Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38

-

Bu yaxınlarda məndən soruşdun ki, niyə hər yerdə səndən qorxmağımdan danışıram

Franz Kafka

ATAMA MƏKTUB

(Vilayət Hacıyevin alman dilindən tərcüməsi)

Franz Kafka

Franz Kafka

Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya) dincələrkən yazmış, ancaq onu nədənsə ünvanına göndərməmişdi.

Maraqlıdır ki, ölümündən sonra Kafkanın ədəbi-bədii irsini bütövlükdə oxuculara çatdıran dostu Maks Brod da bu məktubu yazıçının "Məktublar"ına deyil, bədii əsərlərinin cərgəsinə daxil etmişdi. Əslində, belə də olmalı idi, çünki Kafkanın atasına məktubu onun 1910-cu ildən müxtəlif insanlara, müxtəlif ünvanlara göndərdiyi məktublardan (demək olar ki,onların çoxu çap olunub və 700 kitab səhifəsindən çoxdur!) seçilir.

Daha doğrusu, bu məktub avtobioqrafik səciyyə daşımasına baxmayaraq, şəxsi münasibətlər çərçivəsini aşaraq bəşəri dəyərlər baxımından, ümumiyyətlə, insan münasibətlərinin təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Əlyazmasında məktubu bacısı Ottloya ünvanlamışdı ki, sahibinə çatdırsın, amma göndərməmişdi.

Ümumiyyətlə, Kafka onu bir neçə dəfə göndərmək və ya kiminsə vasitəsilə sahibinə çatdirmaq istəsə də, həmişə son anda fikrindən daşınmışdı. Bir neçə il sonra çex jurnalisti və onun əsərlərinin çex dilinə tərcüməçisi Milena Yesenskaya (bu qadın həm də onun növbəti uğursuz məhəbbəti idi!) yazdığı məktub da sübut edirdi ki, Kafka onu hələ göndərməyib: "Sabah "Atama məktub”u sənin ev ünvanına göndərəcəm. Onu yaxşı saxla, bəlkə, nə vaxtsa atama verəsi oldun..."

Görəsən, bu məktubu niyə göndərməmişdi? Bəlkə, çoxlarının düşündüyü kimi, bundan sonra atası ilə münasibətlərinin daha da kəskinləşəcəyindən çəkinmişdi?

Xeyr, inandırıcı deyil, çünki bütün ömrü boyu tənhalıqda, dərin mənəvi iztirablar, qorxu, vahimə hissləri içində yaşamağa məhkum olunmuş, öz doğma ata evində ögey uşaq kimi böyümüş, xüsusən də həmişə Praqanın yüksək cəmiyyətində yer tutmaq, yüksək mənsəbə çatmaq arzusu ilə yaşayan və bütün bunları da başqa bir aləmdə yaşamaq üçün dünyaya gəlmiş, fiziki cəhətdən zəif, həssas, kövrək, zərif duyğulu oğlundan tələb edən atası ilə münasibətləri, az qala, düşmənçilik səviyyəsinə çatmış və beləliklə də bütün yaradıcılığı həyatından doğulmuş" (D.V Zatonski) Kafka, atasının elə bil qəsdlə onun bütün arzu-istəklərinə qarşı çıxmasını, onu mənən əzməsini 1912-ci il sentyabrın 22-dən 23-nə keçən gecə birnəfəsə, beşcə saata yazdığı "Hökm" novellasında, bir az sonra "Çevrilmə"də, daha sonra da digər əsərlərində bütün çılpaqlığı ilə təsvir etmişdi və bu münasibətlərin daha da pisləşəcəyindən qorxmazdı...

Görünür, heç kəsin bilmədiyi ayrı bir səbəb də varmış. Elə bir səbəb ki, Kafka onu özü ilə qəbrə apardı...

Vilayət Hacıyev

Əziz ata!

Bu yaxınlarda məndən soruşdun ki, niyə hər yerdə səndən qorxmağımdan danışıram.

Həmişə olduğu kimi, yenə də cavab verə bilmədim.

Bir tərəfdən ona görə ki, səndən qorxuram, digər tərəfdənsə, bu qorxunun səbəblərini izah etmək üçün bir cox xırdalıqlara getmək lazımdır və mən də sözlə bunun hamısını ifadə edə bilməzdim.

İndi sənə yazılı cavab vermək istəsəm də, yenə ürəyimdən keçənlərin hamısını deyə bilməyəcəyəm, çünki yazanda da səndən qorxmağım, hələ də bu qorxudan əzab çəkməyim buna imkan verməyəcək, çünki demək istədiklərim yaddaşımın, zəkamın tutumundan çoxdur.

Sənə bu məsələ həmişə adi görünüb. Ən azı mənə, ya da heç bir fərq qoymadan başqalarına bu barədə danışanda... Sən təxminən belə düşünübsən: bütün ömrün boyu işləyib, özünü uşaqlarına, ən çox da mənə qurban vermisən, mən isə sənin sayəndə "kef içində" yaşamışam, azad şəkildə istədiyim sahəni oxuyub-öyrənmişəm, yemək-içmək sarıdan korluq çəkməmişəm, ümumiyyətlə, heç bir çətinlik görməmişəm. Bütün bunların əvəzində isə heç vaxt "sağ ol" gözləməmisən, çünki uşaqların "sağ ol"unun nə demək olduğunu yaxşı bilibsən, hətta adi bir nəvaziş, mehribanlıq belə ummayıbsan. Bütün bunların əvəzində mən həmişə səndən gen gəzmişəm, otağıma, kitablarımın, səfeh dostlarımın yanına, gurultulu ideyalarımın ardınca qaçmışam.

Heç vaxt səninlə açıq danışmamışam, heç vaxt sinaqoqa sənin yanına getməmişəm, Fransensbadda müalicə olunanda səni yoluxmamışam, heç vaxt özümü sənin ailənin üzvü hesab eləməmişəm, alverindən, eləcə də başqa işlərindən xəbərim olmayıb, fabrikin işlərini sənin üstünə atmışam, sonra da başımı götürüb getmişəm, Ottlonun tərsliyinə dəstək vermişəm, sənin üçün heç nə eləməsəm də (hətta bircə dəfə teatra bilet almasam da), dostlarım üçün hər şey eləmişəm.

Əgər məni mühakimə eləmək istəsən görərsən ki, mənə ədəbsizliyimi və ya hər hansı bir pis hərəkətimi (bəlkə də axırıncı dəfə evlənmək istəyim istisna olunmaqla) irad tutmursan...

İradın yalnız soyuqluğuma, yadlaşmağıma, nankorluğumadır... Və elə tərzdə də irad tutursan ki, guya bunun günahı yalnız məndədir, guya sükanı başqa səmtə döndərsəydim, hər şey də başqa cür olardı, sənin burda zərrə qədər də günahın yox imiş, mənə qarşı həmişə yaxşı olubsan...

Sənin düşüncələrinin yalnız bircə tərəfilə razılaşıram ki, - çünki mən özüm də elə fikirləşirəm - bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur. Ancaq, eyni zamanda, mən də günahkar deyiləm. O vaxt səni buna inandıra bilsəydim, bəlkə də hər şey başqa cür olardı. Yox, yeni bir həyata başlaya bilməzdik, çünki bunun üçün ikimizin də yaşı keçmişdi, ancaq yenə də, bir növ, sülh şəraitində yaşaya bilərdik, sənin o əbədi iradların qurtarmasa da, bir az yumşalardı...

Qəribədir ki, bəzən mənim nə demək istədiyimi əvvəlcədən duyursan. Məsələn, bu yaxınlarda mənə dedin: "Başqa atalar kimi üzdə göstərməsəm də, səni həmişə çox istəmişəm və bunu də ona görə belə eləmişəm ki, özümü yalandan başqa cür göstərə bilmirəm."

Ümumiyyətlə, götürəndə, mənə münasibətin heç vaxt pis olmayıb, ata, ancaq başqaları haqqında dediklərinlə razılaşmıram. Düz deyirsən, sən özünü başqa cür göstərə bilmirsən, amma yalnız buna görə "başqa atalar özlərini üzdə başqa cür aparırlar" deməyin ya xalis inadkarlıqdır, ya da - məncə, bu daha düzdür - bizim aramızdakı soyuq münasibətin bürüncəkli ifadəsidir və belə münasibəti, günahsız da olsan, sən yaratmısan. Əgər sən də belə düşünürsənsə, deməli, ikimiz də eyni fikirdəyik.

Əlbəttə, bununla heç də demək istəmirəm ki, mən bu gün necəyəmsə, təkcə sənin təsirinlə olmuşam. Onda çox şişirtmiş olardım (hərçənd mən belə şişirtməyə bir az meyilliyəm). Lap elə də ola bilərdi ki, sənin təsirindən kənarda sərbəst böyüyər, ancaq sən istəyən kimi olmazdım. Yəqin ki, yenə də çəlimsiz, qorxaq, qətiyyətsiz, sakit olardım və nə Robert Kafkaya, nə də Karl Hermana oxşayardım, hər halda indiki kimi deyil, tamam başqa adam olardım, onda da bir-birimizi çox yaxşı başa düşərdik. Sən mənim ya dostum, ya şefim, ya əmim, ya babam, ya da lap elə (hətta tərəddüd etsəm də) qayınatam olsaydın, özümü xoşbəxt sanardım. Ancaq bir ata kimi mənim üçün çox ağır oldun və ən çox da ona görə ki, qardaşlarım balaca ikən öldülər, bacılarım isə dünyaya gec gəldilər, deməli, bu ağırlığı tək çəkməli oldum, halbuki belə ağırlıq üçün çox zəif idim.

Sən ikimizi də müqayisə et: qısa desək, damarlarımdan Kafka qanı axsa da, mən Kafkalara xas olan həyat eşqilə, əməllərlə, fatehlik arzusu ilə deyil, Lövilər nəslinə məxsus, adamı gizli-gizli, qorxa-qorxa əks tərəfə çəkən, bəzən də tamamilə sönüb gedən bir həvəslə yaşamışam.

Sən isə, əksinə, əsl Kafka kimi güclü, sağlam, iştahalı, qalın səsli, danışmağa qabil olan, özündənrazı, qətiyyətli, dözümlü, zamanın nəbzini tutan, insanları tanıya bilən, müəyyən mənada səxavətli adamsan və əlbəttə, coşqun, bəzən də tündməcaz olduğun üçün, bütün bu üstünlüklərin tərkib hissəsi kimi səhvlərdən, zəif cəhətlərdən də xali deyilsən. Ancaq ümumi dünyagörüşü baxımından Filipp əmi, Ludviq əmi, Haynrix əmi1 ilə müqayisədə, bəlkə də xalis Kafka deyilsən.

Qəribədir ki, bunun niyə belə olduğunu mən də başa düşmürəm. Axı onlar çox şən, gümrah, sərbəst, qayğısız idilər və sənin kimi də ciddi deyildilər (Yeri gəlmişkən, bu xasiyyətlərinin çoxu mənə də keçib, lakin sənin təbiətindəki ziddiyyətlər məndə olmadığından həmin mirasdan yaxşı istifadə edə bilməmişəm.) Ancaq yəqin ki, bu baxımdan sənin də günlərin bir-birinə bənzəməyib, uşaqların - ən çox da mən - ümidlərini doğrultmadığı və bu səbəbdən də öz evində sıxıldığın günlərə qədər (ancaq evə qonaq gələndə, başqa cür olurdun) sən də gülərüz olubsan və ola bilsin nəvələrin, kürəkənin, bəlkə, Valli istisna olunmaqla, öz övladlarından ala bilmədiyin hərarəti sənə veriblər. Hər halda biz başqa-başqa adamlar idik və bizim belə başqa-başqa adamlar olmağımız hər ikimiz üçün o qədər təhlükəli idi ki, kimsə yavaş-yavaş böyüməkdə olan mənlə artıq böyüyüb başa çatmış sənin münasibətlərinin gələcəyi barədə danışmalı olsaydı, deyərdi ki, məni didik-didik eləyəcəksən, bircə sağ tikəm də qalmayacaq. Ancaq belə olmadı, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır, bundan da betər oldu. Bununla belə, səndən bir xahişim var: unutma ki, səni heç vaxt heç nədə günahlandırmıram. Mənə eləməli olduğun qədər təsir edibsən, ancaq elə bilmə ki, acıqla bu təsirdən kənara çıxmamışam.

Mən qorxaq uşaq idim, həm də bütün başqa uşaqlar kimi inadkar... Düzdür, anam məni bir az ərköyün böyüdürdü, ancaq inanmıram ki, elə çətin uşaq olmuşam. İnanmıram ki, bircə xoş sözlə, adicə bir nəvazişlə, üzümə xoş baxmaqla mənə istədiyini elətdirmək mümkünsüz olaydı.

Sən, əslində, mərhəmətli, yumşaq adamsan (indi deyəcəyim bunu heç də inkar etmir, çünki burda mən yalnız sənin uşağa təsirindən danışıram), ancaq bütün uşaqların hamısında o qədər səbr, cəsarət olmur ki, oturub həmin mərhəməti gözləsin. Sən uşaqla yalnız öz təbiətinə uyğun rəftar edə bilərsən: zorla, çığır - bağırla, hövsələsiz... Və həmin vaxt bu üsul sənə yaxşı görünürdü, çünki məni güclü, qorxmaz bir oğlan kimi tərbiyə etmək istəyirdin.

Əlbəttə, mənim lap uşaqlıq çağlarımda istifadə etdiyin tərbiyə üsullarını olduğu kimi təsvir edə bilmərəm, ancaq sonrakı illərdə gördüklərimə, eləcə də Felikslə2 rəftarına əsaslanıb onları təsəvvürümə gətirirəm. Bu anda ilk nəzərə çarpan sənin o vaxt indikinə nisbətən daha gənc, qıvraq, coşqun, qayğısız olmağındır və onda bütün varlığınla öz alverinə bağlanmışdın, səni gündə bir dəfə güclə görə bilirdim, ona görə də mənə təsirin daha çox olurdu, çünki həmin təsir adətə çevrilmirdi.

Ancaq o ilk illərdən bircə hadisəni xatırlayıram. Bəlkə sənin də yadında qalmış olar... Bir gecə tez-tez ulamağa başladım ki, su istəyirəm. Ancaq susadığıma görə yox, həm sizi əsəbiləşdirmək, həm də kiminləsə danışmaq üçün belə eləyirdim. Bir-iki dəfə bərk hədələsən də, xeyri olmadı və onda gəlib məni yorğan-döşəkdən zorla qaldırdın, eyvana çıxarıb qapını bağladın, bir neçə dəqiqə gecə köynəyində bayırda saxladın. İndi demək istəmirəm ki, onda düz eləmədin...

Bəlkə doğrudan da həmin gecə məni başqa yolla sakitləşdirmək olmazdı... Mən bununla yalnız sənin tərbiyə üsullarını və həmin üsulların mənə necə təsir etdiyini səciyyələndirmək istəyirəm.

Əlbəttə, həmin hadisədən sonra mən sözəbaxan oldum, ancaq bununla belə, içimdə elə bil nəsə qırıldı. Mən bu mənasız su istəmək həvəsimin təbiiliyi ilə zorla bayıra atılmağın qeyri - adi dəhşətini heç cür uyuşdura bilmirdim.

Sonralar illər uzunu belə bir dəhşətli fikir mənə əzab verməyə başladı ki, o nəhəng kişi, yəni atam heç bir səbəb olmadan, gecənin birində gəlib məni yorğan-döşəkdən qaldıraraq eyvana ata bilər və belə çıxırdı ki, mən onun üçün heç nəyəm!

O vaxt bu, yüngül bir başlanğıc idi, ancaq bütün varlığıma hakim kəsilən "heç nə" olmağım haqqındakı hiss (hərçənd başqa bir baxımdan həm də nəcib və cox səmərəli hiss idi) ən çox sənin təsirinlə yaranmışdı. Onda mənə bir az ruh, bir az mehribanlıq, getmək istədiyim yolun bir az açıq olması lazım idi, ancaq bunun əvəzində sən o yolu bağladın və məlum məsələdir, bunu xoş niyyətlə elədin ki, mən başqa yol seçim. Lakin mən buna yaramırdım. Məsələn, yaxşı əsgəri salam verəndə, yaxşı yeriyəndə məni daha da ruhlandırırdın, amma məndən yaxşı əsgər çıxmadı. Məni yaxşı yeməyə, hələ üstündən pivə içməyə də ruhlandırırdın, ya da mənasını başa düşmədiyim mahnıları təkrarlamağa, sənin sevimli ibarələrini dilim dolaşa-dolaşa yamsılamağa... Ancaq bunların heç biri mənim gələcəyim üçün deyildi...

Maraqlıdır ki, indinin özündə də sənə nəsə toxunanda, mən sənin iradənə qarşı çıxanda (məsələn, evlənmək fikrinə düşəndə), ya da kimsə mənim xətrimə dəyəndə (məsələn, Pepa1 məni söyəndə) mənə ürək-dirək verirsən. Mənə kim olduğumu xatırladırsan, daha yaxşı rəftara layiq olduğumu yadıma salırsan və Pepanı əməlli-başlı məzəmmət edirsən. Bu yaşımda məni ruhlandırmağın daha mənası olmadığını bir kənara qoyaq: əgər söhbət ilk növbədə məndən getmirsə, bu ruhladırmağın mənə nə xeyiri?!

Ruhlanmaq mənə o vaxt daha çox lazım idi. Özü də hər yerdə! Onda məni sənin bütün vücudun əzirdi. Məsələn, yadımdadır ki, o vaxt çimməyə gedəndə tez-tez bir kabinədə soyunub-geyinməli olurduq. Mən arıq, çəlimsiz, balaca, sən isə güclü, ucaboy, iddialı... Elə kabinədəcə özümə yazığım gəlirdi və yalnız səndən deyil, bütün dünyadan utanırdım, çünki sən hər şeydə mənim üçün yeganə ölçü vahidi idin. Sonra kabinədən çıxırdıq, əlindən yapışırdım...

Skeletə oxşayırdım, nə edəcəyimi bilmədən ayaqyalın taxta lövhənin üstündə dayanırdım, sudan qorxurdum, mənə üzməyi öyrətmək üçün göstərdiyin hərəkətləri təkrar eləyə bilmirdim, xoş niyyətlə həmin hərəkətləri təzədən dönə-dönə göstərəndə də çox utanırdım, bütün ümidlərimi itirirdim və həmin anlarda həyatımda baş verən pis hadisələr haqqındakı bütün xatirələr bir-birinə qarışırdı.

Praqada Franz Kafka heykəli

Praqada Franz Kafka heykəli

Bəzən məndən tez soyunub çıxırdın, kabinədə tək qalırdım, adamların qarşısında rüsvay olmadığım dəqiqələrin ömrünü bir az uzadırdım və həmin anlar da mənim üçün xoş olurdu, sonra qayıdıb məni aparırdın.

Sağ ol ki, onda mənim nə çəkdiyimi, deyəsən, hiss eləmirdin və mən də atamın boy-buxunu ilə fəxr edirdim. Yeri gəlmişkən, aramızdakı həmin fərq bu gün də qalır...

Buna uyğun olaraq, sonra sənin mənəvi böyüklüyün gəlirdi. Sən öz gücünlə özünü elə bir səviyyəyə qaldırmışdın ki, onun sayəsində öz dediklərinə sonsuz dərəcədə inanırdın. Gəncliyimdə bunu uşaqlığımda olduğundan çox hiss edirdim. Öz kreslonda oturub bütün dünyanı idarə edirdin. Sənin dediklərin düz, başqalarınınkı isə səfeh, iftira, ağılasığmaz, anormal idi. Sənin özünə inamın o qədər böyük idi ki, məntiqə ehtiyacın qalmırdı, ancaq bununla belə, həmişə haqlı çıxırdın. Hətta elə də ola bilərdi ki, sən hansı məsələ barədəsə fikir söyləməyəydin və həmin məsələ haqqında deyilən hər hansı fikir də istisnasız səhv olmalı idi. Məsələn, sən çexləri söyə bilərdin, sonra da almanları, sonra da yəhudiləri və özü də hər hansı xüsusiyyətinə görə deyil, bütövlükdə söyürdün və belə çıxırdı ki, yaxşı bircə sənsən. Beləliklə, mənim üçün hüquqları idraka deyil, yalnız şəxsi mənəmliyinə söykənən zülmkarlar kimi tapmacaya dönürdün. Ən azı, mənə elə gəlirdi...

Ancaq mənə münasibətdə heyrətamiz dərəcədə haqlı olurdun, söhbət¬ləri¬mizdə buna söz ola bilməzdi, çünki az-az söhbət edirdik, ancaq həqiqətdə də belə idi. Əslində, burda da anlaşılmaz bir şey yox idi: axı mənim bütün fikir və düşüncələrim sənin o dözülməz təsirin altında olurdu. Ən cox da sənin kimi fikirləşməyəndə...

İlk baxışda səndən asılı olmayan fikirlərim elə əvvəlindən sənin hər şeyi inkar edən mühakimənin təsiri altına düşürdü; həmin fikirləri ifadə etmək, axıra çatdırmaq olmurdu. Mən indi hansısa böyük bir fikirdən deyil, uşaqlıq çağlarının adi istəklərindən danışıram. Axı adam hansı arzusununsa yerinə yetirildiyinə sevinməli, evə gəlib onu deməli idi...

Ancaq cavabı istehzalı təbəssüm, başını bulamaq, əlini stola döymək olurdu: "Burda təzə heç nə görmürəm" və ya "Öz işindir", ya da "Mənlik deyil", "İşə bax bir!", "Bir qara qəpiyə də dəyməz"...

Əlbəttə, qayğılarının başından aşıb-daşdığı bir vaxtda səndən tələb etmək olmazdı ki, balaca bir uşağın bütün arzu və istəklərinə valeh olasan. Yox, söhbət bundan getmir. Söhbət, əslində, ondan gedir ki, sən əks təbiətli bir adam olduğun üçün uşağı həmişə, özü də əməlli - başlı peşman etməli idin və bu əkslik də hər arzu - istəklə gücləndi, axırda da adətə çevrildi, hətta hər ikimiz eyni fikirdə olanda da özünü büruzə verməyə başladı, son nəticədə də bu məyusluq adi bir uşaq məyusluğu kimi qalmadı, sənin hər şeydən uca olan "mən"inə rəğmən, qəlbimi sındırdı. Sən nəyinsə əksinə çıxanda və ya hətta əksinə çıxacağın ehtimal olunanda, bütün cəsarətim, qətiyyətim, inamım, nədənsə sevinmək ümidim yoxa çıxırdı; bu ehtimal da həmişə vardı, çünki sən mənim, demək olar ki, bütün hərəkətlərimə qarşı çıxırdın.

Bu həm mənim fikirlərimə, həm də insanlar haqqında dediklərimə aid idi. Kifayət idi ki, kiminləsə bir az maraqlanam - bu, təbiətimə uyğun olaraq nadir hallarda baş verirdi - o dəqiqə mənim hisslərimə, fikirlərimə, münasibətimə hörmət etmədən başlayırdın onu söyməyə, qara yaxmağa, alçaltmağa. Məsələn, yəhudi aktyor Lövi kimi saf, məsum insanlar da bunun altını çəkirdilər. Onu heç tanımadan dəhşətli bir şəkildə həşəratla müqayisə edirdin, mənə cox əziz adamlardan söz düşəndə, o dəqiqə itlərdən, birələrdən misal çəkirdin. Aktyor ona görə yadımda qalıb ki, onun haqqında dediklərini özüm üçün yazıb saxlamışam: "Atam (heç tanımadığı) dostum haqqında ona görə belə danışdı ki, o mənim dostumdur. Nə vaxt mənə irad tutsa ki, onu uşaqlıqdan sevməmişəm, nankoram, onda bu sözləri üzünə vuracağam".

Bir şeyi heç vaxt başa düşə bilmədim: necə olurdu ki, sən o sözlərinlə, mühakimələrinlə məni nə qədər alçaltdığını, sındırdığını hiss etmirdin?! Ola bilsin, mən də tez-tez sənin xətrinə dəyən sözlər işlətmişəm, ancaq bunu hiss edib əzab çəkmişəm. Neyləyim, özümü saxlaya, həmin sözü deməyə bilmirdim, ancaq deyə-deyə də peşman olurdum. Sən isə heç nəyə fikir vermədən o sözləri deyirdin, heç kimə yazığın gəlmirdi: nə deyəndə, nə də sonra... Sənin qabağında dayanmaq olmurdu...

Sənin tərbiyə üsulun bax belə idi. Mənə elə gəlir, sənin yaxşı tərbiyə etmək qabiliyyətin var; yəqin ki, özün təbiətdə olan adamlara xeyiri dəyərdi. Dediklərinin ağıllı olduğuna inanıb eləyər, heç bir dərdi - səri də olmazdı. Ancaq mən uşaq olanda, dediklərinin hamısını ayə kimi qəbul edirdim, heç birini unutmurdum, onlardan dünyanın işlərini, xüsusən də səni mühakimə etmək üçün əsas vasitə kimi istifadə edirdim və bu da heç vaxt sənin xeyrinə olmurdu.

Uşaqlığımda səninlə ən çox yemək vaxtı bir yerdə olurdum və səndən aldığım dərslərin çoxu da stolda özümü necə aparmağım barədə olurdu. Stola gələnlərin hamısı yeyilməli idi, onların keyfiyyəti barədə danışmaq olmazdı. Ancaq çox vaxt yeməklər xoşuna gəlmirdi, onları "yem" adlandırırdın, "Heyvan ( yəni, aşpaz ) bunu zibilə döndərib" deyirdin.

Franz Kafka əlyazması

Franz Kafka əlyazması

İştahan yaxşı olduğu üçün tez-tez, isti-isti, iri loxmalarla yeyirdin, deməli, uşaq da tələsməli olurdu, üzüntülü bir sakitlik çökürdü və bu sükutu da sənin iradların pozurdu:

"Əvvəlcə ye, sonra danışarsan", "Tez! Tez! Tez!", "Görürsən, mən çoxdan yeyib qurtarmışam". Sümüyü dişə salmaq olmazdı - ancaq sən salırdın. Sirkəni içmək olmazdı - ancaq sən içirdin.

Əsas məsələ o idi ki, çörək düzgün doğransın. Ancaq sən çörəyi ağzından şorba daman bıçaqla doğraya bilərdin. Gərək elə yeyəydin ki, qırıntılar döşəməyə düşməyəydi, ancaq ən çox da özün tökürdün. Stola oturanda yalnız yeməklə məşğul olmaq lazımdır, ancaq sən dırnağını ya təmizləyir, ya da kəsirdin, qələm ucu yonurdun, diş dibi təmizləyənlə qulaqlarını eşirdin...

Xahiş edirəm, məni düzgün başa düş, ata, bəlkə də bunların hamısı adi xırdalıqlar idi, ancaq mənə ona görə belə təsir edirdilər ki, sən - böyüklər böyüyü hesab elədiyim bir insan - mənim boynuma qoyduğun ayələrə özün əməl etmirdin. Ona görə də mən dünyanı üç yerə bölmüşdüm.

Bunlardan biri həmin dünya idi ki, mən orda qul kimi yaşayırdım, ordakı qanunlar yalnız mənim üçün kəşf olunmuşdu və buna baxmayaraq, onların heç birinə uyğun gəlmirdim. Məndən çox-çox uzaqlarda olan ikinci dünyada sən yaşayırdın və həmin dünya da hökumət qurmaqla, qanunlar hazırlamaqla məşğul idi və bu qanunlara əməl etməyənlərə də bərk əsəbiləşirdin.

Nəhayət, üçüncü dünya gəlirdi ki, orda da başqaları əmrlərdən, qanunlardan uzaqlarda xoşbəxt həyat sürürdülər. Mən isə rüsvay olmuşdum, sənin əmrlərini yerinə yetirirdim və bu da ona görə rüsvayçılıq idi ki, həmin əmrlər təkcə mənə aid olurdu. Ya da inadkarlıq edirdim, ancaq bunun özü də rüsvayçılıq idi, çünki sənin gücün, sənin iştahan, sənin çevikliyin məndə yox idi ki, inadkarlıq edəm, o əmrləri yerinə yetirməyəm.

Ən böyük rüsvayçılıq bir də o idi ki, bütün bunlara baxmayaraq, onları məndən elə tələb edirdin ki, sanki belə də olmalıdır. Beləliklə, uşaqda düşüncə deyil, hisslər inkişaf edirdi.

Davamı burada

Günün bütün mövzuları

XS
SM
MD
LG