Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:08

Əl-ayağı sındırılan vətəndaşın polisdən şikayəti


İlham Əliyev və John Kerry

İlham Əliyev və John Kerry

-

Azərbaycanın xarici siyasəti, dollarla götürülən kreditlər, insan haqları və polisdən şikayət bu gün medianın aparıcı mövzusudur.

DÜNYA BİRLİYİ ÖLKƏMİZLƏ HESABLAŞIR

«Azərbaycan» qəzetində «Lider qətiyyəti ilə reallaşan uğurlu xarici siyasət kursu» adlı məqalə dərc edilib.

Müəllif yazır ki, Azərbaycan beynəlxalq miqyasda etibarlı tərəfdaş və böyük nüfuz sahibi kimi qəbul olunur.

Yazıda qeyd edilir ki, artıq, Azərbaycanla heç kim təzyiq dili ilə danışa bilməz. «Aprelin əvvəllərində cəbhə xəttində baş verənlər də Azərbaycanın xarici siyasət kursunun növbəti nailiyyətindən qaynaqlanmışdı. Çünki bundan bir neçə gün əvvəl prezident İlham Əliyevin böyük uğurla başlayan ABŞ səfəri, sözün əsl mənasında, Azərbaycanın xarici siyasətinin mühüm müvəffəqiyyətlərinin sübutuna çevrildi. Bu uğuru həzm edə bilməyən Ermənistan dördgünlük müharibədə layiqli dərsini aldı. İşğalçı ölkənin təxribatlarının qarşısının alınması istiqamətində aparılan əməliyyatlar həm də ölkəmizin hərbi üstünlüyünün praktik təsdiqi oldu. Eyni zamanda bu hadisə Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü xarici siyasətin də effektivliyini göstərdi», - müəllif Rəşad Cəfərli yazır.

Böhran

Böhran

BANKLARA «YAŞIL İŞIQ», VƏTƏNDAŞA «DAR AĞACI»

«Azadlıq» qəzeti «Banklara «yaşıl işıq», vətəndaşa «dar ağacı»» sərlövhəli məqalədə yenə dollarla götürülmüş kreditlər mövzusuna toxunur.
Müəllif yazır ki, hakimiyyət özünə yaxın banklara sağlamlaşdırma adı ilə milyardlar verir. Ancaq dollarla götürülmüş kreditlərin köhnə kursla ödənilməsindən ötrü 250 milyon dollar ayırmaq istəmir: «Necə olur ki, vətəndaşa 250 milyonluq güzəşt edəndə, maliyyə intizamı pozulur, amma banklara güzəşt məsələsi gündəmə gələndə, milyardlar havada oynayır?».

Məqalədə qeyd edilir ki, Dünya Bankı manatın devalvasiyasından sonra dolların məzənnəsinin qalxması nəticəsində xalqa dəyən ziyanın dövlət, bank və vətəndaş arasında bölünməsi təklifini verib: «Bütün bunlar bir daha təsdiqləyir ki, hökumət məqsədli şəkildə vətəndaşı zülmə salır. Utanmadan, çəkinmədən də göstərirlər ki, xalqa üz çevirsək də, banklarımıza qucaq açırıq. Göstərirlər ki, xalqı zülmdən azad etməsək də, öz banklarımızı mənfəət vergisindən azad edirik».

Müəllif yazının sonunda da qeyd edir ki, bu kredit borclarına görə intihar halları çoxalıb: «Bir sözlə, banklara yaşıl işıq, vətəndaşa intihar yolu göstərirlər. Vətəndaş «dar ağacı»na layiq görülür».

Thorbjørn Jagland

Thorbjørn Jagland

AZƏRBAYCAN TƏNQİD EDİLİB

«Exo» qəzeti Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın quruma üzv ölkələrdə 2015-ci ilin nəticələrinə görə, insan haqlarının, media və birləşmə azadlıqlarının durumuna dair hesabatından çıxarışlar dərc edib. Bu hesabatda insan haqlarının durumuna görə Azərbaycan mənfi kateqoriyada yer alır. Məqalədə oxuyuruq: «Azərbaycanın adı dövlətin nəşrlərin əksəriyyətini nəzarətdə saxlayan və məzmununu senzuraya məruz qoyan ölkələr sırasında çəkilir».

Yazıda qeyd edilir ki, ölkədə insanların daha çox toplaşdığı məkanlarda aksiyalara icazə verilmir. Aksiya iştirakçıları sərt cəzalara məruz qalır: «2013-cü ilin dekabrında QHT-lərin fəaliyyəti ilə bağlı bir sıra qanunlara dəyişikliklər edildi. Qanunlarda bu müddəalar elə yazılmışdı ki, hüquq-mühafizə orqanlarının geniş müdaxiləsinə yol açırdı. AŞPA Azərbaycana həmin qanunlara yenidən baxmağı tövsiyə edir».

Məqalədə QHT-lərin qeydiyyatı ilə bağlı problemlərə də toxunulur. Üstəlik, qeyd edilir ki, Avropa Məhkəməsinin qərarları tam şəkildə yerinə yetirilmir.​

Polis

Polis

POLİS QONŞUSUNU DÖYÜB?

«Bizim Yol» qəzeti Kürdəmir rayon sakini Qılman Piriyevi polis işçisinin döyməsi və bu şikayətin obyektiv araşdırılmaması ilə bağlı vəkilin iddialarına geniş yer verib. Qəzetdə Q.Piriyevin vəkili Bəhruz Bayramovun Baş prokuror Zakir Qaralova müraciəti də dərc edilib.

Müraciətdə vəkil qeyd edir ki, Q.Piriyev martın 31-i məscidin qarşısında döyülüb. Bu, müşahidə kameralarında da öz əksini tapıb. Vəkilin yazmasına görə, hüquqlarını müdafiə etdiyi şəxsin döyülməsinə səbəb isə ona qonşu olan həmin polisin həyəti ilə öz evi arasında hasar çəkmək istəməsi olub. Vəkil yazır: «Qılmanın ayağı 5, əli 4 yerdən sındırılıb. Əli ola bilər ki, kəsilsin, kəllə-beyin travması alıb, daxili orqanları zədələnib. Müstəntiq isə deyir ki. ekspertiza yalnız qolunun sındırılması haqda rəy verib. Əslində isə, heç bir ekspertiza keçirilməyib».

Vəkilin bildirməsinə görə, hüquqlarını müdafiə etdiyi şəxsi polisdən başqa, onun 3 qohumu da döyüb. Dörd nəfərdən yalnız bir nəfər cinayət məsuliyyətinə cəlb edilib. Vəkil Z.Qaralova müraciətində 4 nəfərə qarşı qəsdən ümumi təhlükəli üsulla və xuliqanlıq niyyətli əmələ görə ittihamı irəli sürülməsini istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG