Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:12

-

Mayın 17-də Salonikidə Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisinin başlamasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Mərasimdə Yunanıstanın baş naziri Aleksis Tsipras, ABŞ Dövlət Departamentinin beynəlxalq energetika məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn və Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçin iştirak etdiyi bildirilir.

Azərbaycandan bu mərasimdə baş nazirin birinci müavini Yaqub Eyyubovun və daha bir neçə şəxsin iştirak etdiyi qeyd edilir. Trans-Adriatik Qaz Kəmərinin direktoru Yen Bredşou, bu konsorsiumuna daxil olan şirkətlərin - BP, SOCAR, Snam, Fluxis, Enagas və Axpo-nun nümayəndələrinin də toplantıya qatıldığı açıqlanır.

Mərasimdə çıxış edənlər layihənin əhəmiyyətindən danışıblar.
Sonra TAP-ın təməlinə qoyulacaq boruya imzalar atılıb.

TANAP və TAP layihələri «Cənub Qaz Dəhlizi»nin ayrı-ayrı hissələrini təşkil edir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır. Uzunluğu 878 kilometr olacaq TAP kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz-2» yatağından hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılmasında böyük imkanlar yaratmalıdır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olmalıdır və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), «Snam S.p.A.» (20 faiz), «Fluxys» (19 faiz), «Enagás» (16 faiz) və «Axpo» (5 faiz).

Qaz kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG