Quba-İspik-Xınalıq yolunun hərəkət hissəsi dağlardan qopan qaya parçaları və torpaq kütləsindən tam təmizlənib.
AZƏRTAC-ın xəbərinə görə, bununla da mayın 21-i axşam saatlarından Quba rayonu ilə Xınalıq, Əlik, Haput, Cek, Qələxudat və Bostankeş kəndlərinin nəqliyyat əlaqəsi bərpa olunub.
Mayın 20-i gecə saatlarında Quba - Xınalıq yolunda sürüşmə baş vermişdi. Tonlarla çəkisi olan daşlar sürüşərək yola tökülmüşdü.
Nəticədə Quba rayonu ilə Xınalıqda daxil olmaqla bir neçə kəndin nəqliyyat əlaqəsi kəsilmişdi.
Sürüşməyə səbəb son günlər yağan intensiv yağışlar göstərilirdi.
Qubadakı 6 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, qaya parçaları daha çox yolun 37-ci kilometrliyinə düşmüşdü. Ağırlığı 15-20 ton olan iri qaya parçaları yolun hərəkət hissəsindən kənarlaşdırılıb.
Təbii proseslərlə əlaqədar yaz aylarında bu kimi hallar tez-tez baş verir. Qaya parçalarının və torpaq kütləsinin yolun hərəkət hissəsinə tökülməsi səbəbindən Quba-Xınalıq yolu son vaxtlar təxminən 10 dəfə müvəqqəti bağlanıb.