Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:27

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 10 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndindən Azərbaycan ordusunun Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində yerləşən mövqelərinin vurulduğu açıqlanıb.

Bundan başqa, Azərbaycan ordusunun Goranboy rayonu ərazisindəki mövqelərinin də atəşə tutulduğu qeyd edilir.

Azərbaycan Müdafiə Nazirliyi iki gün əvvəlki açıqlamasında sutka ərzində atəşkəsin 123, dünən isə 26 dəfə pozulduğunu bildirmişdi.

Dörd gün əvvəl Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.
Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG