Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:38

“Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən Dünya Humanitar Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan da vaxtilə qaçqın və məcburi köçkün problemi ilə üzləşib. İlham Əliyevin sözlərinə görə, Ermənistanın həyata keçirdiyi hərbi işğal və təcavüz nəticəsində 20 ildən artıqdır Azərbaycanın 20 faiz ərazisi işğal altındadır: “Azərbaycanın 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib”.

Prezident bildirib ki, Ermənistan silahlı qüvvələri bu il aprelin əvvəlində yenidən Azərbaycanın dinc əhalisinə qarşı hücumlar təşkil edib: “Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb. Həmin vaxt Ermənistan silahlı birləşmələri Azərbaycan əhalisinə qarşı qadağan olunmuş kimyəvi tərkibli fosforlu mərmidən istifadə edib. Azərbaycan silahlı qüvvələri dinc əhalisini qorumaq məqsədi ilə Ermənistan birləşmələrinə layiqli cavab verib və bundan sonra hücumlar dayanıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir”.

Prezident İlham Əliyev Türkiyəyə mayın 22-də gəlib. Səfərdə məqsəd bu gün İstanbulda başlamış BMT Dünya Humanitar Sammitində iştirak etmək idi. Sammitdə BMT Baş katibi və bir sıra dövlət, hökumət başçıları iştirak edir.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Azərbaycanın işğal altındakı rayonlarının qeyd və şərtsiz boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə bar. 822, 853, 874 və 884 saylı qətnamələr indiyə kimi yerinə yetirilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG