Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:54

YUĞ Teatrı və «Aloff Theatre» birgə tamaşa göstərəcək


«Oyuncaq evi»
«Oyuncaq evi»

-

YUĞ Dövlət Teatrı yeni layihə üzərində işi başa çatdırır.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, kollektiv İngiltərənin Aloff Teatrı ilə birgə yeni tamaşa hazırlayıb.

Ünlü Norveç yazarı, intellektual dramın parlaq təmsilçilərindən olan Henrik İbsenin pyesi əsasında hazırlanan «Oyuncaq evi» tamaşasının prodüseri Sənan Əliyev, quruluşçu rejissoru, Metyu Zak Paneş, rəssamı Olqa Yaroşdur.

Dünyanın ən böyük incəsənət festivalı sayılan Edinburq Festivalının İdarə heyətinin üzvü olan Metyu Zak Paneş rejissor, aktyor, yazıçı, şair və prodüser kimi fəaliyyət göstərir. Metyu «PBH Free Fringe» festivalının bədii rəhbəridir. O, müəllif-ifaçı kimi dünyanın müxtəlif ölkələrində çıxış edib, mükafatlar qazanıb. Ən məşhur işləri: «Jason», «300 birə qarşı», «Sevgi həqiqətən incidir», «Cinayət sirri» və s-dir. 2014-cu ildə onun mono pyesləri çapdan çıxıb. Metyu Londonda fəaliyyət göstərən avanqard «Second Skin» Teatrında çalışıb. 2017-ci ildə Britaniya turuna hazırlaşan «Pit və Dud geri dönür» tragikomediyası üzərində işləyir.

Xəbərdə bildirilir ki, İbsenin məşhur əsəri Azərbaycana uyğunlaşdırılıb.

Adaptasiyanın və yeni səhnə redaksiyasının müəllifi Nik Aude pyesdə baş verən hadisələri XIX əsrin Norveçindən Xəzərin qoynundakı Bakıya, yeni qurulmuş Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtına köçürüb. Tamaşada baş verən hadisələr dünyanın ilk neft bumu mərkəzlərindən biri olmuş şəhər üçün əlamətdar dəyişikliklər ili olan 1927-ci ildə Bakıda cərəyan edir.

Pyesi Azərbaycan dilinə Aloff Teatrının direktoru Sənan Əliyev çevirib.

«Oyuncaq evi» tamaşasında YUĞ Dövlət Teatrının aktyorları Natəvan Qeybani, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov və Könül Cəfərzadə çıxış edirlər.

Tamaşanın premyerasımayın 20-də saat 20.00-də və mayın 21-də saat 17.00-da YARAT Müasir İncəsənət Mərkəzində (Ünvan: Bakı, Səbail r-nu, Bayıl qəsəbəsi. Dövlət Bayrağı Meydanının yaxınlığı) keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG