Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:18

►D18 Hərəkatı Ankarada həbsdə olan araşdırmaçı jurnalist, Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıla və digər siyasi məhbuslara azadlıq tələbi ilə aksiya keçirib.

Hərəkatın Türkiyə təmsilçiliyinin məlumatına görə, bu məqsədlə Ankaradakı Azərbaycan səfirliyinin önündə mətbuat konfransı keçirilməsi qərarlaşdırılıb.

Ancaq səfirliyin işçiləri, mühafizə xidməti konfransın keçirilməsinə imkan verməyiblər. Bununla belə konfransın səfirlik binasına yaxın ərazidə gerçəkləşdirildiyi bildirilir.

Hərəkatın rəhbəri Ruslan İzzətli çıxışında Azərbaycanda 100-ə yaxın siyasi məhbusun olduğunu deyib.

“Siyasi məhbusların siyahısına baxsanız, orda siyasi partiya təmsilçilərinin, jurnalistlərin, gənclərin və inanclı kəsimin nümayəndələrini görə bilərsiniz. Bu insanların tək bir gunahı var, o da fərqli düşünmələridir. Bu düşüncələrinə görə də, hakimiyyət onları həbs edib. Həbs edilənlərin içərisində jurnalist Xədicə İsmayıl da var. 27 may Xədicə xanımın ad günüdür. Bununla əlaqədar dünyanın 40 şəhərində aksiyalar keçiriləcək. Hərəkatımızın Ankara təmsilçiliyi də səfirliyin önündə mətbuat konfransı keçirtmək istədi. Ancaq təəssüflər olsun ki, səfirlik buna imkan vermədi”.

____________________________________________________________

Bunlara da bax:
Amnistiya aktı Milli Məclisdən keçdi
Türkiyənin gələcək baş naziri Binali Yıldırım kimdir?

____________________________________________________________

Hərəkat rəhbəri maneələrə rəğmən Türkiyə xalqına, siyasi partiya və mətbuata səslənərək Azərbaycanda demokratiya mübarizəsinə dəstək olmalarını istəyib.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. Apellyasiya Məhkəməsinin bu qərarından kassasiya şikayəti verilib və həmin şikayətə mayın 25-də saat 14.30-da Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyilə baxılacaq.

Xədicə İsmayıl ittihamları rədd edir və jurnalist fəaliyyətinə, özəlliklə, prezident və ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə, cəzalandırıldığını bildirir.

"Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı Xədicə İsmayılı "vicdan məhbusu" elan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG