Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:46

►Onların sözlərinə görə, marketlərdə kənd təsərrüfatı məhsulları 1-2 faiz deyil, 25-30 faizə qədərdir

Supermarket sahibləri gündəlik zəruri məhsullara əlavə dəyər vergisinin (ƏDV-nin) götürülməsini istəsələr də, bu arzuları “gözlərində qalıb”.

Vergilər naziri Fazil Məmmədov bu barədə söhbət belə getməyəcəyini söyləyib. Bir məqam diqqət çəkir ki, nazirin öz açıqlamasında yalnız kənd təsərrüfatı məhsullarına verginin ləğvindən danışıb. Supermarket rəhbərləri isə ət, balıq, süd, un məmulatına, yumurta, düyü, yağ, meyvə-tərəvəz və uşaq qidalarınaə ƏDV-nin ləğvini istəyirdilər.

Bu istək ilk dəfə “Rahat market” şəbəkəsinin müraciətindən sonra gündəmə gəlmişdi.

Bunun ardınca ölkənin digər supermarket sahibləri də müflis olmaq təhlükəsiylə üz-üzə qaldıqlarını dilə gətirmişdilər. Sahibkarlar iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək, supermarketlərin vergi yükünün azaldılması istiqamətində addımlar atılmasını xahiş etmişdilər.

Supermarketlər çətin seçim qarşısında: Ya qiymətləri artırmaq, ya da...

“FRESCO” və “SƏBƏT” supermarketlərinin direktoru Kamran Eyyubovun virtualaz.org saytına bildirib ki, əsas problem yerli kənd təsərrüfatı məhsullarının satışına tətbiq olunan ƏDV –dən qaynaqlanır.

Onun sözlərinə görə, bu vergi aradan qaldırılsa, supermarketləri qiymət artımı və ya bağlanmaq təhlükəsindən qurtarmaq olar:

“İstəyirik ki, kənd təsərrüfatı məhsullarının istehsalı ƏDV-dən azad olunduğu kimi, onların parakəndə satışına da o vergi alınmasın. Biz hansısa kənd təsərrüfatı məhsulunu 1 manata alıb 1 manat 20 qəpiyə satırıqsa, verginin də həmin o qazancdan, yəni 20 qəpikdən tutulmasını istəyirik. Əks halda, supermarketlərə həmin yerli məhsulları satmaq sərf etməyəcək. Yerli zəruri tələbat malları, kənd təsərrüfatı məhsulları marketlərdəki məhsulların 1-2 faizi deyil, 25-30 faizi qədərdi. İndiki durum qalarsa, xarici məhsullar marketlərimizdə yerli məhsulları üstələyəcək”.

K. Eyyubov deyir ki, yerli məhsula 18 faiz ƏDV tətbiq olunsa, onun qiyməti, avtomatik, 18 faiz artır. Bu isə rəqabəti pozur və yerli məhsulun satışına çətinlik törədir.

Başqa sahibkarların da fikrincə, mövcud durum əsas gündəlik tələbat mallarını bahalaşdıracaq və supermarketlər çətin seçim qarşısında qalaraq ya qiymətləri artıracaq, ya da bağlanacaqlar.

____________________________________________________________

Bunlara da bax:
Gənc fəallara 4 aylıq həbs- [Video]
Prezident vəzifəsindən kənarlaşdırıldı

____________________________________________________________

“Malların 30 faizi gündəlik tələbat mallarına aiddir”

“RAHAT market”in təsisçisi Cəlal Babakişiyev deyir ki, sosial gərginliyi aradan qaldırmaq üçün qanunvericiliyə dəyişiklik edilməlidir:

“Əlbəttə, ən asan yolla gedib satılan malların qiymətlərini qaldırmaq olardı, lakin biz buna getmək istəmirik. Marketlərdə satılan malların 30 faizi sosial təyinatlı, yəni gündəlik tələbat mallarına aiddir. Üstəlik, qiymət artımı “Rahat”ın qiymət siyasətinə də uyğun gəlmir. Vəziyyətdən çıxmağa yeganə çətin və ən ağrılı yol qalır - şəbəkənin daha az gəlir gətirən üçdə bir hissəsinin bağlanması. Ümumiyətlə, ötən ildən bəri bizdə qazanc yox, yalnız zərər var. Bütün şəbəkələrimizdə stressli vəziyyət hökm sürür”.

Sahibkarın sözlərinə görə vergi qanunvericiliyinin sərtləşdirilməsi təkcə iri supermarketləri deyil, kiçik sahibkarları da müflisləşdirəcək və yavaş-yavaş, onlar da batacaqlar.

C.Balakişiyevin fikrincə, çıxış yolu - vergi orqanlarının yarımil müdaxilə etməməsi, onalara özlərini toparlamaq imkanı verməsidir.

“Nazir hardan alıb bu məlumatları?”

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, vergilər nazirinin sözləri reallığı əks etdirmir:

“Nazir deyir ki, kənd təsərrüfatı məhsullarının 95-98 faizi bazarlarda, yerdə qalan hissəsi, yəni 1-2 faizi marketlərdə satılır. Nazir hardan alıb bu məlumatları? Kim deyir ki, kənd təsərrüfatı məhsullarının 95-98 faizi bazarlarda satılır? Bunlar belə rəqəmləri haradan alırlar?”.

Ekspert xatırladır ki, supermarket sahiblərinin müraciətində söhbət ərzaq məhsullarından gedirdi, tək kənd təsərrüfatı məhsullarından deyil:

“Bunlar nə yeyirlər, nə içirlər, görəsən? Marketləri ƏDV-dən azad etmək istəmirsinizsə, açıq deyin, daha bu absurd rəqəmləri söyləmək nəyə lazımdır, axı?! Nazirin belə açıqlaması sankı supermarket şəbəkələrinə qarşı fikir kimi səslənir. Xalqda rəğbət doğurmağa hesablanıb ki, görürsünüzmü, iri market şəbəkələlərinin sahibləri iri məmurlardır, amma hökumət onlara güzəştə getmir. Ancaq ölkədə ƏDV ödəyicisi vətəndaşlardır və sonda ƏDV də elə onların cibindən çıxır”.

Günün bütün mövzuları

XS
SM
MD
LG