Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:31

-

Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin şikayətini rədd edib.

İlahiyyatçı ev dustaqlığına buraxılmamasına görə, aşağı məhkəmə instansiyasının qərarından şikayət vermişdi.

Onun vəkillərindən Cavad Cavadov Azadlıq Radiosuna hakim Faiq Qasımovun rayon məhkəməsinin qərarını ədalətli hesab edərək qüvvədə saxladığını deyib.

T.Bağırzadənin ev dustaqlığına buraxılmaması haqda qərarı Nəsimi Rayon Məhkəməsi vermişdi.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanıb. Həmin əməliyyat zamanı 2 polis, 5 mülki şəxs həlak olub.

Prokurorluq bildirmişdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə, ümumilikdə 70 nəfər şəxs saxlanıb. Bu 70 nəfərdən daha yüngül maddələrlə ittiham edilənlərdən bəzilərinin məhkəməsi başlanıb və iki nəfərə hökm oxunub. Onlar 2 il 6 ay həbs cəzası alıblar.

Tale Bağırzadənin istintaqının yekunlaşmaq üzrə olduğu bildirilir. Vəkillərinin bu günlər deməsinə görə, ilahiyyatçıya qarşı əlavə ittihamlar irəli sürülüb. Cavad Cavadov deyirdi ki, T.Bağırzadə həm də qəsdən adam öldürmə cinayətində ittiham olunur.

“Ona qarşı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, gəzdirmə) maddələri ilə yeni ittiahm irəli sürülüb”

T. Bağırzadə buna qədər Cinayət Məcəlləsinin 214-cü (terrorçuluq), 220-ci (kütləvi iğtişaş, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham edilirdi.

Habelə, ona qarşı 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələr üzrə ittihamlar irəli sürülmüşdü.

Bunlardan başqa, ona qarşı 283-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələr ilə də ittiham irəli sürüldüyü deyilirdi.
Taleh Bağırzadə ittihamların hamısını qəbul etmir, onları cəfəngiyat adlandırır.

«Müsəlman Birliyi» Hərəkatı dövlət qeydiyyatından keçməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG