Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:05

-

Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü, beynəlxalq münasibətlər və «Eurovision» yarışmasında Rusiyaya 12 xal verilməsi bu gün medianın aparıcı mövzusudur.

ŞƏRQLƏ QƏRBİ BİRLƏŞDİRƏN MƏKAN

«Azərbaycan» qəzetində ölkənin beynəlxalq nəqliyyat layihələrində iştirakından bəhs edən yazı verilib. «Beynəlxalq nəqliyyat dəhlizi kimi Azərbaycanın əhəmiyyəti artır» sərlövhəli məqalədə ölkənin Qərblə Şərqi birləşdirən bir məkana çevrildiyi ifadə edilir: «Asiya ilə Avropa arasında məsafə nə qədər uzaq olsa da, bir-birilə sıx iqtisadi-ticari əlaqələrlə bağlıdır və Azərbaycan bundan bacarıqla faydalanır».

Yazıda daha sonra tarixi İpək Yolunun bərpasından, Şimal-Cənub nəqliyyat dəhlizindən bəhs edilir və bu layihələrdə Azərbaycanın xüsusi rolu oynadığı qeyd edilir.

Müəllif yazır: «Beləliklə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu özünün fəallıq dövrünə qədəm qoyub. Bu istiqamətdə yüklərin daşınması Bakı-Tbilisi-Qars dəmiryol xətti fəaliyyətə başlayandan sonra genişlənərək, özünün yüksək zirvəsinə çatacaq. Bu dəhliz Şərqdən Avropaya kimi yüklərin qısa və təhlükəsiz daşınmasında ən təhlükəsiz marşrutdur».

Jamala

Jamala

RUSİYAYA VERİLƏN YÜKSƏK XAL

«Azadlıq» qəzeti «Eurovision» yarışmasında Azərbaycanın ən yüksək 12 xalı Rusiya təmsilçisinə verməsini pisləyən məqalə dərc edib.

Məqalədə Ukrayna təmsilçisi Jamala-nın qələbəsi ədalətli sayılır və ardınca da belə bir paralel aparılır: «Amma bu yarışma təkcə Jamala-nın qalibiyyəti ilə deyil, Azərbaycan hökumətinin növbəti cəsarətsizliyi ilə də yadda qaldı. Belə ki, Ermənistan Rusiya təmsilçisinə 2 xal verdiyi halda, Azərbaycan Rusiyaya 12 xal verdi. Eyni zamanda Rusiya Ermənistan təmsilçisinə 12 xal verdiyi halda, Azərbaycan təmsilçisinə 10 xal verdi».

Müəllif yazır ki, bu yarışma kifayət qədər siyasiləşib: «Bu yarışma siyasiləşib və verilən xallar da buna xidmət edir. Amma Azərbaycan hökuməti hətta şou səhnəsində də adekvat addım ata bilmədi. Rusiyaya verilən 12 xal qeyri- müstəqilliyin, cəsarətsizliyin göstəricisi idi. Guya, Azərbaycan Rusiyaya 5 xal versəydi, Rusiya bizə müharibə elan edəcəkdi? Rusiyanın quberniyası hesab etdiyimiz Ermənistan bu ölkəni 2 xala layiq görürsə, biz niyə bu ölkəyə ən yüksək xalı veririk?».

Müəllif bunu hakimiyyətin qorxaqlığı kimi dəyərləndirir: ««Lazım» «Eurovision» yarışmasında da özünü göstərə bilmirsə, döyüş cəbhəsinə necə gələ bilər? 12 xalını Rusiyadan azad edə bilməyən hökumət, 20 faiz torpağı hansı cəsarətlə azad etmək istəyir? Ümumiyyətlə, hökumət nəyin qarşılığında Rusiyaya bu qədər sədaqət nümayiş etdirir?».

Müəllifin düşüncəsinə görə, bu durumda Rusiyanın quberniyasına daha çox Azərbaycan oxşayır: «Bir sözlə, prinsipsizliyin, qeyri-müstəqilliyin səsi İsveçdən də eşidildi. Azərbaycan təmsilçisinin 17-ci yeri tutması yox, qətiyyətsizliyin 12 xalı bizi sarsıtdı».

Serzh Sarkisian və İlham Əliyev

Serzh Sarkisian və İlham Əliyev

VYANA FÜRSƏTİ

«Yeni Müsavat» qəzeti bu gün Vyanada gözlənilən Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü və onun mümkün nəticələrini dəyərləndirib.

Məqalədə qeyd edilir ki, Qarabağ cəbhəsindəki son gərginlikdən sonra bu görüşün 3 özəlliyi var. Müəllifin fikrincə, birincisi, 4-günlük aprel döyüşlərindən sonra bu, prezidentlərin ilk görüşdür. İkincisi, həmsədr dövlətlərin xarici siyasət idarələrinin başçıları da görüşə qatılmaq niyyətindədirlər. Üçüncüsü isə, müəllif düşünür ki, Azərbaycan mövqeyini bir xeyli gücləndirib: «4-günlük aprel döyüşlərindən sonra indi təşəbbüs, üstünlük bütünlüklə Azərbaycana məxsusdur. Onu gözdən qaçırmaq olmaz. Döyüş cəbhəsindəki kimi, bundan sonra danışıqlar müstəvisində də Bakı hücum taktikası göstərməlidir. Artıq, məğlub tərəf biz yox, Ermənistandır».

Məqalədə deyilir ki, Ermənistan könülsüz, təzyiqlər nəticəsində bu görüşə gedir: «Odur ki, Azərbaycan əlverişli şansı qaçırmamalı, Vyanadakı danışıqlarda siyasi atmosferi özü diktə etməlidir. Belə olarsa, vasitəçilərin də ayrı yolu qalmayacaq. İmkan vermək olmaz ki, həmsədr ölkələr, onların diplomatları Ermənistan tərəfinin yedəyində getsinlər».

Müəllif bu danışıqlarda Rusiya faktoruna da toxunur. Məqalədə qeyd edilir ki, məhz Rusiya xarici işlər naziri Sergei Lavrov-un danışıqlar prosesinə qatılması məsələnin həllinə mane olmaq məqsədi daşıyır: «Qarabağ məsələsində uğurlu diplomatik həmlə üçün Bakı unikal bir fürsət yaxalayıb. Vyana fürsəti. Belə bir fürsəti qaçırmağa haqqımız yox!».

Günün bütün mövzuları

XS
SM
MD
LG