Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:46

Günel Anarqızının kitabı dövlət hesabına çıxıb


Günel Anarqızı
Günel Anarqızı

-

Kitab
Kitab

Mayın 19-da Beynəlxalq Muğam Mərkəzində yazıçı Anarın qızı Günel Anarqızının “Seçilənlər” kitabının təqdimat mərasimi olub. Kitab Mədəniyyət və Turizm Nazirliyinin dövlət büdcəsindəndəstəyi ilə nəşr olunub.

Anar
Anar

Gecədə müəllifin atası yazıçı Anar mədəniyyət aləmində bayağılaşmanın baş alıb getdiyi bir dövrdə belə bir kitabın nəşrinin önəmini vurğulayıb, onun dəyərli və zamanında işıq üzü görmüş bir kitab olduğunu söyləyib. Bildirib ki, kitabda seçilmiş insanlarla söhbətlər, bəlkə də onların heç kəsə demədikləri ürək sözləri əksini tapıb.

Kitab təqdimatı
Kitab təqdimatı

Xalq Yazıçısı kitabı vərəqlədikcə fərəh hissi keçirdiyini söyləyib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə kitabı böyük maraq və həyəcanla oxuduğunu dilə gətirərək deyib ki, “Seçilənlər” gözəl təəssürat yaradır. Müəllif kitabda müsahibələri yer alan insanlarla səmimi söhbətlər edib və bu da nəşrin dəyərini daha da artırır.

Firəngiz Əlizadə Günel Anarqızının gözəl bir ailənin, ziyalı ocağının yetirməsi olduğunu vurğulayaraq, onun istedadı ilə özünü təsdiqlədiyini söyləyib və müəllifə uğurlar arzulayıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov öz fəlsəfəsi, özünəməxsus dili olan Günel Anarqızını dəyərli kitabının işıq üzü görməsi münasibətilə təbrik edib.

Kitabın təqdimat mərasimində kitabda müsahibə və söhbətləri yer alan xalq artistləri Fidan və Xuraman Qasımovalar, Əməkdar Artist Fərqanə Qasımova, Xalq Artisti, pianoçu Murad Hüseynov, Əməkdar Artist Mehriban Zəki, vokal instrumental “Qaya” qrupunun üzvləri və digər tanınmış sənətkarlar çıxış ediblər.

Tədbir üçün seçilən gün də təsadüfi deyildi. Mayın 19-u Xalq Şairi Rəsul Rzanın doğum günüdür. Yazıçılar Birliyinin rəsmi məlumatında deyilir ki, təqdimat mərasimini də, burada səslənən şeir və musiqini də onun ruhuna ehtiram əlaməti kimi qəbul etmək olar.

Yazıçı-publisist Günel Anarqızının “Seçilənlər” kitabının içərisində nə var?

Çingiz Aytmatov, Oljas Süleymenov, Elçin, Çingiz Abdullayev, xalq rəssamları Tahir Salahov, Toğrul Nərimanbəyov, Fərhad Xəlilov, Altay Sadıqzadənin müsahibələri, Günel Anarqızının musiqiçilər Tofiq Quliyev, Mirzə Babayev, Müslüm Maqomayev, Emin Sabitoğluna həsr olunmuş esseləri, şair Rəsul Rza, Nigar Rəfibəyli, Vaqif Səmədoğlu, akademik Ziya Bünyadov, Şən və Hazırcavablar Klubunun kapitanı Anar Məmmədxanov, pianoçu Elmira Səfərova və başqaları haqda ithaf xarakterli yazılar.

Günel Anarqızının 2001-ci ildən 2016-cı ilə qədər qələmə aldığı və mətbuatda çap olunmuş müxtəlif səpkili yazıları - müsahibə, esse, səyahət qeydləri, xatirə və ithafları.

Mərasimə toplaşanlara minnətdarlıq edən müəllif bildirib ki, “Seçilənlər” kitabı onun oxucular qarşısında bir növ hesabatıdır.

Günel Anarqızı “Seçilənlər”in nəşrinə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirərək kitabın geniş oxucu kütləsinin diqqətini cəlb edəcəyinə ümidvar olduğunu söyləyib.

Yazı Yazıçılar Birliyinin səhifəsindən götürülüb

XS
SM
MD
LG