Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:35

-

Onlar - ata və on üç yaşlı oğlu – bir-birinə məbədə inanan kimi inanırlar və heç vaxt bir-birini aldatmırlar.

Horacio Quiroga

OĞUL

Misionesdə hərarətli və füsunkar bir gündür. Təbiət göz oxşayır. Günəşli və sakit havada ata da təbiət gözəlliyindən həzz alır.

- Ehtiyatlı ol, oğlum - o, sözünü yekunlaşdıraraq oğluna son məsləhətini verir və oğlu da atasını diqqətlə dinləyir.

- Oldu, ata - oğlu tüfəngi götürüb, patronları ciblərinə yığaraq cavab verir.

- Nahara kimi qayıt - ata əlavə edir.

- Yaxşı, ata - oğlu cavab verir.

O, tüfəng əlində atasına gülümsünür, öpüşüb görüşür və yola düşür. Atası oğlunun ardınca baxır, sonra o işini davam etdirir, oğlundan qürur duyur həm də. O başa düşür ki, oğlu uşaqlıq dövrünü başa vurduğundan, hər cür təhlükədən qorunmağın çəmini bilir, tüfəng atmağı, ov ovlamağı da bacarır.

Onun on üç yaşı var, ancaq yaşından çox ucaboy görünür.

Təmiz mavi gözləri uşaq sadəlövhlüyü və təəccübü isə onun xeyli gənc olduğundan xəbər verir.

Ata gənc oğlunun yaşına görə çox irəli getdiyini düşünərək, gözlərini gördüyü işdən ayırmadan davam edir.

Oğlan indi qırmızı xətti keçmişdir və meşənin quşların çox olduğu hissəsinə tərəf irəliləyir. Meşədə xəzli ayı ovlamaq üçün onun kiçik oğlundan bir az da hövsələli olmaq lazımdır ki, buna nail olasan.

O, meşənin təcrid edilmiş sahəsini keçəndən sonra bataqlıqdan xeyli aralıdakı tikanlı ağaclar olan yerə qədər gedəcəkdi, göyərçinləri, dostu Conun bir neçə gün əvvəl bu yerlərdə ilk dəfə görmüş olduğu bir cüt vağı da axtaracaqdı.

İndi tək qalmış ata iki oğlunun ov həvəslərini gözünün qarşısına gətirərək azacıq gülümsünür. Bəzən onlar ancaq yakutoro, ya da çox balaca surucua quşu vurub geri qayıdırlar, bu silahları - doqquz millimetrlik tapançanı, bir də on alti kalibrli St. Etienne silahını, ağ-qara barıtı və s. ona təpədəki kiçik daxmada bir vaxt Con vermişdi.

Onun da həyatı belə keçmişdi. On üç yaşından silahı vardı. Oğlu da indi həmin yaşdaydı, ata bunu yadına salıb qımışır.

Arvadını itirmiş və anasız oğul böyütmüş ata üçün heç də asan deyildir. Çətinlik həmişə insanın yol yoldaşıdır, ancaq hər şey adamın özündən asılıdır. Gözünün nuru da get-gedə azalır, qarabasmalar onu arabir girinc edir, ov qurşağını tarazlayarkən oğlunun emalatxanasında gülləni çəkiclə döyəclədiyini də görür.

O, qəflətən çox da uzaq olmayan məsafədən güllə səsi eşidir.

“St.Etienne silahıdır" - səsi tanıyır, - “Meşədə daha iki göyərçin azaldı.”

Ata öz işinə davam edir.

Günəş artıq çoxdan çıxıb, şəfəqləri artmaqdadır. Baxsan görərsən ki, qayalarda, torpaqda, ağaclarda, havada elə bil soba yanır, hərarətin çoxluğu sanki hər şeyi yırğalayır.

Ata saatına baxır, artıq günortadır. Başını qaldırıb meşəyə tərəf baxır. Oğlu gərək indiyə qayıtmış olaydı. Onlar - ata və on üç yaşlı oğlu – bir-birinə məbədə inanan kimi inanırlar və heç vaxt bir-birini aldatmırlar.

Oğlu “yaxşı, ata”- deyə onu arxayınlaşdırmışdı, əlbəttə, sözünü xatırlayacaq, o dedi ki, saat on iki olmamış qayıdacaq və elə onda da ata gülümsünmüşdü.

Oğlu isə hələ qayıtmamışdır. Birdən o başa düşür ki, artıq üç saat olar güllə səsi eşidib, bu da çoxdan olub. Ata ondan sonra heç bir səs eşitməyib, heç gözünə quş da dəyməyib.

Ata papaqsız və silahsız çölə qaçır. O, kəsə yolla yüyürür, meşəyə daxil olur, tikanlıları arxada qoyur, ancaq oğlunun izinə heç yerdə rast gəlmir.

O, bataqlığı–zadı vecinə almır, elə hey gedir və bilir ki, hər addım onu bədbəxtliyə aparır, o yerə ki, öldürülmüş oğlunun cəsədini tapacaq.

“Oğlum!” - o, qəflətən haray çəkir.

Əgər bir adamın səsi onun ağlamağını bildirirsə, qulaqlarımızı tutaq ki, o təlaşlı səsi eşitməyək. Heç kəs cavab vermir.

Heç nə yoxdur. Günəşin qıpqırmızı etdiyi ləpirin izi ilə indi ölmüş oğlunu axtaran atanın artıq on ildir ki, qocaldığı aşkarca görünür.

“Oğlum, oğlum!”— fəryadı ata qəlbinin dərinliyindəki sonsuz övlad sevgisindən xəbər verir.

Bir dəfə xoş günlərin birində ata qarabasmadan əziyyət çəkərkən sarı rəngli güllənin oğlunun alnından deşik açdığını da görmüşdü.

İndisə o meşənin hər yerində işıq naqilinin parıltısını görür, şalbanın yanında qədimi fitilli tüfəng də var, həm də görür ki, öz...

“Oğlum! Balam!..”

Fiziki cəhətdən güclü görünən yazıq atanın qorxulu qarabasmasının da həddi vardı, bizim bu hekayəmizdə o özünə gəlir və qəflətən görür ki, oğlu cığırın qırağı ilə gəlir. Dəli kimi qaç-qovla gələn on üç yaşlı silahsız uşaq atasının əlli metrliyindədir.

“Mənim balaca oğlum,”—kişi pıçıldadı.

Üzülmüş ata ağ quma sərələnmişdi, gəncin ayaqları isə onun qolları üstündəydi. Uşaq atasının qolları arasında, dizlərinə yaxın olsa da başına əl çəkərək, anlayır ki, atası dərd içindədir.

“Yazıq atam!”

Vaxt ötdü. Saatın üç olmasına var hələ. İndi ata və oğul geriyə - evə qayıdırlar.

“Necə oldu ki, günün batmağını hiss eləmədin, görmədin ki, gecdi daha?”- ata astaca soruşdu.

“Bilmədim, ata... Elə qayıtmaq istəyirdim ki, Conun vağlarını gördüm və onlara baxa-baxa qaldım.”

Uzun sükutdan sonra:

“Bəs vağlar necə oldu? Sən vurdunmu onları?” - ata soruşur.

“Yox...”

Keyfi saz ata öz boyunca olan oğlu ilə bərabər evə qayıdır.

Özünü nasaz hiss etməsinə baxmayaraq, gülümsəyir, amma tər onu aparır və bu xoş qarabasma içində gülümsünür...

Ata təkdir. Heç kimi tapmayıb, qollarını yellədə-yellədə gedir. Arxada ayaqları tikanlı məftilə dolaşmış sevimli oğlu isə səhər saat onda ölüb.

İngiliscədən tərcümə edən: Divanə Ozan Təklə/ Ağayar Xələf oğlu

Günün bütün mövzuları

XS
SM
MD
LG