Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:10

-

Mayın 19-da Ağdam rayonu Baş Qərvənd kəndinin şimalındakı Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti monitorinqin insidentsiz başa çatdığını bildirir.

Məlumatda qeyd edilir ki, monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun keçirilib.

Nazirlik bir gün əvvəl bildirirdi ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsinin səhra köməkçisi Khristo Khristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri Hans Lampalzer keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqdə ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Peter Svedberg, Simon Tiller və YSPQ-in nümayəndəsi Andrey Barashkin iştirak edəcəklər.

Qoşunların təmas xəttində sonuncu belə monitorinq mayın 11-də keçirilmişdi.

Mayın 16-da Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər. Həmçinin qeyd edilib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətləri genişləndiriləcək.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG