Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:08

►Türkmən dağında şiddətli döyüşlər gedir

“Mayın 18-də Assad rejiminin hücumlarında 4 türkmən döyüşçü həlak oldu. Bu gün Homsun, Hamanın türkmən kəndləri də rejimin bombardmanlarına məruz qalıb. Mayın 19-da Homsda bir türkmən ailəsindən 13 dinc şəxs ölüb”

Fevralın 27-də Suriyada atəşkəs razılığı əldə olunsa da, qanlı toqquşmalar davam edir. Rəsmən elan olunmuş atəşkəsə baxmayaraq, ən çox qanlı döyüşlər haqqında xəbərlər türkmənlərin də sıx yaşadığı Hələbdən gəlir. Son bir neçə gündə türkmən bölgəsi olan Türkmən dağında da döyüşlər şiddətlənib.

Suriya Türkmən Məclisinin sədri Abdurrahman Mustafa AzadlıqRadiosuna bölgədəki son durumdan danışıb:

– Fevralın 27-də Suriyada atəşkəs elan olunsa da, bu, ancaq sözdə atəşkəsdir, yerinə yetirilmir. Türkmən dağında isə heç vaxt atəşkəs olmayıb. Mayın 18-də Assad rejiminin hücumlarından 4 türkmən döyüşçü həlak oldu. Döyüşlər davam edir. Bundan başqa bu gün (mayın 20-də-red.) Homsun, Hamanın türkmən kəndləri də rejimin bombardmanlarına məruz qalıb. Mayın 19-da Homsda bir türkmən ailəsindən 13 dinc şəxs ölüb. Suriyanın Türkiyə ilə sərhədindəki türkmən kəndlərində də həm İŞİD-lə (İslam Dövləti silahlı qruplaşması – red.), həm də PYD (Suriya kürdlərinin Demokratik Birlik Partiyası – red.), həm də YPG (PYD-nin silahlı qanadı-red.) ilə döyüşlər gedir. Bütün Suriya ərazisində türkmənlərin qətliamı davam edir. Hazırda beynəlxalq qüvvələrin Suriya ilə bağlı layihələri də var.

– Bu layihələrdə türkmənlərin yerini necə görürsünüz?

– Biz türkmənlər Suriyanın parçalanmasını istəmirik. Ölkənin ərazi bütövlüyünü müdafiə edirik. Çünki türkmənlər Suriyanın hər yerində yaşayır. Bayırbucaqda, Hələbdə, Homsda, Rakkada, Dəməşqdə, Deraada, hər yerdə türkmənlər var. Biz bilirik ki, türkmənlərin müdafiəsi Suriyanın ərazi bütövlüyünün qorunması ilə təmin oluna bilər. Beynəlxalq layihələr isə türkmənlərin demoqrafik quruluşunun dəyişməsinə xidmət edir. YPG, PYD terror qrupları İraqın şimalını alan kimi türkmənləri sürgün elədi, Assad rejimi Homsda, Hamadan türkmənləri sürgün elədi. Onlara görə, bu layihələrdə də türkmənlərə yer yoxdur. Ona görə də türkmən bölgələrində qanlı döyüşlər davam edir.

Suriyada türkmən döyüşçülər

Suriyada türkmən döyüşçülər

– Türkmənlər Suriya müxalifəti tərkibində Assad rejiminə qarşı mübarizə aparır. Suriya ilə bağlı beynəlxalq müzakirələrdə də türkmənləri siz təmsil edirsiniz. Bu müzakirələr haqqında nə deyə bilərsiniz?

– Cenevrədə üç dəfə keçirilən müzakirələrin üçündə də iştirak etmişəm. Ancaq irəliyə heç bir addım atılmır. Çünki Rusiya həm Assadi müdafiə edib qətliamları davam etdirir, həm də beynəlxalq arenada üstünə böyük rol götürüb. Əslində, Rusiya Assadin qalmağından ötrü mübarizə aparır. Cenevrədə 3 müzakirənin heç birində hansısa irəliləyiş olmadı.

– Bu danışıqların davamı olacaqmı?

– Suriya Türkmən Məclisinin də yer aldığı Suriya müxalifəti münaqişənin siyasi yolla həllini istəyir. Bu həll də Suriyanın ərazi bütövlüyü, demokratiya, insan haqlarının təminatına söykənməlidir. Bu, beş ildən artıqdır öz xalqının qanını tökən, özü yetmirmiş kimi, bu işdə beynəlxalq qüvvələrdən də istifadə edən bir cinayətkarın hakimiyyətdə qalması ilə mümkün deyil. Suriyada bu illər ərzində 600 min adam ölüb, 10 milyon adam ev-eşiyindən didərgin düşüb, yüz minlərlə adam həbsə atılıb. Suriyanın böyük bir hissəsinə humanitar yardımlar çatdırıla bilmir. Belə bir vəziyyətdə Assadin çətiri altında siyasi həll mümkün deyil. Müzakirələr isə davam edəcək. Çünki beynəlxalq qüvvələr başqa alternativ görmür. Bu gün müxalifət bu müzakirələri qəbul etməsə, Suriya rejimi özünün yaratdığı müxalifəti qabağa çıxara bilər. Müxalifət isə münaqişənin həllini istəməməkdə ittiham oluna bilər. Ona görə də müzakirələr davam etməlidir. BMT də tələb edir ki, həbsdə olanlar azad edilsin, humanitar yardmlar çatdırılsın, mülki şəxslərə hücumlar dayandırılsın. Ancaq belə görünür ki, nə Suriya rejimi, nə Rusiya, nə də İran heç vaxt bu tələbləri yerinə yetirməyəcək. Çünki dinc adamların qətli hələ də davam edir. Bölgələrə humatitar yardımların çatdırılması təmin olunmur, həbsdəkilərdən də azad edilənlər olmayıb. Əksinə, həbs olunanların sayı artıb.

____________________________________________________________

Bunlara da bax:
Amnistiya aktı Milli Məclisdən keçdi
Türkiyənin gələcək baş naziri Binali Yıldırım kimdir?

____________________________________________________________

– Hələbdəki türkmən kəndlərinin vəziyyəti necədir? Siz həmişə çıxışlarınızda “Hələbin təhlükəsizliyi Türkiyənin cənub sərhədlərinin təhlükəsizliyi, Bayırbucağın təhlükəsizliyi, Hatayın təhlükəsizliyidir” deyirsiniz...

– İŞİD mayın 19-da yenə bizə hücum edib. Üç türkmən kəndini alıb. Orda da türkmənlər həm YPG və PYD terror qrupu ilə, həm də İŞİD-lə mübarizə aparır. Hələb şəhərində isə həm İŞİD, həm də Assad rejiminə qarşı mübarizə davam edir. Bəli, biz iki ildir deyrik ki, türkmənlərin təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir. İndi terror qrupları Türkiyəni təhdid edir, Kilisə raketlər atır, Türkiyənin daxilində terror törədir. Suriya türkmənlərinə atılan bombalarla, Kilisə atılan bombalar eyni oyunun nəticəsidir. Biz iki-üç ildir ki, bunu deyirdik. Təəssüf ki, bu gün dediklərimiz doğru çıxır, İŞİD Kilisi hədəf seçib. Cənub-şərqdə də YPG ilə PKK eyni şəkildə Türkiyəni təhdid edir.

– Hazırda türkmənlər Azad Suriya Ordusu tərkibində, yoxsa müstəqil vuruşur?

– Bizim öz müstəqil birliklərimiz var. Hələbdə Sultan Murad Diviziyası, Türkmən dağında da İkinci Sahil Diviziyası Suriya Türkmən Məclisinin çətiri altındadır. Suriya müxalifətinin bir hissəsi olduğumuzdan Azad Suriya Ordusu ilə birlikdə mübarizə aparırıq. Amma bizim birliklərimiz sırf türkmən birlikləridir.

– Bir müddət əvvəl türkmənlərin Türkiyəyə köçü sürətlənmişdi. Köçlə bağlı hazırkı durum necədir?

– İndi Türkmən dağında mülki adamlar qalmayıb. Çünki qalmaqları mümkün deyil. Hələbin türkmənlər yaşayan kəndləri İŞİD-in nəzarətindədir. Biz ordakı yerlərimizi tərk etmirik. Çünki elə düşmənlərimiz də bölgədəki demoqrafik quruluşu dəyişdirmək üçün yerlərimizdən çıxmağımızı gözləyirlər. Hələbdə 142 türkmən kəndi var. Mənim kəndim – Daşlıyük kəndi də ordadır. Hələb bölgəsində 300 minə yaxın dinc sakin qalır. İŞİD-in zülmü altında olsa da, bu kəndlərin əhalisi hələ də qalır. 6-7 aydır Azez bölgəsinin şərqində də türkmənlər İŞİD-lə mübarizə aparır. Ancaq Türkmən dağında dinc adam qalmayıb.

– Dediniz ki, türkmən birlikləri həm PYD, YPG, həm Assad rejiminə, həm də İŞİD-ə qarşı mübarizə aparır. Qüvvələri yetirmi?

– Bizim gənclər əzimlidir. Bu qədər həlak olanlara baxmayaraq, Türkmən dağında hələ də mübarizə aparırlarsa, mübarizlərinin haqlı olduğuna inanırlar. Mübarizədən əl çəkmirlər. Biz də onlara lazım olan siyasi dəstək veririk. Çünki ora bizim torpaqlarımızdır. Biz min illər boyu yaşadığımız torpaqlarımız uğrunda vuruşuruq. Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik. Anca indi belə görünür ki, Suriya parçalanmağa doğru gedir. Əgər Suriya parçalanacaqsa, PYD öz bufer bölgəsini quracaqsa, türkmənlərin də özlərinə məxsus layihələri müzakirə edilməlidir.

– Bu müzakirələrlə bağlı hansı fikirlər var?

– Türkmənlər də öz statuslarını müzakirə etməlidir. Bunu da türkmən toplumu özbaşına edə bilməz, indiyə qədər nə PYD, nə Kosovo öz gücünə nəsə edə bilib. Bizim də Türkiyə Respublikası ilə milli-mənəvi bağlarımız var. Güclü Türkiyə dövlətinin Suriyada türkmənlərin min illər yaşadıqları torpaqlarında mövcudluqlarını davam etdirmələrinə gərəkən dəstəyi göstərəcəyinə inanırıq.

Günün bütün mövzuları

XS
SM
MD
LG