəkilər isə ziyarətindən ad alınmayan Avropa şəhərlərinə köçür. Heç kim heç kimə moskovi, parisi, londoni və milani demir. Çünki ora gedənlər artıq geri qayıtmırlar. Getdikləri şəhərlərdə isə hamı elə oralı olduğundan xüsusi, qeyri-fərqli bir xüsusiyyəti də qalmır.

Bir də, bizdə ancaq Şərq ölkələrinə gedib qayıdanlar məxsusi bir hörmətə layiq görünürlər, qərbə gedənlər bizimkilərin dili ilə ən cüvəllağı, vələdüzina, pozğun, arsız və s. xoşagəlməz sözlərlə bəzədilirlər, elə buna görə də heç kim bu sözlərdən müraciət forması kimi istifadə etmir, olsa-olsa, arxalarınca söyüş göndərərlər, əlacları olsa daş-qalaq da edərlər. Hələ kafir, mürtəd, dinsiz, imansız epitetlərini demirəm.

Bir sözlə, ara qarışıb, məzhəb itib. Kimin barmağı kimin harasındadır, bilinmir. Bircə şeytanın barmağı çayı keçən kişinin ulağının quyruğunun altındadı. Onu da şeytandan və balasından başqa heç kim bilmir.

Yeganə oturuşmuş və hər vəziyyətə, yaşa, münasibətə uyğun müraciət forması “xanım” olaraq qalır. Bir az hörmət, bir az həsəd, bir az sevgi həsrətli, bir az yaxınlaşmaq istəkli, böyüyə də, kiçiyə də deyilə bilinəsi sözümüz var.

Xanım! “Xan” sözünün mənimsənilmiş variantı. Canım kimi, quzum kimi, yavrum kimi çox intim, çox yaxın deyil. Xanın yeri hər halda ucadır, kürsüdədir. Ona yaxın getmək olmaz. Ancaq uzaqdan əzizləmək olar. Ucaltmaq olar. Deyimdə, müraciətdə.

Əvəllər “bəyim” müraciəti də olub, amma nəyə görəsə əsrlərin sınağından yarımçıq çıxıb. Baxmayaraq ki, uzun müddət ərzində (haradasa 70 il) keçmiş zamanları adları qoşa çəkilən xanlar-bəylərlə işarələyiblər.

Ancaq bəy kəlməsi müraciət forması kimi hələ də yarımçıq və yarı-qadağan olunmuşdur. Bir günlük toyda bəy olmaq yerdə qalan bütün günlərdə gəda olmaq demək deyildir.

Bəylik verilirmi, verilmirmi? Bu sualın cavabı keçmişdə qalıb. Bir də dolanıb türklərdən geri qayıdıb. Orada hamı ya bəy, ya da əfəndidir.

İtirilmiş əfəndi kəlməmiz də, bəy müraciətimiz də yenidən bərpa olunmalıdır. Bəylik çoxdan puldan, var-dövlətdən ayrılıb.

Əvvəllər iş sahiblərinə ağa deyərmişlər. Ağa sözünün kökündə bir məcburiyyət, bir əzazillik, bir kapitalistılik dururmuş. Ağa və nökər qütblükləri bir-biri ilə daima ziddiyətdə imişlər. Güclü və zəif, varlı və kasıb, rəhmsiz və fağır, tox və ac. Bunlar birinin hər şeyə, o birinin isə heç nəyə malik olmadığını bildirirmiş. Bəylik, daha çox ziyalılıq anlamında işlənib onsuz da.

Ağaların pul qazanan vaxtında “quru bəylər” yaranıb. Təhsilli, savadlı, hörmətli, ziyalı, mədəni, geyimi-kecimi, zövqü, dünyagörüşü olan, amma pulu olmayan əsilzadələr. Demək olar ki, hamısı yazıya-pozuya meyl ediblər. Əbdürrəhim bəy, Üzeyir bəy, Mirzə Kazım bəy, Həsən bəy, hətta bədii obrazlar arasından məşhur olan Abbasqulu bəy...

Heç kim bəy deyiləndə avtomatik müxalifətə keçmir.

Əgər özbəklər ağa sözünü bir az təhrif edib bir-birlərinə “əkə” deyə bilirlərsə və bunu hətta sovet vaxtında da işlədə bilirdilərsə, indi, heç bir təzyiq olmayan vaxtı, gözümüzün qabağında o böyüklükdə türk misalı ola-ola niyə bu sözdən imtina edib peşə mənasında işlədilə bilən “müəllim” müraciətindən istifadə edirik?!

Kim deyib ki, ancaq müxalifətçilər bir-birlərinə bəy deyə bilərlər?! Heç kim bəy deyiləndə avtomatik müxalifətə keçmir. Niyə qıcıqlanırsız bu sözdən? Axı türklərə bəy deyə müraciət edəndə biz onları nə başımızın üstünə qoyur, nə də bizim dövlət strukturlarına asi olduqlarını müəyyənləşdiririk? Toyda bir günlük bəy olan həmin gecə siyasi partiyanın üzvünə çevrilmir axı!

Cənab – çox quru, çox rəsmi ifadədir. Çox yuxarıdan gedən müraciət formasıdır. Doğmalıq, yaxınlıq, insani münasibəti özündə gəzdirmir. Daha çox xalq, cəmiyyət qarşısındakı xidmətləri bildirir və müraciət edənlə müraciət olunan arasında keçilməz bir xətt çəkir.

Cənabın xüsusi yerişi, duruşu, geyimi olmalıdır. Nəsə əlçatmaz, yuxarılarda süzən bir məxluqdur. Canı, ruhu, adi insana məxsus olan zəiflikləri yoxdur. Büt kimi, ikona kimidir. Ancaq uzaqdan onu seyr etmək olar. Yaxınına getdiyində də bu uzaqlığı hiss edirsən. Əzələ hesabına kənara dartılmış üzdəki təbəssüm də quru və sünidir. Əlini sıxsan da istiliyi, hərarəti hiss eləməyəcəksən.

Həsəb bəy Zərdabinin dəfni, 1907

Həsəb bəy Zərdabinin dəfni, 1907

Bəy isə çox da uzaqda deyil. Onu küçədə bazarlıq edəndə də, uşaqlarının əlindən tutub gəzintiyə çıxanda da, getdiyin konsertdə, tamaşada adi, ucuz yerlərdə də görə bilərsən. O da dənizə gedib hamının gözü qarşısında yarıçılpaq qumun üstündə uzana bilər. Cənabı isə ömründə görməzsən. Hara gedir, harada yeyir, tualetə gedirmi, bilməzsən.

Yoldaş müraciətini isə heç xatırlamaq istəmirəm. Mənə elə gəlir ki, bu sovet vaxtından qalmış söyüş formasıdır.

Nə deyirsiniz? Neyləyək?

Yenə bütün məhəlli, lokal müraciətlər formalarını vəziyyətdən asılı olaraq dəyişə-dəyişə çaş-başlıq yaradıb özümüzü də, başqalarını da dolaşığa salmağa davam edək, yoxsa birdəfəlik bir müraciət forması seçib dilimizi tör-töküntülərdən təmizləyək?

Müəllimlərə onsuz da müəllim deyəcəyik.

Rəsmi görüşlərdəki müraciət formamız yenə cənab olaraq qalacaq.

Ağa ifadəsini ruhanilər artıq zəbt eləməyə başlayıblar, qoyun götürsünlər, dinaparan olsun.

Xan, xaqan dilimizə yatmayıb, birincisi çox qısa, ikincisi isə çox möhtəşəmdir.

Əfəndi hədsiz türk ifadəsinə çevrilib.

Yoldaş süni söz idi.

Vətəndaş müraciəti adamı qorxudur.

Yerdə qalanlar isə məişət və ya peşə çərçivəsindən heç vaxt kənara çıxmayıblar.

Bəlkə başlayaq bir-birimizə bəy deməyə? Rahatdırsa “a bəy” də deyə bilərsiniz. Adsız. Sadəcə bəy. Hörmət əlaməti olaraq. Pula, vara, dövlətə, vəzifəyə, imkana görə yox.

Sadəcə adam olduğuna görə.

Bəzilərinə, layiq olanlara gədə demək hüququnu saxlamaq şərtilə.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG