Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:33

-

90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkilərdə iştirak etmək istəyən REAL Hərəkatının rəhbəri İlqar Məmmədovun şikayətinə Mərkəzi Seçki Komissiyasında baxılıb.

MSK seçkiyə qatılmaq istəyən siyasətçinin şikayətini əsassız hesab edib. Bu haqda Azadlıq Radiosuna siyasətçinin səlahiyyətli nümayəndəsi, hərəkatın icra katibi Natiq Cəfərli xəbər verib.

N. Cəfərlinin bildirdiyinə görə, təkrar seçkilərdə iştirak etmək istəyən İ. Məmmədovun namizədliyinin təsdiqinin ləğv edilməsi haqda seçki komissiyasının qərarı onlara təqdim edilməyib. Həm təsdiqin ləğv edilməsi, həm də qərarın onlara təqdim olunmamasından seçki qurumuna şikayət olunub.

MSK-nın mayın 13-də keçirilən iclasında İ. Məmmədovun imza vərəqələrinin dairə seçki komissiyasına boş təqdim edildiyi bildirilib. Komissiya İlqar Məmmədovun həbsdə olması səbəbindən seçkilərdə iştirak edə bilməyəcəyi qərarına gələrək şikayəti rədd edib.

90 saylı Ağdaş seçki dairəsi üzrə keçiriləcək təkrar parlament seçkilərinə qatılmaq istəyən İlqar Məmmədovun nümayəndələrinə əvvəlcə, imza vərəqələri verilmişdi. Bu proses sonradan dayandırılmışdı.

Mərkəzi Seçki Komissiyasından bildirdilər ki, artıq İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib.

MSK-da media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bu mövqeyi belə əsaslandırmışdı:

«Buna qədər İlqar Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən, İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib».

İlqar Məmmədov buna görə məhkəməyə müraciət edərək, namizədliyinin ilkin qeydiyyatının ləğvinin qanunsuz hesab olunmasını tələb etmişdi. Bakı Apellyasiya Məhkəməsi mayın 12-də həmin şikayəti rədd edib.

2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunan İ.Məmmədov 7 il azadlıqdan məhrum edilib.

2015-ci ilin əvvəlində Avropa İnsan Haqları Məhkəməsi İ.Məmmədovun buraxılması barədə qərar çıxarıb. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarından sonra onun işinə Şəki Apellyasiya Məhkəməsində təkrar baxılıb. Məhkəmə aprelin 29-da siyasətçi barəsində hökmü qüvvədə saxlayıb.

Dairədə qeydə alınan var

Bu günə qədər 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərlə əlaqədar 12 nəfərin namizədliyi irəli sürülüb.

APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında sədr Məzahir Pənahov bildirib. Artıq namizədliyini irəli sürənlərdən 4-ünün imza vərəqələrini dolduraraq geri qaytardığı bildirilir. Onlardan biri - Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov qeydiyyata alınıb.

Cavid Osmanovun Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini və hakim Yeni Azərbaycan Partiyası yerli təşkilatının sədri olduğu bildirilir.
Bu dairədən ÜMİD partiyasının sədri İqbal Ağazadə də namizədliyini verib.

Təkrar seçkilər iyunun 18-də olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG