Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:25

►Krım – nənənin həsrəti, nəvənin xəyalı...

Sürgündə doğulmuş Krım tatarı bu gün də doğma torpaqlara gedə bilmir. Rusiyanın Krımı ilhaqından sonra ancaq turist kimi gedə bilər

“Nənələrim və babalarım 1944-cü ilin bu günü – mayın 18-də öz vətənlərindən, Krımdan sürgün olunub. Mən sürgündə – Özbəkistanın Səmərqənd vilayətinin Katakurqan şəhərində doğulmuşam. Sürgündə doğulan Krım tatarlarının ikinci nəslindənəm. Anam, atam da sürgündə doğulub”.

Bakıda yaşayan Krım tatarı Elvina Murzayeva atasının, babasının, özünün sürgün hekayəsinə bu sözlərlə başlayır.

“Nənəm Krımdan ağlaya-ağlaya danışırdı”

“Nənəmlə babam uşaqlıqda bizə Krımdan çox danışrdılar. Nənəm həmişə ağlaya-ağlaya danışırdı. Sürgün vaxtı onun 12 yaşı olub, anası sürgündə vəfat etmişdi. Deyirdi, heç meyitini basdırmağa da icazə verməmişdilər. Meyiti necə olmuşdu, bilmirlərmiş. Həmişə deyirdi ki, “görəsən necə oldu, hardadır?” Həmişə nigaran idi. Bunları danışanda həmişə ağlayırdı. Bir də onu xatırlayıram, “Qurani-Kərim”dən 2-3 səhifə var idi, həmişə şkafda bizdən gizlədirdi. Bir gün həmin səhifələri tapdım. Nənəmdən soruşdum ki, “bu nədir?” Qorxdu ki, uşağıq, hardasa danışa bilərik. Dedi, “böyüyəndə başa salaram””.

____________________________________________________________

Bunlara da bax:
Qiyas İbrahim: “Şalvarımı çıxardılar və dubinka mənə yaxınlaşdılar"
Yəhudi icmasının rəhbərinin evinə basqın- $395 min

____________________________________________________________

“Krım xəyalımızda çox istədiyimiz şey idi”

Krım Elvinanın nənəsinin həsrəti, uşaqlığının xəyalı olub:

“Anamın anası balıqçı kəndində yaşayıb. Həmiçə Krımın balıqlarını xatırlayırdı. Deyirdi, “kaş o balıqlar olsaydı, yesəydik...” Krımın necə gözəl havasının olmasından gözləri dola-dola elə danışırdı ki... Rəhmətlik atam həmişə deyirdi ki, “biz burda, Özbəkistanda yaşamayacağıq, vətənimizə qayıdacağıq”. Onun vətən mübarizəsini görürdüm. Bizim evə atamın dostları gəlirdi. Yığışıb söhbətlər eləyirdilər. Atam deyirdi ki, “bu haqda heç kimə demə. Çünki KQB-nin nəzarəti altındayıq”. Uşaqlıqdan bunları eşidirdim. Necə ki, uşaq xəyalında çox istədiyi bir şeyi canlandırar a, bax, Krım da bizim xəyalımızda olan o çox istədiyimiz şey idi. Ora qayıdanda doğrudan çox xoşbəxt idik. Çünki Özbəkistanda ürəklə “bura vətənimdir” deyə bilmirdim. Krımda isə bunu can rahatlığı ilə deyə bilirdim”.

İlhaqdan sonra Krım tatarlarının vəziyyəti çox pisləşib

Sonralar Elvinanın atası Özbəkistandakı bütün qohumlarını Krıma aparıb. Elvina özü isə 1989-cu ildən 1991-ci ilə qədər orada yaşayıb. Bakıya gəlib türkologiyanı oxuyub. Burada yaşasa da, Ukrayna vətəndaşıdır, qeydiyyatı da Krımadır:

“Yayda, qışda tətildə həmişə gedirdim. Sonuncu dəfə 2013-cü ildə olmuşam, ilhaqdan sonra getməmişəm. Hazırda iki bacım orda yaşayır, danışırıq. Bacılarım danışır ki, ilhaqdan sonra Krım tatarlarının vəziyyəti çox pisləşib. Təzyiqlər edilir, milli siniflər çox çətinlik çəkir. Kəndimizdə milli siniflər var idi, indi də var, ancaq çətindir. Bacım deyir, ilhaq vaxtları daha çox uşaqları məktəbdə sıxışdırırmışlar. Elə indi də vəziyyətləri elədir. Bir ara bacıma deyirdim ki, bəlkə Ukraynanın başqa şəhərlərindən birinə köçəsiniz. Dedi “bizim köçəcək başqa yerimiz yoxdur, vətənimiz Krımdır. Burası bizim vətənimizdir, Krım bizim torpağımızdır”. Onlar Cankoy rayonunun Mirnovka kəndində yaşayır. Ordan heç kim getməyib. Sadəcə, yeni gerçəklərə alışmağa, yaşamağa çalışırlar. İndi də Krım tatarlarının evlərində axtarış aparmağa gəlirlər. Bacımın həyat yoldaşı kəndin imamıdır. Dini məsələlərə görə də axtarışlar aparılır. Bu haqda soruşanda deyir, “gəl, bu mövzuda danışmayaq”. Xalam, bibim, bütün qohumlarım ordadır”.

Vətənə turist kimi gedə bilər

Rusiyanln Krımı ilhaq etməsindən sonra Elvinanın taleyinə yenə də vətəndən uzaq yaşamaq düşüb. Deyir, ancaq turist kimi gedə bilər:

“Ora Ukrayna vətəndaşı kimi 90 günlük turist vizası ilə gedə bilərsən. Ondan artıq olmaz. Bacılarımdan biri müəllimdir. Müəllimlərin pasportunu ilk vaxtlarda Rusiya pasportu ilə dəyişdirdilər, yoxsa işdən çıxmalıymış. Dövlət işində işləyənlər ilhaqın lap əvvəlində pasportları dəyişmək məcburiyyətində qalıblar. Krımda yaşayırsansa, buna məcbursan. Əgər dəyişdirməsən, evinin, maşınının sahibi ola bilməzsən. Penyaçısansa, təqaüdünü ala bilməzsən. Kiçik bacım işləmir. Ancaq o da pasportunu dəyişməsəydi, uşaq pulu ala bilməzdi. Hətta xəstəxanaya belə gedə bilməzdi”.

Bu da Elvina Murzayevanın Krım hekayəsi. Özü demiş, başıbəlalı Krım hekayəsi.

Günün bütün mövzuları

XS
SM
MD
LG