Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:38

-

Avropa Yenidənqurma və İnkişaf Bankının Londonda keçirilən 25-ci İllik Toplantısı çərçivəsində "Azərbaycanın investisiya mühiti və imkanları" mövzusunda sessiya olub.

Bu barədə İqtisadiyyat Nazirliyindən Turan-a bildiriblər.

Məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahil Babayev çıxış edərək qeyri-neft sektorunda inkişaf prioritetləri barədə danışıb.

Bundan başqa, Azərbaycan İnvestisiya Şirkəti, Sumqayıt Kimya Sənaye Parkı, "Cənub Qaz Dəhlizi" QSC-nin təqdimatı keçirilib.

AYİB-in Azərbaycanın biznes imkanlarına həsr edilmiş xüsusi sessiyasında onun illik yığıncağının iştirakçıları, bir sıra ölkələrin dövlət və özəl sektorlarının nümayəndələri iştirak edib.

Bir gün əvvəl isə, SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdi ki, Azərbaycan «Cənub Qaz Dəhlizi» QSC 7 mlrd. dollarlıq investisiya cəlb etmək niyyətindədir.

«Cənub Qaz Dəhlizi» QSC prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il fevralın 25-də yaradılıb. Bunda məqsəd «Şahdəniz» qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Xəttinin genişləndirilməsi, TANAP və TAP layihələrinin idarə olunmasını təmin etməkdir. Cəmiyyətin nizamnamə kapitalı 100 mln. ABŞ dollarıdır. Həmin sərəncamla Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi Neft Fonduna, idarə edilməsi isə İqtisadiyyat Nazirliyinə tapşırılıb.

TANAP və TAP layihələri «Cənub Qaz Dəhlizi»nin ayrı-ayrı hissələrini təşkil edir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır. «Şahdəniz-2» yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.
Müstəqil ekspertlər Azərbaycanın investisiya axtarışını neftin qiymətinin düşməsi ilə izah edirlər. Onların fikrincə, Azərbaycan iqtisadiyyatı əsasən neftdən asılıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG