Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:03

Bir dəfə məqalə yazmışdım... (Ülvi Bünyadzadənin tərcüməsi)


Stalin qəzet oxuyur, 1920
Stalin qəzet oxuyur, 1920

-

Nə qədər çalışırdım, bir şey alınmırdı. Bu zaman beynimdə gözəl bir ideya yarandı


Leonid Averyanov

NECƏ MƏŞHURLAŞMAQ OLAR

İllüstrasiya
İllüstrasiya

Bir dəfə məqalə yazdım. Bir neçə gündən sonra redaksiyadan mənə zəng vurub dedilər ki, məqalə çox maraqlı çıxıb və onlar məqaləni qəbul edirlər. Ancaq mən etiraz etməsəm, bir az dəyişdirərlər, çünki qəzetin formatı və istiqaməti bunu tələb edir. Əlbəttə, mən etiraz etmədim.

İki həftədən sonra məqalə çap olundu. Yalnız imzamı görəndə bildim ki, məqalə mənimdi. Sonluğunu dəyişmişdilər, başlanğıcını isə tamamilə atmışdılar. Yalnız orda-burda axşamlar əziyyətlə yazdığım ifadələrin bəziləri gözə dəyirdi. Ancaq mən etiraz etmirdim. Başlıcası — qəzetdə məqaləm çap olunmuşdu və mən onu fəxrlə bütün qohumlara və tanışlara göstərirdim.

Bir həftədən sonra mənə özgə qəzetdən zəng vurdular. Mənə hörmət hissini gizlətməyən bir səs bildirdi ki, qəzetdə çap olunmuş yazım çox xoşlarına gəlib, onlara da həmin səpkidə bir məqaləm lazımdır. Çox şad oldum və söz verdim ki, material bu həftənin içində göndəriləcək.

Həftə keçdi, ancaq məqalə hazırlanmamışdı. Nə qədər çalışırdım, bir şey alınmırdı. Bu zaman beynimdə gözəl bir ideya yarandı: çap olunmuş məqalənin birinci variantını göndərmək. Çünki o, çap olunmuş məqaləyə qətiyyən oxşamırdı. Elə də etdim. İki gündən sonra həmin xoşagələn səs material üçün təşəkkürünü bildirdi və əlavə etdi ki, etiraz etməsəm, materialı bir az dəyişdirərlər. Dedi ki, bunu qəzetin formatı tələb edir.

Etiraz etməyi lazım bilmədim. Məqaləni yalnız onun qonorarı göndəriləndə oxudum; blankdan öyrəndim ki, məqalə qəzetin hansı nömrəsində çap olunub. Bundan əvvəl qəzeti sətir-sətir oxuyurdum ki, bəlkə məqaləmə rast gələm. Ancaq əbəs yerə. İndi hər şey aydınlaşdı. Məqalə bütünlüklə yenidən redaktə olunmuşdu və qəzetin istiqamətinə uyğun idi. Nə demək olar. Görünür, orada işinin mahir ustaları əyləşiblər.

Məqaləni böyük hərisliklə oxudum. Sərlövhə dəyişdirilmiş, əvvəl axıra, axır əvvələ köçürülmüş, orta isə yenidən yazılmışdı. Bundan başqa, redaktorlar məqaləyə yeni familiyalar, faktlar və rəqəmlər əlavə etmişdilər.

Material parladı. Məni tərifləməyə başladılar. İşdə məqaləni xorla oxuyurdular. Hətta onun kollektiv müzakirəsini də təşkil etdilər.

Bir həftədən sonra mənə artıq hörmətli bir jurnaldan zəng vurub təklif etdilər ki, istədiyim mövzuda bir material işləyim. Ancaq yaxşı olar ki, elə qəzetdə çap olunmuş məqalənin mövzusunda bir şey göndərim. Əvvəlcədən xəbərdar etdilər ki, jurnalın özünəməxsus xarakteri və geniş oxucuları var. Ola bilər ki, göndərilən materialda bəzi dəyişikliklər edilsin.

Mən də özgə material olmadığına görə elə birinci variantı göndərdim.

Zəng edib xahişlərinə dərhal əməl etdiyim üçün təşəkkür etdilər və gözlədiyim kimi dedilər ki, materialda kiçik düzəlişlər lazımdır. Habelə bildirdilər ki, mənə əziyyət verməmək üçün düzəlişləri özləri edəcək. Razılaşdım.

Məqaləni korrekturasına qol çəkəndə gözlərimə inanmadım. Yalnız sərlövhə yerində qalmışdı, qalan hər şey yenidən yazılmışdı. Ancaq necə! Özüm heç zaman belə yaza bilməzdim.

Mənim məqaləmin üzərində işləyən əməkdaş çox diqqətli imiş. Məni öz həmkarları ilə tanış etdi, hətta baş redaktora da istedadlı jurnalist kimi təqdim etdi. Mən etiraz etmədim. Əks təqdirdə, redaktorumu çətin vəziyyətə sala bilərdim.

Jurnaldan sonra təkliflər bir-birinin ardınca gəlirdi. Elə gün olmurdu ki, zəng etməsinlər. Mən evdə olmayanda isə sifarişləri arvadım qəbul edirdi. Onu mənim katibəm hesab edirdilər. Arvadımla tanışlıq yaradır, xoşuna gəlməyə çalışır, gül və konfet hədiyyə gətirirdilər. O isə hədiyyələri məmnuniyyətlə qəbul edir və söz verirdi ki, qəzet və ya jurnal tezliklə istədiyi materialı alacaqdır. Və alırdılar da. Hamısı da bir neçə il bundan əvvəl yazdığım həmin birinci variantı, mən onu təmiz vicdanla göndərirdim.

Çünki dərc olunan yeni məqalələr həmin variantdan o qədər fərqlənirdi ki, sanki yenidən yazılmışdı.

Bu üsulla bir neçə il ərzində mənim böyük sayda, müxtəlif janrda, üslubda, istiqamətdə, lakin eyni mövzuda məqalələrim çap olundu.

Çox hörmətli bir nəşriyyat təklif etdi ki, ən yaxşı materialları seçib kitab buraxım. Razılaşdım. Kitab çıxdı, ancaq orijinaldan o qədər fərqli idi ki, tezliklə ikinci, daha sonra isə üçüncü kitabımı çap etdirdim.

20 yanvar şəhidi Ülvi Bünyadzadə
20 yanvar şəhidi Ülvi Bünyadzadə

Mən artıq elmlər doktoru, professoram. Namizədlik dissertasiyam kitablarımdan biri oldu. Elmi rəhbərim və resenzentlər onun üzərində o qədər yaxşı işləmişdi lər ki, ilk mənbədən bir şey qalmamışdı və yeni iş yaranmışdı.

Birinci variant isə doktorluq dissertasiyama lazım oldu. Opponentlərin və resenzentlərin əməyi sayəsində o iki cilddə çap olundu. Artıq onun dövlət mükafatına təqdim olunması haqqında söz-söhbət gedir.

Hazırda qərara gəlmişəm ki, əsərlərimin tam külliyyatını buraxdırım. Onun hazırlanması ilə böyük bir nəşriyyatın bütöv şöbəsi məşğuldur.

Orada o qədər adam işləyir ki, ümidvaram, iki-üç ildən sonra əsərlərimin ikinci nəşrini çap etdirim. Ancaq ikiqat həcmdə. Birinci yarısı redaktədən sonrakı, ikinci yarısı isə köhnə variantdan ibarət olacaq.

...Bax beləcə.

...Mən bir dəfə məqalə yazmışdım...

Qaynaq: Bu yazı ilk dəfə "Literaturnaya gazeta"-da çap olunub. Şəhid Ülvi Bünyadzadə onu xoşlayaraq 1988-ci ildə tərcümə edib, sonralar "Azərbaycan gəncləri", "Ulduz" jurnalları şəhidin arxivindən tapılmış bu tərcüməni çap ediblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG