Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:13

Milli Şura: «Əliyev işğalçının xahişinə əməl etdi»


Milli Şuranın aksiyasından kadr, 30 may 2015
Milli Şuranın aksiyasından kadr, 30 may 2015

Milli Şura Dağlıq Qarabağ problemi ilə bağlı Vyana danışıqlarının yekunlarına dair bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan və Ermənistan prezidentlərinin mayın 16-da Vyanada keçirilən görüşünün nəticələri barədə Azərbaycan cəmiyyətinə məlumat verilməməsi təəssüf doğurur.

Bəyanat müəlliflərinə görə, həmsədrlərin görüşün nəticələrinə dair yekun bəyanatından aydın olur ki, danışıqlar nəticəsində Ermənistan tərəfinin 1994-cü il atəşkəsinin möhkəmləndirilməsi ilə bağlı tələbləri qəbul olunub. Azərbaycanın isə heç bir gözləntisi özünü doğrultmayıb.

«Yekun bəyanatda “erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması prosesinin perspektivi” barədə məlumat və ya ölkənin həyati maraqlarına cavab verən bir ifadə belə yer almayıb. Bu, Azərbaycan siyasi hakimiyyətinin ölkənin milli maraqlarına zidd olan növbəti güzəşti kimi qiymətləndirilməlidir və qəbuledilməzdir. Azərbaycan rəhbərliyi aprel ayında xalqın yüksək vətənpərvərlik ruhu, əsgər və zabitlərin şücaəti, həlak olanların qanı hesabına əldə olunan hərbi üstünlüyü Vyanada danışıqlar masasına yatıra bilmədi. Əksinə, işğal altında olan torpaqları öz gücü ilə azad etməməyə dair öhdəlik götürdü», - deyə Milli Şura bildirir

Bəyanatda həmçinin qeyd edilir ki, Azərbaycan haqlı ikən haqsız duruma salındı, danışıqların yekununa dair bəyanatda işğal faktı və işğalçının məsuliyyəti ilə bağlı heç bir tələb irəli sürülmədi.

“Təəssüf ki, Əliyev rejimi ona torpaqların işğaldan azad olunması naminə savaşda tam dəstək verən Azərbaycan müxalifətinin və xalqının xahişinə deyil, işğalçının xahişinə əməl etdi”, - bəyanatda vurğulanır.

Milli Şurada Azərbaycan Xalq Cəbhəsi Partiyası, vətəndaş cəmiyyətinin təmsilçiləri və bir sıra ziyalılar təmsil olunur.

Mayın 16 da Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

XS
SM
MD
LG