Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:14

-

Mayın 16-da müdafiə naziri Zakir Həsənov ölümlərindən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmiş hərbi qulluqçuların ailə üzvlərinə vəsiqə və «Qızıl Ulduz» medallarını təqdim edib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev aprelin 19-da Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri şəxsi igidliyə görə, polkovnik-leytenant Murad Mirzəyev və mayor Samid İmanova ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı vermişdi.

Məlumatda qeyd edilir ki, təqdimetmə mərasimində çıxış edən müdafiə naziri Z.Həsənov döyüşlərdə həlak olanların ailələrinə başsağlığı verərək, onların qəhrəmanlığı qarşısında baş əydiyini bildirib.

Z.Həsənov «Azərbaycanın Milli Qəhrəmanı» vəsiqəsini polkovnik-leytenant Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyevaya təqdim edib və «Qızıl Ulduz» medalını onun yeddi yaşlı oğlu Nurlanın yaxasına sancıb.

Sonra Milli Qəhrəman mayor Samid İmanovun atası Gülağa İmanova «Qızıl Ulduz» medalı və vəsiqəsi təqdim edilib.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG