Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:08

Vəkil: «Bayram Məmmədov aclığı davam etdirirdi»


Qiyas İbrahim və Bayram Məmmədov

Qiyas İbrahim və Bayram Məmmədov

-

«Gənc fəal Bayram Məmmədov mən onunla görüşəndə aclıq aksiyasını təcridxanada davam etdirirdi. Bu aksiya saxlanarkən polis tərəfindən işgəncələrə məruz qalmalarına və həbslərinin əsassız olmasına etirazdır».

Vəkil Elçin Sadıqov bunu AzadlıqRadiosu-na bildirib. Ancaq o gənclərlə mayın 20-də görüşüb. Şənbə və bazar baş verənlərdən isə vəkil xəbərsizdir. Elçin Sadıqov sabah da gənclərlə görüşmək niyyətindədir.

E. Sadıqov qeyd edir ki, mayın 20-də Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin əməkdaşları B. Məmmədov və Q. İbrahimovu saxlanan zaman işgəncələrə məruz qalmaları ilə bağlı dindiriblər. “Gənclər bu dindirmənin ciddi mahiyyət daşımadığını deyirlər. Onların açıqlamalarına görə, bu formal xarakter daşıyıb. Onların fikrincə, hətta polislər öz həmkarlarını müdafiə ediblər”.

Vəkil gənclərə yaxınları ilə, hələ də, görüş verilməməsini hüquq pozuntusu kimi dəyərləndirib.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.

Mayın 16-da da B. Məmmədovun ona işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə gənclərin onlara işgəncə verilməsi ilə bağlı dediklərini təkzib ediblər.

Elçin Sadıqov

Elçin Sadıqov

Üstəlik, Ombudsman Aparatından da gənclərə işgəncə verilmədiyi bildirilib.

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında olduqlarını deyiblər.

Aparatdan yayılan məlumatda qeyd edilir ki, MPQ üzvləri həmin müəssisədə saxlanılan Bayram Məmmədov və Qiyas İbrahimovu təkbətək qəbul ediblər. MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə baxış keçirilib.

Məlumatda deyilirdi ki, baxış zamanı hər hansı xəsarət aşkar olunmayıb.

Gənc fəalların vəkili Elçin Sadıqov isə AzadlıqRadiosu-na müsahibəsində Ombudsmanın Milli Preventiv Qrupunun açıqlamasını əsasız saymışdı. Vəkil deyirdi ki, gənclərin bədənində işgəncə yerlərini öz gözü ilə görüb.

Mayın 19-da isə Bayram Məmmədovun Bakı İstintaq Təcridxanasında aclıq aksiyasına başladığı bildirildi. Bu haqda onun vəkili Elçin Sadıqov Azadlıq Radiosuna məlumat vermişdi.

Vəkilin bildirdiyinə görə, B.Məmmədov Bakı Apellyasiya Məhkəməsinin barəsində seçilən həbs qərarını qüvvədə saxlamasına etiraz edir.

Elçin Sadıqov bildirib ki, gənc fəal həmçinin Ombudsman Aparatının onlara işgəncə verilmədiyi haqda bəyanatından kəskin narazı qalıb. Aclıq aksiyası həm də Ombudsmanın bəyanatına etirazdır.

Bayram MəmmədovQiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə, saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin 93-cü il dönümü qeyd edilib.

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir. Bu il isə Gül bayramı təxirə salınmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG