Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:11

-

Amil Məmibəyli

Şeirlər

*

Hələ çox şey dəyişəcəkdi, çox şey.

"Böyüyəndə mən polis olacam" deyən uşaq

atasının əllərini qandallayıb aparandan sonra

fikrini dəyişəcəkdi.

İşarə barmağı kəsik olan gənc

yararsız olduğunu eşidib

başa düşəcəkdi ki o,

nə yaxşı əsgər olacaq nə də ki rəhbər.

Uşaqlar evində böyüyən uşaqların

anasının canına and içməsinə

heç kəs inanmayacaqdı, heç kəs.

Eeeh...daha nələr olacaqdı...nələr...

Bircə ona yanıram ki,

nə baş verəcəksə deyəcəklər: Olacaqdı

Daha çox sol gözünü yuman snayperçi

illər sonra hər iki gözünü yumacaqdı.

Kasıbların cibi cingildiyərkən,

varlılarınkı xışıldayacaqdı və

çirkli pullar adəti üzrə həmişə

şax və təmiz qalacaqdı.

Eeeh...daha nələr olacaqdı...nələr...

Göz yaşı kimi saf və təmiz insanlar da

saxta çıxacaqdı, saxta.

Adamın içi yanan yerdə

axıb çölünü söndürəcəkdi.

Ürək döş qəfəsinin içərisində

qəfəsdəymiş kimi çırpınacaqdı

və bircə yolu olacaqdı azadlığa çıxmağın,

- çırpınmamaq, qorxmamaq.

Eeeh...daha nələr olacaqdı..nələr...

Bircə ona yanıram ki,

nə baş verəcəksə deyəcəklər

-Olacaqdı.

***

Bir zamanlar bu ölkədə
böyük bir izdihamda, Azadlıq meydanında
havaya qalxan yumruqlar
indi avtobus tutacaqlarından asılıb,
basabasda.

***

Bu ölkədə insanları asmırlar.
Bu ölkədə ya insanlar
özlərindən asılı olmadan özlərini asırlar
ya da ki insanlar insanları özlərindən asılı salırlar.

***

Ayağı düşərli olmayan

yazıq kasıb balası.

Darıxma, döyüş olsun

düşər sənin də ayağın.

***

De görək kimə rəhm eləmişdin ki

hələ bir rəhmət də oxuyaq sənə.

Dünyanda nəyi dəyişə bildin ki

deyək hə, dəyişdi dünyasını.

Həm də o qədər vəfasızlıq etdin ki

indi bilmirəm necə deyək,vəfat etdi.

Sadəcə yaşadın və öldün sən.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG