Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:41

►Bir vəkilinə onunla görüşünə imkan verirlər, digər vəkilinə yox.

Vəkil Tofiq Allahverdiyev Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovla görüşüb.

T. Allahverdiyev APA-ya bildirib ki, Naxçıvanın Penitensiar Xidmətinin istintaq təcridxanasında saxlanan V. Ələsgərovun şəraiti normaldır, hər hansı şikayəti yoxdur.

Vəkil V. Ələsgərovun barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan apellyasiya şikayəti verəcəklərini də deyib.

Ötən ilin oktyabrında Milli Təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılandan sonra, bu qurum ətrafında bir sıra proseslər baş verdi. Nazirliyin bir çox rəhbər şəxsi həbs edildi. Ötən il dekabrın 14-də isə prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyini ləğv etdi. Bu qurumun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradıldı.

Naxçıvanda da yeni yaradılan quruma rəhbər Vəli Əsgərov yox, Fazil Ələkbərov təyin edilmişdi.

Bunun ardınca sabiq nazir həbs olunmuş, sonradan ev dustaqlığına buraxılmışdı.

Sabiq nazir ev dustağı olarkən onun vəkillərindən Vüqar Xasayev demişdi ki, V.Ələsgərov təhqir və işgəncələrə məruz qalıb. Özünün və qohumlarının əmlakları əlindən alınıb. Bu məsələ ilə bağlı Baş Prokurorluğa müraciət edib. Ancaq onun müraciəti Naxçıvana göndərilib. O, işin Bakıda araşdırılmasını istəyirdi.

Keçmiş nazirin başqa bir vəkili Tofiq Allahverdiyev isə demişdi ki, Vəli Ələsgərovla görüşmək məqsədi ilə aprelin 26-da Naxçıvana gedib. Ancaq muxtar respublikanın dövlət təhlükəsizlik xidmətinin iki əməkdaşı onu məcburi şəkildə hava limanına gətirərək, Bakıya yola salıblar. Bu dəfə isə Tofiq Allahverdiyev hər hansı müdaxilədən danışmayıb.

Vəli Əsgərov ötən həftə ev dustağı ikən vəkilləri ilə skayp-la danışması əsası ilə yenidən həbs edilib.

Vəkil Vuqar Xasayev demişdi ki, sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda və mənimsəmədə ittiham edilir:

“Ona qarşı CM-nın 179.3.2 ( mənimsəmə), 308.1 ( qulluq mövqeyindən sui-istifadə etmə) və 309.1 maddələri ( vəzifə səlahiyyətlərini aşma) ilə cinayət işi açılıb”

Vugar Xasayev mayın 19-da isə Azadlıq Radiosuna açıqlamasında V.Ələsgərovun durumu ilə bağlı indi hər hansı bilgiyə sahib olmadığını deyib.

"Təəssüflər olsun ki, məni onunla görüşə buraxmırlar. Mən vəkil orderimi təqdim etsəm də V.Əsgərovla görüşməyimə imkan vermirlər" - vəkil bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG