Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:50

-

Bu gün Bakıda, ADA Universitetində II Avropa Birliyi-Azərbaycan biznes forumu keçirilir.

Forumda hökumət üzvləri, Avropa Birliyinin Bakı ofisinin və müxtəlif şirkətlərin təmsilçilərinin iştirak etdiyi bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, iqtisadiyyat naziri Şahin Mustafayev forumda deyib ki, Avropa Birliyi Azərbaycanda əsas kapitala 20 milyard dollar investisiya yatırıb.

Nazir bildirib ki, Avropa Birliyi Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. Onun deməsinə görə, 2015-ci ildə xarici ticarət dövriyyəsində Avropa Birliyinin payı 47.5 faiz olub. Bu ilin birinci rübündə isə bu rəqəm artıq 43 faizdir.

Nazir qeyd edib ki, Avropa Birliyinin Azərbaycanda yatırdığı kapitalın 2.7 milyard dolları qeyri-neft sektoruna aiddir.

«Biz çalışırıq ki, iqtisadiyyatın inkişafını qeyri-neft sektoruna yönəldək. «Cənub qaz dəhlizi» AB-nin əsas infrastruktur layihələrindən biridir. Ölkə iqtisadiyyatında son 10 ildə neft sektorunun payı 60 faizdən 10 faizə düşüb. Özəl sektorun payı isə 80 faizi ötüb», - deyə Ş.Mustafayev qeyd edib.

«ƏLAQƏLƏR GÜNDƏN-GÜNƏ İNKİŞAF EDİR»

APA-nın xəbərinə görə isə, Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, Azərbaycanla əlaqələr gündən-günə inkişaf edir: «Bu əlaqələr gündən-günə inkişaf edir. Azərbaycan qədim və zəngin ənənələri olan ölkədir. Azərbaycanda bir sıra iqtisadi islahatlar aparılır. Ölkə iqtisadiyyatını diversifikasiya etmək istiqamətində cəhdlər artır. Bu, bazara marağı olan Avropa şirkətləri üçün daha çox imkan yaradır. Avropa Birliyi ümumi ticarətdə 44 faiz paya sahibidir. AB islahatların aparılması istiqamətində hökumətin göstərdiyi cəhdləri dəstəkləməyə hazırdır. Bu biznes-forum şirkətlər arasında şəbəkələşməni artıracaq, ticari-iqtisadi əlaqələri daha da dərinləşdirəcək. 300-ə yaxın Avropa şirkəti bu tədbirdə iştirak edir. Ümid edirəm ki, bu təşəbbüslər növbəti illərdə davam edəcək. Azərbaycanla ticarət və iqtisadi əlaqələrin inkişafına daim öz töhfəmizi verməyə hazırıq».

Forumda Azərbaycanda biznes və investisiya mühiti mövzusunda fikir mübadiləsinin aparılacağı bildirilir. Forum çərçivəsində keçiriləcək panellərdə əsas diqqətin kənd təsərrüfatına, nəqliyyata, logistika və turizm sektoruna veriləcəyi qeyd edilir.

Ancaq müstəqil ekspertlər düşünür ki, Azərbaycanla Avropa Birliyi arasında siyasi əlaqələr heç də yüksək səviyyədə deyil. Azərbaycan Avropa Birliyi ilə «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

«Şərq Tərəfdaşlığı» Proqramını 2008-ci ilin mayında Avropa Birliyinin üzvləri- Polşa və İsveç irəli sürüb.

Proqramının əsası 2009-cu ildə Praqada qoyulub. O, Avropa Birliyi ilə sözügedən altı tərəfdaş ölkənin münasibətlərinin gücləndirilməsinə xidmət edir.

Azərbaycan rəsmiləri isə son illər bəyan edirlər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

Müxalifət hakimiyyətin bu mövqeyini siyasi və iqtisadi islahatlardan qaçmaq kimi yozur.

Günün bütün mövzuları

XS
SM
MD
LG