Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:48

-

"Bizdə yazıçılar adətən öz ataları haqqında tənqidi bir şey demirlər. Deyənlər də adətən öz atalarından fərqlənmirlər ruhən. Atalar və oğullar arasında əslində heç bir fərq yoxdur bizdə"

Gənc yazıçı Ayxan Ayvazla OxuZalında söhbət. Onunla Tural İsmayılov söhbətləşib.

Tural İsmayılov

Tural İsmayılov

- Ayxan, sevdiyin və səni yetişdirən əsərlər hansılar olub?

- Mənim sevdiyim yazıçılar və əsərlər sevdiyim adamlar kimidir. Mən onlara doğma insan kimi tez-tez qayıdıram.

Sevdiyim əsərlər mənə bir az əzab verir, sarsıdır, bəzən sevdiyimiz adamlar da bizi atıb gedir.

Mən rus ədəbiyyatını çox sevirəm, rus ədəbiyyatına yaxın hiss edirəm özümü. Xüsusən, Dostoyevsky və Tolstoy. Amma Amerika ədəbiyyatı da yaxındır mənə. Salinger'in və John Steinbech'in adını məxsusi vurğulayım. Mark Twain uşaqlığımın yazıçısı idi. İvan Turgenevin “Atalar və Oğullar”ı sevdiyim əsərdir.

- Niyə “Atalar və Oğullar”?

Ivan Turgenev (solda) və Fyodor Dostoyevsky

Ivan Turgenev (solda) və Fyodor Dostoyevsky

- Çünki bu əsəri mən gənc yaşımda oxudum, sonra yenidən oxudum və öz həyatıma oxşar tərəfləri tapdım. Mənim atam da yazıçı idi, sonradan mən də yazmağa başladım və bizim aramızda köhnəliklə yeniliyin daim bir mübarizəsi olub.

“Atalar və Oğullar” həyatımın bir parçası olub. Çox vaxt atamı qısqanmışam, ona paxıllıq eləmişəm ki, onun kölgəsi üstümə düşür və mənə mane olur. Atam daha mühafizəkar idi, mən isə açıq və yeni düşünürdüm, bu barədə həmişə mübahisəmiz düşürdü. “Atalar və Oğullar” əsərində də mən bunu gördüm.

Əsərdə iki tələbədən bəhs olunur. Bazarov və onun dostu Arkadinin həyatından bəhs olunur, hər ikisi tibb təhsili alır. Bazarov dostu Arkadinin evinə gəlir və əsərin mahiyyəti orda açılır. Arkadi də, Bazarov da nihilist idi.

Nihilizm bütün qəlibləşmiş dəyərlərə və avtoritetlərə qarşı olan cərəyandır, Bazarov da bir nihilist idi, müharibədə də iştirak etmişdi və bütün dəyərlər onun üçün alt-üst olmuşdu.

Bazarov rus ədəbiyyatının ən qeyri-adi obrazıdır. Rus ədəbiyyatında mənə görə iki qəribə obraz var. Biri Bazarov, biri də Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərindəki Peçorin obrazı. Hətta Oblamovu da bu sıraya aid edərəm. Bazarov obrazı rus mühitində birmənalı qarşılanmadı. Kütlə onu ziyanlı və lazımsız hesab edirdi. Bazarovun Arkadinin ailəsi ilə mübahisələri ilə əsər açılır. Çünki dəyərlərə sadiq Arkadinin atası Nikolay Arkadiyeviç və əmisi Pablo Pabloviç arasında axşam yeməyində həmişə mübahisə düşürdü.

Ivan Turgenev

Ivan Turgenev

Arkadinin atası təbiəti vəsf edən ədəbiyyatı sevirdi, Bazarov isə buna qarşı çıxırdı. Təbiəti də, poeziyanı da boş bir şey hesab edirdi. Bazarov Arkadi ilə quberniyaya gedir və orada kübar zadəganların arasına düşürlər, orada Odinstova adlı bir qadınla tanış olurlar.

Odinstovanın Katya adlı bir bacısı olur və Arkadi Katyaya aşiq olur. Bu andan etibarən Arkadi nihilizmdən uzaqlaşır, Bazarov da öz ideya yoldaşının sevgiyə görə inandığı dəyərlərdən qopmasını görür, bu, ona çox pis təsir edir.

Bazarov da Odinstovanı sevir və eşqini qəfildən elan edir ona. Qadın nəzakətlə qarşılasa da, müsbət cavab vermir. Bundan sonra Bazarovun depressiv dövrü başlayır, Arkadiyə və bütün çevrəsinə qəzəblənməyə, nifrət etməyə başlayır.

Əslində burada Rusiyanın həmin dövrdəki iyrənc mühiti təsvir olunur. Rusiyada dvoryanlarla zadəganlar arasında qarşıdurma var idi, zadəganlar hətta dvoryanları adam hesab eləmirdi, belə bir mühitdə Bazarov kimi xilaskar obraz ortaya çıxır.

- Bazarov obrazı rus ədəbiyyatında çox maraqlı obrazdır. Turgenev öz obrazının sona qədər öz ideyasına sadiq qalmasına imkan vermir. Arkadi üçün bəlkə də hər şeydən uzaqlaşmaq adi ola bilərdi, amma Bazarov əsas obrazdır əsərdə və niyə öz ideallarına xəyanət edir, səncə?

- Bəzi yazıçılar öz obrazları ilə başa çıxa bilmirlər. Lermontov da Peçorinlə bacara bilmir. Bazarovun sonu belə olmamalı idi. Bir az adam nifrət də gətirir Bazarova. Bu qədər mübariz adam qadına eşq elan edir və eşqinə neqativ cavab alandan sonra öz kəndinə qayıdır.

Ailəsi mühafizəkar olduğu üçün atası və anası ilə yola getmirdi. Bazarov həkim idi, amma yaranı tez sağaltmadığı üçün aid iltihabdan ölür. Yatağa düşəndə Bazarov atasından Odinstovanı çağırmasını istəyir, son anında qadın onun yanına gəlir. Bazarov belə bir ifadə işlədir ki, mən həyata uduzdum, amma ölümə də başlaya bilmədim.

Turgenev də öz obrazını xilas edə bilmir. Belə obrazla bacarmaq çox çətindir. Raskolnikov birmənali deyil, bəziləri cinayətkar hesab edir, bəziləri haqq qazandırır. Bazarovda da həmin insan ziddiyətləri özünü göstərir. Bazarov zadəganlaşmış rus elitasına etiraz idi. Turgenevin bu mənada “Atalar və Oğullar”ı müdafiə edən yazısı da var. Əsər sonrakı dövrlərdə də yaddaşlarda qaldı. Atalar və oğullar problemi bu gün də davam edir.

- Əsərdəki bütün obrazları sistemləşdirə bilərsənmi?

Rusiyada Turgenev adına kitabxana

Rusiyada Turgenev adına kitabxana

- Əsərdə Fediçka adlı bir qız var. Bazarovun tələbəsinin evində qulluqçudur, uşaqlara baxır. Bazarov təsadüfən bu qızla öpüşür və bunu Arkadinin əmisi görür. Aralarında mübahisə olduğu və Bazarov üstün olduğu üçün Pablo Pabloviçin əlinə fürsət düşür.

Amma gördüyünü evin sahibinə, qardaşına demir, Bazarovu duelə çağırır. Dueldə Pablonun ayağını yaralayır, sonralar Bazarovla onun arasında isti münasibət başlayır, hətta Bazarov peşman da olur etdiyinə.

Əsəri oxuyanda belə kövrək məqamların olacağını öncədən müəyyənləşdirmək olmur. Obrazlar hamısı əsərin mahiyyətini açmağa kömək etmir, heç biri kənarda qalmır. Bütün obrazlar Bazarovun mahiyyətini aydınlaşdırmaq üçündür.

Biz elə bilirik Qərbdə hamı yenilikçi düşünür, amma elə deyil. Qərbdə də Bazarovun mübarizə aparacağı adamlar var. Ona görə, bu əsər yalnız bizim coğrafiya üçün deyil, həm Qərb, həm də Şərq üçün aktualdır. Şərqdə atalar və oğulların problemi tamam ayrı kontekstdədir. Məsələn, ata müsəlmandır, amma oğul materialistdir. Buna görə davalar olur. Qərbdə isə müzakirələr tamam başqadır. İnsan hər yerdə eynidir. Atadan sonra gələn nəsil həmişə ata ilə ziddiyətdə olacaq.

Orxan Pamukun bu əsərlə bağlı maraqlı bir fikiri var. O deyir, biz həmişə atalarımızın kölgəsindən çıxmaq istəyirik, amma bir şey də var, nə qədər azad olmaq, o kölgədən çıxmaq istəsək də, yenə bir ata nəvazişinə ehtiyacımız var. Bazarov birmənalı deyil. İnsan bütün dəyərləri silə bilməz. Bazarov bunu anlamadığı üçün uduzmuşdu. Öz inandığı şeylərə bu qədər sadiq olan adam adi bir sevgiyə görə məğlub oldu.

- Əsərin kulminasiyası haqda nə deyə bilərsən?

- Kulminasiya Bazarın Odinstovaya eşq elan etmə səhnəsidir. Arkadinin Katya ilə evlənməsi də əsərdə maraqlı təsvir olunub. Bazarov eşqi səhv hesab edir və hətta Arkadiyə də səhvini deyir. Amma Bazarovun ölümünü də kulminasiya hesab etmək olar.

- Müəllifin Arkadiyə münasibəti necə idi?

- Arkadi Bazarova baxanda həyat adamıdır. Evlərindəki mübahisələrdə dəfələrlə Bazarova bəlkə belə etməyək deyə etirazlar edir. Əsər boyunca Arkadi nihilist olmaq istəmir əslində. Sadəcə həyatın axarı və Bazarovla həyatın içinə düşəndə Arkadi həyata təslim olur. O, da yenilik tərəfdarıdır, amma yumşaqdır, ailəsinə nifrət etmir Bazarov qədər.

Arkadinin simasında Turgenev göstərir ki, bir ideyanın arxasınca düşsən də xəyanət edə bilərsən, Arkadi Bazarova xəyanət edir. Arkadi Bazarovdan uzaqlaşmaq istəyir zamanla. Arkadi yarımçıq obrazdır.

- Əsərdə avtobioqrafiklik varmı?

- Turgenevin anası çox qəddar olub. Atası zabit idi. Anasının ailəsi də varlı idi. Turgenevin heç vaxt pul problemi olmayıb. Həyatı əslində varlı həyat tərzi idi, Turgenev çox pul xərcləyirdi. Turgenev bir az Bazarov, bir az Arkadidir.

Turgenev heç vaxt öz həyatı ilə razılaşmayıb. Anası Turgenevlə tez-tez mübahisə edirdi. Turgenev də ata, ana kölgəsindən çıxmaq istəyib həmişə. “Atalar və Oğullar”dan əlavə, “Dvoryan Ocağı”, “Rudin” əsərlərində də bioqrafiklik sezilir. Onun bütün qəhrəmanları qadın qarşısında aciz qalır. “Asiya” əsərində də bu aydın görünür.

- Turgenev əsərdə ataların(mühafizəkarların) yoxsa nihilistlərin(oğulların) tərəfini tutur? Yox, əgər yenilikçilərin tərəfində idisə, niyə yenilikçi gəncləri sonda bir növ biabır edir?

- Tural, əsərlər bizim taleyimizdir. Əsərdə Turgenevin mövqeyi bilinmir. Turgenev bütün obrazlarını sevir. O, sadəcə müşahidə edir öz obrazlarını kənardan.

- Əsərin hansı hissəsinə əlavələr edərsən?

- Bazarovun mübahisələrini bir az daha yumşaq vermək olardı. Öz mühitimizi nəzər alıb, yazsaydım bu əsəri, mən ən azından elə sərt və qəddar mübahisələr aparmazdım. Əsərdən nəyi isə qətiyyən çıxartmaq olmaz.

- Azərbaycan ədəbiyyatında problemli atalar və oğullar mənzərəsi niyə həmişə görünür? Atanla hansı məsələlərdə problemin olub?

- Bir qısa əhvalatla izah edim. Bir dəfə tanış bir adam haqqında danışırdıq. Atam dedi ki, o, səhv edib rus qadınıyla evlənməklə. Amma mən razılaşmadım təbii. Atam buna görə mübahisə etdi ciddi formada. Atam millətçi idi, o düşünürdü ki, bir insan ancaq öz mühitindən olan qadınla evlənməlidir. Mən atama uduzurdum həmişə. Yaşım çox az, savadım az. Mən bir müddət atamın baqajına, savadına söykənib onunla razılaşmışam. Ancaq vaxt keçdikcə hiss edirdim ki, atamın savadı qarşısında əzilirəm. İstəyirdim, atamın düşüncələrinin yanlış olduğunu sübut edim, ona görə həmin illərdən fasiləsiz oxumağa, mütaliə etməyə başladım. Atamla hər vaxt düşüncə savaşına çıxdım, hər gün evimizdə eynən Bazarovla Arkadinin ailəsində olduğu kimi mübahisələr düşürdü: mən mühafizəkarlığa, atamın bayraq tutduğu dəyərlərə qarşı çıxırdım. Bizim aramızdakı mübahisələr məni yetişdirirdi. Atamdan öyrəndiyim çox şeylər oldu.

Orhan Pamuk deyir ki, biz atalarımızın kölgəsindən çıxıb azad olmaq istəyirik, ancaq həm də ata nəvazişinə ehtiyac duyuruq. Bu mənada atamın kölgəsindən çıxmaq istəsəm də eyni zamanda onun varlığına hər zaman ehtiyac duyuram. Bizim davamızı qısaca belə izah etmək olar: köhnə dəyərlərlə yeni dəyərlərin üz-üzə gəlməyi. Atam da başa düşürdü ki, nə vaxtsa bu etirazla qarşılaşacaq və ona görə də normal münasibət göstərdi. Azərbaycanda ata və oğul yazıçılar, şairlər var ki, baxırsan, bir-birindən fərqlənmir: ata deyəni tutuquşu kimi oğul da təkrarlayır. Bu mənada bizdə atalar və oğullar arasında qarşıdurma yox kimidir.

Anar atası Rəsul Rza ilə, Elçin atası İlyas Əfəndiyevlə heç vaxt atalar və oğullar savaşı yaşamayıb. Bir-birilərinin təkrarıdırlar, düşüncə, dəyərlər sistemi dəyişməyib. Atanın dediyi həmişə onlar üçün qanun olub. O köhnə düşüncəni Anarla Elçin təzədən yaşadıblar. Öz atalarının avtoritetliyini vurub yıxa bilməyiblər. Onlara bu sərfəli gəlməyib. Heç vaxt öz ataları haqqında tənqidi bir şey deməyiblər, onların yolu ilə gediblər. Atalar və oğullar arasında əslində heç bir fərq yoxdur Azərbaycanda. İndi Kəramət Böyükçöllə Qəşəm Nəcəfzadə fərqli görünürlər, amma yazı tərzləri eynidir, düşüncə baxımından da bir almanın iki yarısıdırlar. Mahiyyət dəyişməyib: atalar və oğullar arasındakı ciddi fərq yox dərəcəsindədir.

Sanki bizdə yalnız bir tərəf var: atalar. Oğulların düşüncəsi əsa ilə yeriyir. Onlar köhnə dəyərlərin qarşısında aciz qalıblar. Oğullar atalarla az qala yaşıddır. Elə bil dünyaya gələn kimi qocalıblar. Gənc nəsil görünmür, atadan qalan miras üstündə savaşan oğullara oxşayır hamısı.

- Turgenevin danışdığın əsərinin Azərbaycan ədəbiyyatında bənzəri varmı?

- Düşünürəm ki, gələcəkdə özüm atalar və oğullar məsələsi haqqında nəsə yazım. Belə baxıram, mən yazmalıyam. İş mənə düşüb (gülür).

Günün bütün mövzuları

XS
SM
MD
LG