-
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan istifadə etməklə sutka ərzində atəşkəsi 112 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndləri atəşə tutulub.
Habelə, Berd rayonunun Mosesqex, Çinari, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərinin də vurulduğu açıqlanıb.
Bundan başqa, Krasnoselsk rayonundan Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərinin də atəşə məruz qaldığı qeyd edilib.
Məlumatda həmçinin bildirilir ki, Ermənistanının Yexeqnadzor rayonundakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu ərazisindəki adsız yüksəkliklərdəki mövqeləri də atəşə tutulub.
Nazirliyin açıqlamasına görə, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Nəmirli, Mərzili və Yusifcanlı kəndləri də atəş altında qalıb.
Məlumatda qeyd edilir ki, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarında da Azərbaycan ordusunun mövqeləri hədəf seçilib.
Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan ordusu qarşı tərəfə cavab verib.
Mətbuat xidməti hələ bir gün əvvəl açıqlamışdı ki, Naxçıvanda Azərbaycan ordusunun mövqelərinin atəşə tutulması nəticəsində hərbi qulluqçu Yusif Quluzadə yüngül yaralanıb.
1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsi bağlanıb. Keçən bu 22 il ərzində yalnız az-az hallarda Naxçıvan Muxtar Respublikası tərəfdə atəşkəsin pozulduğu bildirilib.
Halbuki, Azərbaycan və Ermənistan qoşunlarının Dağlıq Qarabağ istiqamətindəki təmas xəttində hər gün atəşkəsin az da olsa, pozulduğu qeyd edilib.
Aprelin 2-dən 5-nə qədər isə təmas xəttində ağır döyüşlərin getdiyi bildirilib. Bu zaman hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.