Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:27

Ekspert: «Yaşayış minimumu ilə yaşamaq yox, ölməmək olar»


Tovuz süd emalı zavodu

Tovuz süd emalı zavodu

-

Azərbaycanda qeyri-neft sektorunun vəziyyəti, sosial layihələrin icrası, yaşayış minimumunun yetərli olub-olmaması və regional münasibətlər bu gün medianın aparıcı mövzusudur.

İQTİSADİ İSLAHATLARIN İLKİN NƏTİCƏLƏRİ UĞURLUDUR

«Azərbaycan» qəzeti «İqtisadi islahatların ilkin nəticələri uğurludur» sərlövhəli məqalədə qeyri-neft sektorunun inkişafında yeni mərhələnin başlandığını bildirir.

Yazıda son illər dünyada baş verən iqtisadi təlatümlərin Azərbaycana da təsir etdiyi qeyd olunur.

Müəllif yazır ki, keçən ildən neft gəlirlərinin kəskin azalması iqtisadi sistemdə imkanları məhdudlaşdırıb.

Məqalədə bununla belə qeyd edilir ki, bu ilin əvvəlindən başlayaraq qeyri-neft sektorunun inkişafına diqqət artırılıb: «Qeyri-neft sektorunun inkişafı ölkənin iqtisadi potensialının gücləndirilməsi üçün mühüm amillərdən biridir. Son illər uğurla həyata keçirilən dövlət proqramları, bu sahədə görülən tədbirlər qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artırılmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına təkan verib».

Ancaq yazıda bu il qeyri-neft sektorunun 4.5 faiz geriləməsinin səbəblərindən bəhs edilmir.

Nemət Əliyev

Nemət Əliyev

XALQI ALDATMAQ

«Azadlıq» qəzeti isə maliyyə naziri Samir Şərifovun ötən il ölkədə sosial layihələrin dayandırılmaması haqda fikirlərini iqtisadçı Nemət Əliyevlə müzakirə edib.

«Hakimiyyət yenə xalqı aldadır» sərlövhəli məqalədə yada salınır ki, keçən il büdcə xərcləri 21 milyard manata qarşı 17 milyard həcmində yerinə yetirilib. Bu isə təqribən 83 faiz deməkdir.

N.Əliyev maliyyə nazirindən fərqli olaraq, son illər sosial proqramların miqyasının çox kiçildiyini deyir: «Ola bilsin ki, hökumət sosial layihələrin heç biri dayandırılmayıb deyəndə, pensiyaları, müavinətləri, sosial ödənişlərin verilməsini nəzərdə tutur. Amma sabah bu sahədə problem yaşanacağı istisna deyil, çünki dövlət iri gəlirlərdən məhrumdur».

İqtisadçı qeyd edir ki, ipoteka layihələri hazırlandı, vəsait ayrıldı, həmin vəsait mənzillə təminata yetərli olmadı. N.Əliyev xaricdə təhsil proqramının davam etdirilmədiyini də yada salır: «Ciddi infrastruktur layihələrinin icrası demək olar ki, faktiki dayanıb. Bu baxımdan rəsmilərin sosial layihələrin ixtisara salınmaması ilə bağlı söylədiyi fikirlər, sadəcə, ictimaiyyəti aldatmaq məqsədi güdür və gerçəkliklə heç bir əlaqəsi yoxdur».

Yaşayış

Yaşayış

YAŞAYIŞ MİNİMUMU YETƏRLİDİRMİ?

«Exo» qəzeti ekspertlərlə ölkədə adambaşına düşən yaşayış minimumunu müzakirə edir. Müəllif yaşayış minimumunu dövlətin əhaliyə təqdim etdiyi minimal zəmanətlər sistemi daxilində əsas anlayışlardan biri kimi dəyərləndirir. Ekspert Nəriman Ağayev qəzetə bildirib ki, Azərbaycanda mövcud olan yaşayış minimumu müasir iqtisadi reallıqlara uyğun deyil və o vəsaitlə yaşamaq mümkünsüzdür: «Bir insan üçün Azərbaycanda yaşayış minimumu ayda 600 manata və ya gündəlik 20 manata bərabərdir. Uşağın az-çox tam inkişafı üçün ayda 400 manat tələb edilir. Bu məbləğə qidalanma, geyim, ləvazimatlar daxildir. Hesab edirəm ki, yeni doğulan uşağa görə birdəfəlik müavinət 300 manata qaldırılmalıdır. Əgər uşağın anası işləmirsə, ona artıq aylıq 300 manat verilməlidir və bu aylıq ödəniş uşaq məktəbə gedənə kimi davam etməlidir».

N.Ağayev deyir ki, istehlak səbətinin strukturu da dəyişməlidir. Onun düşüncəsinə görə, gənc nəslin hərtərəfli böyüməsini nəzərə alaraq, bu istehlak səbətinin tərkibinə elektron avadanlıqlar da daxil edilməlidir.

Başqa bir iqtisadçı Oqtay Haqverdiyev isə məsələni daha kəskin qoyur: «Dövlətin yaşayış minimumu kimi təyin etdiyi 146 manata bir ailənin yaşaması mümkün deyil. Belə məbləğ ancaq bir təhər yaşamağa və acından ölməməyə yetərlidir».

O.Haqverdiyevin fikrincə, bu rəqəm adambaşına ayda 250 manatdan az olmamalıdır. İndiki iqtisadi durumda qiymətlərin tez-tez dəyişdiyini qeyd edən ekspertlər bunun yaşayış minimumunda da öz əksini tapmasını lazım bilirlər.

Vyana danışıqları

Vyana danışıqları

ABŞ CƏNUBİ QAFQAZDA FƏALLAŞIR

«Yeni Müsavat» qəzetinin analitik qrupu Cənubi Qafqazda baş verən son prosesləri dəyərləndirib. Məqalədə qeyd edilir ki, son vaxtlar ABŞ-ın Cənubi Qafqazda fəallaşması hiss olunur.

Yazıda bu, Vaşinqtonun daha Cənubi Qafqazdakı prosesləri Rusiyanın inhisarına buraxmaq fikrində olmaması kimi dəyərləndirilir. Müəlliflərin fikrincə, ABŞ-ın Gürcüstanda hərbi təlimlər keçirməsi, az da olsa, qüvvəsini Gürcüstanda saxlaması orada NATO bazasının yaradılması kimi dəyərləndirilə bilər

Məqalədə Qarabağ münaqişəsinin tənzimlənməsi prosesində də ABŞ-ın fəallığına diqqət çəkilir: «Rusiya yenə də istəyərdi ki, görüş Moskvada keçirilsin, amma bu alınmadı, Vyanada keçirildi, üstəlik, ABŞ dövlət katibi J.Kerry bu görüşdə çox fəal idi».

Yazıda qeyd edilir ki, vəziyyətin qeyri-müəyyən qalması bölgədəki enerji layihələrinə ciddi təhlükədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG