Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:32

Cəbhə xəttində dağıdılmış evlər bərpa edilir


-

Aprel ayında cəbhədə baş verən hərbi əməliyyatlar zamanı dağılmış evlərin bərpasına başlanılıb.

ANSPress-in xəbərinə görə, Goranboyun təmas xəttinə yaxın yerləşən Tapqaraqoyunlu ən çox ziyan çəkən kəndlərdəndir. Həmin kənddə 237 evə ziyan dəydiyi bildirilir. Təmir işlərinin 3 kateqoriyaya bölgü ilə aparıldığı deyilir.

İlk kateqoriyaya daxil edilən evlər Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin xətti ilə yenidən tikilir.

İkinci kateqoriyaya daxil olan evlər isə bərpa edilir. Artıq 5 evin bərpa edildiyi deyilir. Digərlərində bərpa işlərinin başa çatmaq üzrə olduğu bildirilir.

Üçüncü kateqoriyaya aid olan evlər qismən zərər gördüyündən, sakinlərə lazımi inşaat materialları verilir.

Agentlikdən verilən məlumata görə, Tapqaraqoyunlu kəndindəki bütün evlərin bərpa işləri bir aydan sonra tamamilə yekunlaşacaq.

Bundan başqa, Ağcabədi, Ağdam rayonunda da zərər dəyən evlərin təmirinin davam etdiyi bildirilir.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Azərbaycan tərəfi bildirir ki, aprel döyüşləri zamanı Ermənistan silahlı bölmələrinin artilleriya zərbələri nəticəsində cəbhə xəttinə yaxın Tərtər, Ağdam, Goranboy və Ağcabədi rayonlarında yüzlərlə ev ya tamamilə, ya da qismən dağılıb.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər gedib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

XS
SM
MD
LG