Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:42

«Meldonium» Rusiya idmanını bürüyüb


Meldonium preparatı
Meldonium preparatı

Rusiya idmanını bürüyən dopinq qalmaqalı böyüyür. Ölkə idmançılarının dopinq qəbuluna dövlət səviyyəsində himayənin olduğu barədə iddialar var. Bu iddialar bütövlükdə Rusiya yığma komandasının Rio Olimpiya Oyunlarından kənarlaşdırılması ehtimalını gündəmə gətirib.

Ümumdünya antidopinq qurumu olan WADA Rusiya hakimiyyətinin 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında dopinq laboratoriyasının işinə müdaxilə etdiyi barədə iddiaları araşdırmağa başlayıb. İddialar Rusiyanın antidopinq laboratoriyasının keçmiş rəhbəri, hazırda Birləşmiş Ştatlarda yaşayan Grigory Rodchenkovun həmin laboratoriyanın sabıq əməkdaşı Vitali Stepanovun söylədiklərinə əsaslanır.

BOK bu məsələdə heç kimə zərrə qədər güzəştə getməyəcək

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Thomas Bach iddiaların çox təfərrüatlı və narahatedici olduğunu bildirib. Onun sözlərinə görə, həmin iddialar öz təsdiqini tapsa, bu, dopinq tarixində misli görünməmiş səviyyədə cinayətkarlıq demək olacaq. Həm də idman cəmiyyətində şok effekti doğuracaq.

Cəza təkcə ötən ilin noyabrında dopinq qəbuluna görə yarışlardan kənarlaşdırılmış rusiyalı yüngül atletləri deyil, Rusiyanın bütün olimpiada komandasını əhatə edə bilər. Bunu BOK prezidenti ilk dəfə açıq şəkildə bəyan edib. “Heç kimin, heç bir təmiz idmançının şübhəsi olmasın. Beynəlxalq Olimpiya Komitəsi bu məsələdə heç kimə zərrə qədər güzəştə getməyəcək”, deyə Bach bildirib.

Almaniyanın ARD telekanalı 2014-cü ildə iddialar barədə sənədli film efirə vermişdi. Bundan sonra WADA araşdırmaya başlamışdı. Nəticədə Rusiyanın yüngül atletləri yarışlardan uzaqlaşdırılmışdı. Təbii ki, Moskva atletlərin günahını etiraf edib problemdən az zərərlə çıxmaq istəyib. Ancaq yeni dopinq qalmaqalları onun istəyini gözündə qoyub.

Qanında meldonium aşkarlanan 172 atletdən 30-u Rusiyadandır

Yüngül atletlərdən cəmi bir neçə ay sonra rusiyalı tennisçi Maria Sharapovada qadağan olunmuş meldonium aşkarlanıb. Latvia istehsalı olan, əzmkarlığı və dözümlülüyü artıran bu maddədən Sovet İttifaqı dövründə idmançılar geniş istifadə edib. Ümumilikdə, bu maddə 172 atletin qanında aşkarlanıb. Onların da 30-u Rusiyadandır.

Aprel ayında Rusiya gözlənilmədən ABŞ-da keçiriləcək dünya çempionatına yollanacaq 18 yaşınadək hokkey komandasının bütün üzvlərini dəyişib. Onların hamısının dopinq istifadə etdiyi güman olunur. Qanında meldonium aşkarlanan sonuncu rusiyalı idmançı Aleksandr Povetkin olub. Mayın 17-də elan olunub ki, onun ağır çəkidə boks üzrə dünya çempionluğu uğrunda döyüşü təxirə salınır.

Bütün bunlar azmış kimi, ABŞ-ın CBS telekanalı Soçi Qış Olimpiadasında dopinqlə bağlı yeni faktları üzə çıxarıb. Bundan sonra mayın 10-da WADA yeni təhqiqata başladığını açıqlayıb. Süjetdə Rusiyanın antidopinq laboratoriyasının sabiq rəsmiləri Rodchenkov və Stepanov Soçidə yarışan rusiyalı idmançılardan bir çoxunun, o cümlədən 4 qızıl medalçının dopinqli olduğunu bildiriblər. Onların sözlərinə görə, Federal Təhlükəsizlik Bürosu Olimpiya Oyunlarının antidopinq proqramına müdaxilə edib, Dopinq Nəzarət Rəsmiləri qismində əslində FTB-nin agentləri çalışıblar.

Hazırda Los Angelesdə yaşayan Rodchenkov ötən həftə “New York Times” qəzetinə müsahibə verib. Həmin müsahibədə deyib ki, şəxsən özü Rusiya xüsusi xidmət orqanı əməkdaşlarının köməyilə rusiyalı idmançıların dopinqli sidik nümunələrini təmiz nümunələrlə dəyişdirilməsində iştirak edib.

Bundan əlavə, mayın 17-də BOK bəyan edib ki, 2008-ci il Pekin Olimpiya Oyunlarının iştirakçılarından 31-nin təkrar dopinq nümunəsi pozitiv çıxıb. Həmin idmançılar Rio Oyunlarına buraxılmaya bilər. 31 idmançının adları açıqlanmasa da, onların 12 müxtəlif ölkədən olduğu bildirilib. Onlar arasında rusiyalıların çoxluq təşkil etdiyi güman olunur. BOK 2012-ci il London Oyunlarının iştirakçılarından da təkrar dopinq nümunələri götürüb.

Rusiyanın idman naziri Vitaly Mutko əvvəl-əvvəl iddiaları “absurd” adlandırıb. Yeni dopinq faktlarının üzə çıxması ilə bağlı daha sərt cəza riski yarandıqdan sonra ifadələrini yumşaltmalı olub. O, Rusiyanın təəssüf və utanc hissi keçirdiyini söyləyib. Ancaq bu işdə dövlətin əli olduğu ehtimalını rədd edib. Yenə də bütün günahı atletlərin üzərinə atıb.

XS
SM
MD
LG