Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:21

►Bir səhmdar başqasına qeyri-rəsmi dividend ödəyəcək.

Bugünlər «European Tobacco-Baku» ASC-nin səhmdarları ilə rəhbərliyi arasında qarşıdırma yaşanıb.

Səhmdarlar ödənilən dividendin azlığından narazı qalıblar.

Münaqişə tez bir zamanda yatırılıb. Səhmdar cəmiyyəti idarə heyətinin sədri, deputat Rüfət Quliyev, Müşahidə Şurasının üzvü, professor Qəzənfər Paşayev və başqaları səhmdarları dinləyəndən sonra irəli sürülən şərtlərə öz münasibətlərini bildiriblər.

Hər kiçik səhmdara 85 manat yardım

Şirkətin yaydığı açıqlamada deyilir ki, əsas səhmdarın («SOREX Management İNC») hesabına səhmdarlara kömək məqsədilə ayrıca 51 min manat dividend ödəniləcək. Qərar əsas səhmdarla - «SOREX Management İNC») şirkətiylə razılaşdırılıb və yardım həmin qurumun hesabına gerçəkləşdiriləcək.

«European Tobacco-Baku» ASC-nin 600-dək səhmdarı var. Əsas səhmdarın verəcəyi məbləğdən onların hər birinə 85 manat düşür.

«Bəzən heç onu da verməyiblər...»

Səhmdar Vəzir Rəcəbov AzadlıqRadiosuna bildirib ki, əvvəllər minoritar səhmdarların payı 7,5 faiz idi (“minoritar səhmdar” deyərkən, səhm sayı şirkətin birbaşa idarəçiliyinə imkan verməyən fiziki və ya hüquqi şəxs nəzərdə tutulur - red.). Nizamnamə kapitalının artırılması, eləcə də bir bir çoxlarının öz səhmlərini satması nəticəsində indi 44,6 milyon manatlıq sərmayədə onların payı 0,75 faizə düşüb:

«Az səhmli səhmdarların hər birinə özəlləşdirmə nəticəsində hərəsinin nominal dəyəri 20 manat olan 28 səhm verilib. Hər il bu səhmlərə görə 10-15 manat dividend ödənilir. Bəzən heç onu da verməyiblər».

____________________________________________________________

Bunlara da bax:
Tale Bağırzadə ev dustaqlığına buraxılmadı
Gənc fəalların yeri bilinmir

____________________________________________________________

Yaxın günlərdə «European Tobacco-Baku» ASC səhmdarlarının növbəti ümumi yığıncağı olacaq. Orada həm illik dividendlər, həm də «SOREX Management İNC» şirkətinin yardımı ödəniləcək.

Gələcəkdə nəzərə alınacaq?

Sözügedən açıqlamada o da vurğulanıb ki, səhmdarların səhm faizinin azlığı gələcəkdə nəzərə alınacaq və «SOREX Management İNC» şirkətinin hesabına ödəniləcək dividendlərin məbləği artırılacaq.

Bütün bunlardan sonra ortaya bir sual çıxır: Səhmdardan səhmdara dividend və ya başqa bir tərzdə pul ödənilməsi normal bir haldır, ya yox?

«Kapital Menecment» İnvestisiya Şirkətinin rəhbəri Cəfər İbrahimli AzadlıqRadiosuna deyib ki, «European Tobacco-Baku» ASC illik maliyyə hesabatını açıqlamadığından, bu şirkətin maliyyə göstəriciləri, elan edilən və ödənilən dividendlər barədə məlumatı yoxdur:

«Belə ənənə ilə tanış deyiləm»

«Mülki Məcəllənin 106-cı maddəsinə görə, səhmdar cəmiyyətində dividend xalis mənfəətdən ödənilir və səhmdar səhmlərinə mütənasib qaydada bölünür. Dünyada bir səhmdarın başqa bir səhmdara ianə, dividend ödəməsi ənənəsi ilə tanış deyiləm».

Səhmdarlar bu rəsmi və qeyri-rəsmi dividendlərdən narazı qalarlarsa, o halda səhmdar cəmiyyətinin rəhbərliyi onlara alternativ yol təklif edib: Səhmləri «Evraziya Co., Ltd.» MMC-yə nominal qiymətindən iki dəfə baha satmaq. Qeyd olunan şirkət «Gilan Holding» şirkətlər qrupu ilə eyni ünvanı (Azərbaycan prospekti, 38) bölüşür.

Bir fakt da maraq doğurur

«SOREX Management İNC» şirkətinə gəlincə, bu, offşor şirkətdir və Böyük Britaniyanın Virgin adalarınra qurulub. Bir fakt da maraq doğurur ki, mustəqil araşdırma qrupunun hesabatına görə, Bakı tütün kombinatı səhmlərinin satışı üzrə keçirilmiş investisiya müsabiqəsinin də qalibi «SOREX Management İNC» şirkətidir. Səhmlərin alqı-satqı müqaviləsi də onunla bağlanıb. Digər rəsmi mənbə isə səhmdar cəmiyyətinin «European Tobacco İnc» şirkətinə daxil olduğunu yazır. Bu şirkət səhmlərin satışına dir müqavilə imzalanmasına 5 gün qalmış (11 avqust 1999-cu il) Böyük Britaniyada təsis olunub. Hesabatlara görə, əsasən, zərərlə işləyən şirkətin sahibləri Livan əsilli Nameer, Nazar v ə Ramez Nasri-lərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG