Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:55

Cəbhədə atəş səsləri azalıb


Atəşkəs zonası, Ağdam ərazisi, 19 may 2016

Atəşkəs zonası, Ağdam ərazisi, 19 may 2016

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 15 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndi atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex və Çinari kəndlərindən Azərbaycan ordusunun Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərinin vurulduğu açıqlanıb.

Azərbaycan Müdafiə Nazirliyi mayın 22-dəki açıqlamasında isə atəşkəsin sutkada ərzində 20 dəfə pozulduğunu bildirmişdi.

Mayın 16 da Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG