Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:38

Cəbhədə atəş səsləri azalıb


Qarabağda erməni əsgər.
Qarabağda erməni əsgər.

-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 26 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz və Aşağı Seyidəhmədli kəndləri atəşə tutulub.

Bundan başqa, Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqelərinin də vurulduğu açıqlanıb.

Azərbaycan Müdafiə Nazirliyi bir gün əvvəlki açıqlamasında isə sutka ərzində atəşkəsin 123 dəfə pozulduğunu bildirmişdi.

Üç gün əvvəl Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.
Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

XS
SM
MD
LG