Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:32

-

Xəzər rayon sakini, Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarından Azər Kərimovun bu gün naməlum istiqamətə aparıldığı bildirilir.

Bu haqda «Turan»a AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib.

G.Bayramlının bildirməsinə görə, A.Kərimovu kimlərin və hara aparması məlum deyil: «Bildiyimiz budur ki, dostlarından birinə mesaj yazıb ki, onu naməlum istiqamətə aparırlar».

A.Kərimov bir neçə gün öncə saxlanmışdı. Onun saxlanmasına Xəzər rayon 1 saylı Polis Bölməsinin həyətində vəfat edən Zaur Sultanovla bağlı sosial şəbəkədə paylaşdığı fikirlər səbəb kimi göstərilirdi. Həmin statusda Z.Sultanovun işgəncə nəticəsində öldüyündən bəhs edilirdi.

Bundan sonra A.Kərimovun 1 saylı Polis Bölməsinə çağırılaraq ondan izahat alındığı bildirilirdi. AXCP-dən verilən məlumata görə, polisdə gənc fəaldan həmin statusunu silmək tələb edilibmiş.

«Turan» İnformasiya Agentliyi bu deyilənlərlə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlasa da, məsələyə aydınlıq gətirmək mümkün olmayıb. Mətbuat xidmətindən bildiriblər ki, bu barədə onlarda məlumat yoxdur.

Bu il mayın 13-də Xəzər rayon sakini Zaur Sultanovun izahat verməyə getdiyi 1 saylı Polis Bölməsinin önündə vəfat etdiyi bildirilirdi.

Daxili İşlər Nazirliyindən açıqlama verilmişdi ki, Z.Sultanov polis bölməsində hər hansı təzyiqə, işgəncəyə məruz qalmayıb, o, ürək tutmasından həlak olub. Ancaq Z.Sultanovun valideynləri bu deyilənləri qəbul etmirdilər. Əmisi Əfrayıl Sultanov deyirdi ki, Z.Sultanovu polis şöbəsinə aparandan təqribən 20 dəqiqə sonra özlərini ora çatdırıblar:

«Şöbənin həyətinə girib dedim, «5-10 dəqiqə əvvəl uşağı bura gətiriblər». Mənə işarə ilə həyətin ortasına uzadılmış meyiti göstərdilər. Gözlərimə inanmadım. Dedim, «uşağı indicə gətirmişdilər. Bəlkə içəridədir». Dedilər, «yox, elə Zaurdur». Adam dəhşətə gəlir. Uşağı sağ-salamat evdən apardılar. Heç yarım saat keçməmiş şöbənin həyətində ölü uzatmışdılar. Dedilər, Zaurdur, inanmadım, Kimə yaxınlaşırdımsa qaçırdı. Üzündəki örtüyü çəkəndə gördüm başı-gözü qan içərisindədir. İçəridən çıxan polis işçisi göstəriş verdi, hamımızı bölmənin həyətindən itələyib çıxartdılar».

AXCP fəalı Azər Kərimovun da Facebook səhifəsində bu məsələlərlə bağlı tənqidi və ittihamedici fikirlər yazdığı deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG