Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:42

Şeir belə başlayır: «Ankaradan cavan bir oğlan vardı…»


Erdoğan Ankarada, prezident sarayında, 22 may, 2016
Erdoğan Ankarada, prezident sarayında, 22 may, 2016

Türkiyə prezidenti humanitar sammitdən yazır; ABŞ “Suriya Demokratik Qüvvələri” (SDF) bayrağı altında yeni bir koalisiya yaratmağa çalışır – 23 may qərb mediasının icmalı

Britaniyada Türkiyə Prezidenti Recep Tayyip Erdogana ən təhqiramiz şeir yazılıb. Müəllifi London-un keçmiş meri, Mühafizəkarlar Partiyasından Boris Johnsondur.

Şeir belə başlayır: “Ankaradan cavan bir oğlan vardı…”. “The Wall Street Journal”ın Avropa nəşrində David Feith qeyd edir ki, gerisini yazmaq mümkün deyil, ancaq müzakirə etməyə dəyər.

“Türkiyə prezidenti getdikcə avtoritarlaşan islamçıdır, təkcə ölkədə deyil, Avropada da tənqidçilərini susdurmağa çalışır”, yazan müəllif alman komediyaçı Jan Böhmermann-ın Erdoğanı qəzəbləndirməsini yada salır. Erdoğan satirik şeirə görə onun cəzalandırılmasını tələb etdi və kansler Angela Merkel də müstəntiqləri bu tələbə əməl etməyə çağırdı.

Douglas Murray
Douglas Murray

Britaniyalı yazıçı, azad söz təbliğatçısı Douglas Murray isə Böhmermann-ın başına gələnlərdən qəzəblənərək “Prezident Erdogan adına Təhqiramiz Poeziya Müsabiqəsi” elan edib. Dediyinə görə, məqsədi Britaniya ilə Türkiyə və Almaniyanı müqayisə etməkdir. Bir oxucu təklif edib ki, ən təhqiramiz şeirə 1000 funt-sterlinq (1460 dollar) ayrılsın.

“Bu mükafat Boris Johnson-a bir məqamda çətinlik yarada bilər. O, arzuladığı kimi, Britaniyanın baş naziri olarsa, Etdogan-la bir masaya əyləşə bilər”, müəllif yazır.

“Məncə Britaniyada siyasi liderin ölkəsinin Ankaradakı xəlifəyə baş əyməyəcəyini göstərməsi əla bir şeydir”, Murray deyib. “Erdogan Türkiyədəki opponentlərini həbsə atdıra, Kansler Merkel isə Erdogan-ın Almaniyadakı tənqidçilərini tutdura bilər. Ancaq biz Britaniyada, hələ də, azad yaşayıb nəfəs alırıq. Nəyi düşünüb necə deməyimizi xarici monarxın diktə etməsinə ehtiyac yoxdur. Nəyin məzəli olmasına da özümüz qərar veririk”.

Erdogan humanitar sammitdən yazır

“Dünya Suriyanı bada verəndə Türkiyə köməyə gəldi. İndi də digərləri yardım əlini uzatmalıdır”. “The Guardian” qəzeti Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın belə bir başlıqlı yazısını dərc edib.

Erdoğan (arxiv fotosu)
Erdoğan (arxiv fotosu)

Mayın 23-də İstanbulda birinci Dünya Humanitar Sammit başlanır. 100-dən çox ölkənin liderləri, baş nazirləri, hökumət üzvləri tədbirə qatılacaq. Erdoğan yazır ki, bu, BMT-nin Türkiyədə hazırda dünyanın istənilən ölkəsində daha çox qaçqının yerləşməsi faktını dəyərləndirməsidir.

“Ancaq humanitar sistemdəki rabitəsizliyin səviyyəsi narahatlıq yaradır. 60 milyon insan yaşamaqdan ötrü humanitar yardımdan asılıdır. BMT qaçqın və məcburi köçkünlərin sayının 2-ci Dünya Müharibəsindən bəri ən yüksək səviyyəyə çatdığını bildirir. Yarısı uşaqlardır. Mövcud humanitar yardım sistemi ən çox BMT-dən asılıdır və ayrı-ayrı dövlətlərin mərhəmətinə bağlıdır. Bu qlobal problem həll olunmalıdır ki, müharibələr, münaqişələr və təbii fəlakətlərdən ziyan görmüş milyonlarla insanın ehtiyacı ödənsin”, Erdoğan vurğulayır.

Məqalədə qeyd olunur ki, Türkiyə dünyanın ən səxavətli ölkəsi olaraq qalır və ÜDM-sinin böyük hissəsini humanitar yardıma ayırır. 2011-ci ildə Türkiyə dünyanın arxa çevirdiyi Somaliyə yardım əlini uzadıb. Suriya qaçqınlarına qapılarını açıb və hazırda ölkədə 3 milyonadək qaçqın var. “Son 5 ildə Türkiyə Suriya qaçqınlarına 10 milyard dollar ayırıb”, Erdoğan vurğulayır.

“Səhvə yol verməyin: beynəlxalq ictimaiyyət böhranın həllinə yönəlik ciddi səy göstərməsə, Suriya xalqı əziyyət çəkəcək. BMT Təhlükəsizlik Şurası bu yöndə işləri irəli aparmalıdır. Şuranın daimi üzvlərini veto hüquqlarından istifadə etməyə, qısa-müddətli maraqlarını qorumaqdansa, sülhü, sabitliyi və təhlükəsizliyi irəlilətməyə çağırırıq”.

İŞİD-ə qarşı yeni koalisiya?

“The Washington Post” qəzeti David Ignatius-un Suriyanın şimalından hazırladığı məqaləni dərc edib. Müəllif Birləşmiş Ştatların İslam Dövləti (İŞİD) silahlı qruplaşmasını paytaxtı Raqqadan çıxarmaqdan ötrü yeni hərbi qüvvə formalaşdırmaq səylərindən söz açır.

“ABŞ sünni şəhəri Raqqanı tutmaq üçün sünni ordusu qurmağa cəhd göstərə bilər, ancaq bu, illər çəkər. Yaxud öz qüvvələri ilə hərəkətə keçə bilər ki, bu qüvvələr də, əsasən, YPG qruplaşmasının təcrübəli kürd döyüşçülərindən ibarətdir. Türkiyə, Suriya siyasi müxalifəti onlara qarşıdır. Ancaq Suriya kürdləri artıq iş başındadırlar”, müəllif yazır.

ABŞ generalı Joseph Votel. 29 aprel, 2016
ABŞ generalı Joseph Votel. 29 aprel, 2016

Yazıda qeyd olunur ki, ABŞ “Suriya Demokratik Qüvvələri” (SDF) bayrağı altında yeni bir koalisiya yaratmağa çalışır. Bu koalisiyaya sünnilər, xristianlar və türkmənlər, eləcə də YPG-nin təcrübəsiz döyüşçüləri daxildir.

General Joseph Votel deyir ki, “əlimizdə olanla irəliləməyə məcburuq”. General bölgədə səfərdə olan bir qrup jurnalistə danışıb.

Müəllif yazır ki, reallıqda sünnilər deyil, məhz kürdlər güc sərgiləyə bilirlər və zəif sünniləri güclü kürdlərə inteqrasiya etmək daha praqmatik bir alternativdir. Axı ABŞ daha öncə sünni ordusu qurmaq məqsədilə 500 milyon dollarlıq təlim proqramı həyata keçirmişdi, proqram ötən yay iflasa uğradı.

“Suriya kürdləri, qadınlı-kişili, azğın döyüşçülərdir. YPJ adlı qadın yaraqlıların liderləri ilə görüşdük. Hərbi kamuflyajın üstündən muncuqlu yaylıqlar bağlamış bu qadınların hamısı cəbhədə döyüşdüklərini deyirdilər. ABŞ müşavirlərinin sözlərinə görə, onlar o qədər cəsurdurlar ki, döyüşə intiharçı kəmərlərilə gedirlər, İŞİD tərəfindən ələ keçirilib cinsi köləyə çevrilmək istəmirlər”.

Qadınlardan biri deyib ki, kürdlərin “Rojava” adlandırdığı muxtar region uğrunda vuruşur. Polkovnik Ali Hajo isə Suriya adlı ölkə naminə savaşdığını söyləyib.

XS
SM
MD
LG