Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:53

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 18 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Voskevan kəndindən Azərbaycan ordusunun Qazax rayonunun Quşçu Ayrım kəndindəki mövqeləri atəşə tutulub.

Habelə, Berd rayonunun Ayqedzor kəndindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Muncuqlu kəndindəki mövqelərin də vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Azərbaycan ordusunun Tərtər, Füzuli və Goranboy rayonundakı mövqeləri də atəşə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyi mayın 23-dəki açıqlamasında isə atəşkəsin sutkada ərzində 15 dəfə pozulduğunu bildirmişdi.

Mayın 16-da Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG