Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 07:53

-
Qazax rayon sakininin minaya düşdüyü bildirilir.

APA-nın xəbərinə görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb. Kənd sakini, 38 yaşlı Vəzir Vəliyev heyvanları çölə apararkən minaya düşüb. Müxtəlif bədən xəsarəti alan V.Vəliyev dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun sol ayağının dizdən aşağı amputasiya olunduğu bildirilir.

Qazax rayonu Ermənistanla sərhəddə yerləşir. Ermənistan silahlı qüvvələri hələ atəşkəsdən öncə bu rayonun 7 kəndini işğal ediblər. Bunlar Sofulu, Barxudarlı, Bağanıs Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləridir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib. Bundan başqa, Azərbaycan Dağlıq Qarabağ və bu sadalanan 7 rayondan savayı, bəzi bölgələrdə də ayrıca yaşayış məntəqələrinə nəzarəti əldən verib. Onların arasında Qazax rayonuna aid 7 kənd də var.

1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması əldə edilib.

Ancaq bu il aprelin 2-dən 5-nə qədər Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlərin getdiyi bildirilir. Bu zaman hər iki tərəfdən, azı, onlarla əsgərin həlak olduğu qeyd edilir. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG