Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:13

-

Xarici işlər naziri Elmar Məmmədyarov Alman Xarici Siyasət Cəmiyyətində «Azərbaycan və onun qonşuluğu: Xarici və təhlükəsizlik siyasətinin çağırışları» mövzusunda geniş məruzə ilə çıxış edib.

Azərbaycan Xarici İşlər Nazirliyi çıxışın mətnini yayıb.

E.Məmmədyarov Azərbaycanın regionda sabitliyin, inkişafın və beynəlxalq tərəfdaşlığın təmin edilməsində rolu haqda danışıb. Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı regional layihələrin iqtisadi və geosiyasi əhəmiyyətini qeyd edib.

O, Qarabağ münaqişəsi ilə də bağlı ətraflı bilgi verib.

Nazir bildirib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Sülh danışıqları isə Ermənistan işğal etdiyi əraziləri boşaltmadığından real nəticə vermir.

O, deyib ki, son vaxtlar cəbhə xəttinə yaxın ərazidə yaşayan azərbaycanlı mülki əhaliyə qarşı hücumlar artıb və beynəlxalq humanitar hüquq normaları açıq-aşkar pozulur.

Elmar Məmmədyarov mayın 10-da Almaniyaya gedib. O, mayın 11-də almaniyalı həmkarı Frank-Walter Steinmeier, kanslerinin xarici əlaqələr və təhlükəsizlik siyasəti məsələləri üzrə müşaviri Christoph Heusgen-lə görüşüb.

Aprelin 2-dən 5-nə qədər təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon ( Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

Ermənistan qoşunlarının işğal olunmuş rayonlardan çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Amma bu qətnamələr yerinə yetirilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG