Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:50

Ekspert: «Yüksək tariflər ev telefonunun nömrəsini unutdurub»


►«Mobil telefonla 1 dəqiqə danışıq 3 qəpik, amma ev telefonu ilə ölkə daxilində şəhərlərarası danışıq 5 qəpiksə, kim bundan yararlanacaq?»

Dövlət telekommunikasiya şirkətlərinin hərəsi bir provayderin hesabına varlığını qoruyur.

Bakı Telefon Rabitəsi İB - Bakinternet internet provayderinin, «AzTelekom» MMC - Aztelekom.net-in, «Azerbaijan International Telecom (AzInTelecom)» MMC isə AzDataCom provayderinin hesabına fəaliyyət göstərir.

Sabit telefon şəbəkəsində (mənzillərdəki telefonlar) yerli, beynəlxalq və şəhərlərarası danışıqlardan əldə olunan gəlirlər çox azalıb və demək olar, tam iflasa uğrayıb. Görünən bu ki, mövcud durum hələ heç kimi maraqlandırmır.

Dövlət telekommunikasiya şirkətləri ağır durumda

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu fikirdədir və sözlərinə onu da artırır ki, dövlət telekommunikasiya infrastrukturunun inkişafı və dayanıqlığı internet xidmətlərindən gələn vəsait hesabına təmin edilir:

«İnsanlar ev telefonun nömrəsini unudub. Səbəb - tariflərin yüksək olmasıdır. İnformasiya Kommunikasiya Texnologiyasının (İKT-nin) indiki inkişaf səviyyəsində ölkədə sabit telefondan mobil şəbəkəyə zəngin dəqiqəsi 23 qəpik, əks istiqamətə 4-5 qəpik, beynəlxalq danışıqların dəqiqəsi təxminən 30 qəpikdir».

Ekspert ev və ofis telefonları üçün tarifləri də izahı mümkünsüz absurd sayır:

«Təsəvvür edin ki, mobil telefonla 1 dəqiqə danışıq tarifi 3 qəpikdir, amma ev telefonu ilə ölkə daxilində şəhərlərarası danışıq 5 qəpik! Kim bundan yararlanacaq?».

Osman Gündüz
Osman Gündüz

«Tarifləri bu səviyyədə saxlamaq sərf edir?»

Osman Gündüz dövlət provayderlərinin interneti də baha qiymətə satmasını qınayır. Onlar 4mb/s-yə 20-30 manat tarif müəyyənləşdiriblər. Qonşu ölkələrdə bu qiymətə 100 mb/s əldə etmək mümkündür.

Bəs tarifləri bu səviyyədə saxlamaq onlara sərf edirmi? Axı, «su qiymətinə» messencerlər, watsapp, skype, viber var.

Hazırda internet sektorunda gəlirlərin 80 faizi özəl bölmənin payına düşür. Osman Gündüz hökumətə bir neçə sual da ünvanlayır:

«Heç bir gəlir gətirməyən telekommunikasiya infrastrukturunun sonu necə olacaq? Onu bu vəziyyətdə saxlamağa dəyər, ya yox?».

O, hökuməti dövlət resurslarını gücləndirilməyə və ya islahat apararaq, özəlləşdirmə üzərində düşünməyə də çağırır.

«Sağdan sola 3-5 qəpiyə, soldan sağa 23 qəpiyə keçirsənsə...»

İKT eksperti Xankişi Xankişiyev isə problemin köklərinə baxmağı təklif edir:

«Telekommunikasiya sektorunda bir operator və ya provoyder digərinin resursllarından istifadə etməyə məcburdur. Məsələn, BTRİB abunəçisi Azercell mobil telefon abunəçisinə zəng edəndə, hər iki şəbəkədən istifadə edilir. Bəs bu halda kimin payına nə düşür? Təsəvvür edək ki, BTRİB ilə Azercell arasında bir körpü var və onun üzərindən sağdan sola keçid 3-5 qəpik, soldan sağa isə 23 qəpikdir. Nəticədə, təbii ki, sağdan sola axın seli yaranır».

Ekspert operator və provoyderlər arasındakı münasibətlərə də diqqət çəkir və bu münasibətlərin tənzimlənmədiyini vurğulayır.

CityNet, AG Telekom və ya digər provoyderin optik kabel çəkdiyi binada BTRİB-in Bakinternet şəbəkəsindən optik internet istəyir.

Həmin binada optik kabel olsa da, BTRİB eyni evə yeni optik kabel çəkərək, internetə qoşur. Bütün bunlar əlavə xərcdir və tariflərin yüksək olması da belə hallardan qaynaqlanır. Xankimi Kişiyev belə düşünür.

XS
SM
MD
LG