Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

►“Düşünürdüm, o dərəcədə də olmaz, yəni əgər bunu gözlə görürsənsə, necə danmaq olar?"

"İstəyərdim hamı necə, Bayram da elə olsun. İstəməzdim səsini qaldırsın."

“Əvvəllər kiminsə uşağının narkotiklə tutulduğunu eşitsəydim, deyərdim, “yəqin, olub ki, tutublar”, ona işgəncə verildiyini desəydilər, inanmazdım, qəribə gələrdi, deyərdim, “belə şey olmaz”. Amma uşağımın başına gələndə bildim ki, hər şey başqaymış. Çox şeylər varmış, uzaq olmuşam...”

Narkotik ittihamı ilə saxlanılan, gənc fəal Bayram Məmmədovun anası Sevinc Məmmədova belə deyir. Birdən ümidlə danışır, “ona qıymazlar” deyir, birdən də ümidini itirdiyini...

Həlimdir, sevgi doludur, narahatdı, yeri gələndə qətiyyətlidir, mətanətlidir, yeri gələndə dözümsüzdür – bütün analar kimi. Dalğındır, səksəkə içindədir - balası darda olan analar kimi.

– Bayramı hələ görməmişəm. Görmək üçün ürəyim gedir, heç olmasa, 10 dəqiqə görüm onu. Ancaq icazə yoxdur. Birinci məhkəmədə atası da, əmisi də getmişdi. Dedilər ki, “mümkün deyil”, onları yaxına da buraxmayıblar... Ona verilən işgəncələrə, sağlamlığına görə daha çox narahatam. Bilmək istəyirəm vəziyyəti necədir. Başqa heç nə istəmirəm. Dünən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etdim. Ona insanlığa uyğun gəlməyən işgəncələr verildiyini bildirdim. Qeydiyyata götürdülər, ancaq bu haqda məlumatlı olduqlarını da dedilər. Çox narahatam. Bilmirəm neyləyim ondan ötrü. Ürəyim partlayır. Dünən Bayramla telefonla danışanda da dedim ki, “bilmirəm neyləyim”. Vəziyyətindən xəbərim yoxdur. Bəlkə qolu, ciyəri şişib, bəlkə... Onun hansı işgəncələrlə üzləşdiyini biləndən sonra başına gələcəkləri anlayıram. Əgər onu o hündürlükdən yerə çırpıblarsa, döyüblərsə, aydın məsələdir ki, buna bədən dözməz.

– Dediniz ki, Bayramla telefonla danışmısız. Özü nə dedi sizə?

– Onun səsini eşidəndə haya-küyə düşürəm, bilmirəm neyləyim, nə deyim, özüm də təlaş içində qalıram. Ümumilikdə, deyim ki, ağladı-sızladı, harasınınsa ağrıdığını söylədi, yox. Ancaq o ağrısa da mənə bildirməyəcək, səsinin tonu ilə belə ağrısını büruzə verməz.

____________________________________________________________

Bunlara da bax:
Leyla Əliyeva professor oldu- [Fotolar]
Sərhəd qoşunlarının irimiqyaslı təlimləri keçirilib- [Video]

____________________________________________________________

Ombudsman Elmira Süleymanova

Ombudsman Elmira Süleymanova

– Ombudsman aparatının əməkdaşları oğlunuzla görüşüb və bədənində xəsarət izlərinə rastlanmadığını bildiriblər. Oğlunuzun dedikləri təkzib edildi. Bunu oxuyanda siz nə düşündünüz?

– Oğlum telefonda dedi ki, “mən Ombudsman aparatından gələnlərə xəsarət izlərini göstərirdim, amma onlar başqa yerin şəklini çəkirdilər”. İnanırdım Ombudsman aparatına, yəni düşünürdüm, o dərəcədə də olmaz, yəni əgər bunu gözlə görürsənsə, necə danmaq olar? Səlahiyyəti çatır axı düzgün qiymət verməyə. İnanırdım ki, gördüyünü yazacaq. Ancaq düşündüyümün tam əksi oldu, qəti şəkildə işgəncə olmadığını deyir. Belə şeylər məni sıxır. Ümidimi itirməyə başlayıram. Ruhdan düşürəm...

– Vəkilin sözlərinə görə, ombudsman aparatının rəyinə və məhkəmənin qərarına etiraz olaraq Bayram bu gündən aclığa başlayıb...

– Xəbərim yoxdur. İmkanim çatsa, aclığı dayandırmasına nail olardım. İstəmərəm aclıq etsin. Bu mənə ikinci zərbə oldu. Çalışıram hər həftə yanına nəsə aparım, mən də onda rahat oluram, “uşağım bu gün nəsə yedi” deyə bilirəm. Ancaq aclıq etməsinə mən özüm dözə bilməyəcəm. İstəmirəm aclıq etsin... Gedim məhkəmənin qabağında dizlərimi yerə qoyum, ağlayımmı? Deyirsiz ki, aclığa başlayıb. Çox pis oldum... Heç olmasa, ona verilən işgəncələr üzə çıxsın. Onu gözləyirəm ki, qayıtsın gəlsin. Hər gün gözləyirəm onu, hər gün. Ümidim var, Allah haqqdır.

– Sizə bu xəbəri çatdırdığım üçün bağışlayın məni.

– Atası deyəcəkdi onsuz da.

– İşgəncə xəbərini eşidəndə yəqin daha çox sarsılmısız?

– Bu xəbəri eşitmək dözülməz idi. Bir anlıq hər şey mənim üçün durdu. Onun tutulmağını onsuz da qəbul etmirdim. Amma işgəncə haqda xəbər gələndə elə bil hər şey dayandı. Kim nə deyirdi, nə edirdi, mənə çatmırdı. Kimsə mənə təsəlli vermək istəyəndə deyirəm ki, “yüz adam ola, mən onsuz da təkəm, heç nə məni sakitləşdirmir”. Bir onun səsini eşidəndə təskinlik tapıram, bir də öz əlimlə ona yemək aparanda.

– Bayramı görsəniz...

– Qapım açılıb kimsə desə ki, “Bayram gəlir”, ev qapısından küçəyə qədər dizin-dizin gedərəm. Amma ümidliyəm. Mənə elə gəlir... Mənə elə gəlir ki, ona qıymayacaqlar elə də. Bu dörd aydan sonra gələcək elə bilirəm... Aclığı da bir tərəfdən çıxdı... Gərək bu haqda düşünməyəydi. İndi o qədər zəifləyib, bir az da aclıq etsə, axırı nə olacaq?

– Əvvəllər narkotiklə tutulan fəallar haqda oxumuşdunuz?

– Oxumamışam. Hər şeyin acısını, həqiqətin necə olduğunu öz uşağımdan gördüm. Bəlkə də əvvəl kiminsə narkotiklə tutulduğunu, ona işgəncə verildiyini bilsəydim... Qəribə gələrdi, deyərdim, “belə şey olmaz, narkotik varmış ki, saxlayıblar, tutublar”, amma uşağımın başına gələndə bildim ki, hər şey başqaymış. Çox şeylər varmış, uzaq olmuşam...

– Qınayırsız Bayramı?

– Çox qınayıram. Düzünü deyim sizə, qınayıram. İstəyərdim hamı necə, o da elə olsun. İstəməzdim səsini qaldırsın. Onun işgəncə çəkdiyi, hər şeyi itirdiyi üçün... Nə bilim, bizim onunla bağlı arzularımız vardı, onların qabağına çəpər çəkdiyi, öz yolunu bağladığı üçün qınayıram. Mən ona bir çırtma vurmazdım, amma gör hansı işgəncələrə məruz qaldı. Bilmirəm dəyərmi, dəyməzmi?.. Demirəm o zəng edəndə danlayıram, olandan sonra nəsə demək gecdi, birinci onun sağlamlığıdır. Mən onun yanındayam. Ancaq elə şey var ona bağışlamadım, çox əziyyət çəkmişik onun yolunda... Kimsə məni qınayır ki, “necə olub bunu bilməmisiz”, amma o, başqa uşaq idi, onu yolundan, fikrindən daşındırmaq heç vaxt mümkün olmayıb. Bəlkə əqidəsini, düşüncəsini bilmiş olsaydım belə, ona təsir edə bilməzdim. O dörd divarın arasında da yenə öz fikrindən dönmür, mən nə edə bilərdim ki. O da belə uşaqdır.

FORUMA QATIL - OMBUDSMANA ETİBAR EDİRSƏN? (FİKRİNİ DE)

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (20 may)

Türkmən kəndləri intensiv bombalanır
“Maddi maraq olmayandan sonra qoyunları niyə qırxaq ki?”

BAX: Günün əsas hadisələri TV proqramımızda (20 may)

Keçmiş siyasi məhbusun Ombudsman "macərası"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG