Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:46

-

“Manatın devalvasiyasına görə, krediti olan vətəndaşlara dəymiş zərərin bütünlükdə vətəndaşların üzərinə qoyulması qeyri-məqbuldur. Zərərin ödənilməsində vətəndaşın, bankların və hökumətin aktiv iştirakı vacibdir”.

Vətəndaş cəmiyyəti qurumları rəhbərləri, hüquqçu və jurnalistlərdən formalaşmış Sivil Toplum Platformasının mayın 17-də yaydığı açıqlamada belə deyilir.

Açıqlamada qeyd edilir ki, problemin həllini banklarla əhalinin öhdəsinə buraxmaq çıxış yolu deyil.

“ Son dövrlər kredit ödəməməyə görə, intihar hallarının artması, insanların əmlaklarının əllərindən alınması kimi neqativ hallar gündəmi zəbt edib. Hətta, həbs nümunələri də müşahidə edilməkdədir. Kredit götürən şəxslər və zaminlər məhkəmələrlə qorxudulur, iş yeri, qohumları, ailələri vasitəsilə onlara psixoloji təsirlər edilir” - deyə açıqlamada bildirilir.

Platforma hesab edir ki, krediti olan vətəndaşlara dəyən zərər kompensasiya edilməlidir. Ancaq kompensasiya mexanizmi xarici valyutada olan istehlak kreditlərinə şamil edilməlidir.

Platforma bu məsələlərin həllindən ötrü təkliflər də verir: “21 fevral 2015-ci il tarixə qədər götürülən kreditlər üzrə vətəndaşlar hər bir dollara görə, 1.05 manat ödəyir. Hökumət isə ödənilən hər 1 dollara görə, banklara 25 qəpik məbləğində kompensasiya verir. 21 fevral – 21 dekabr 2015-ci il tarixləri aralığında götürülən kreditlər üzrə isə vətəndaşlar hər 1 dollara görə, banklara 1.20 manat, hökumət isə 20 qəpik kompensasiya ödəyir ”

Ötən il Azərbaycanda iki dəfə devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında təqribən iki dəfə dəyər itirib. Birinci devalvasiya ötən il fevralın 21-də baş verib. Bununla bir dollar 78 qəpikdən 1 manat 5 qəpiyə yüksəlib. İkinci devalvasiya isə dekabrın 21-də olub. Onda da bir dollar bir manat 5 qəpikdən 1 manat 55 qəpiyə qədər yüksəlib.

Hazırda problemli kreditlərin 1,5 milyard manata çatdığı bildirilir.

İqtisadçılar bildirirlər ki, hökumət 250 milyon dollar ayırsa dollarla kredit götürən vətəndaşlara devalvasiya nəticəsində dəyən ziyanı aradan qaldırılar. Ötən il bəzi deputatlar hökumətdə dollarla kredit götürənlərə güzəşt edilməsi ilə bağlı müzakirələrin getdiyini bildirmişdilər. Ancaq sonra Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov dollarla kredit götürənləri məyus edən açıqlama verdi.Azərbaycan Mərkəzi Bakının sədri Elman Rüstəmov dedi ki, hökumətdə komanda mövqeyi ondan ibarətdir ki, bu, maliyyə intizamını poza bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG