Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:28

C.Hacıbəyli: Bizləri artıq “Rusiya” cildinə daxil etmək olmaz


Ceyhun Hacıbəyli

Ceyhun Hacıbəyli

-

SSRİ dövründə azərbaycanlı mühacirlər Avropada anti-bolşevik, müstəqil, demokratik Azərbaycan uğrunda hərəkat aparırdılar. Onlar bu məqsədlə bir mərkəz və radio yaratmağa çalışırdılar.

Ceyhun Hacıbəyli Fransada yaşayarkən "La Revul du Mond Müsulman", "La Fiqaro" kimi mətbu orqanlarla əməkdaşlıq etmiş, "La Revul des Deux Mende" adlı jurnalda çalışmış, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan" jurnalının redaktoru olmuşdur. "Azadlıq" radiosunun yaradıcılarından sayılır.

Ceyhun Hacıbəyli

VİSBADENDƏN ŞTARNBERQƏ

Ceyhun Hacıbəyli (1891-1962)

Ceyhun Hacıbəyli (1891-1962)

İyunun sonunda Bavariyanın bu gözəl qəsəbəsində keçirilmiş konfrans yalnız ikicə gün sürdü. Bu konfrans Visbaden konfransının davamı idi, məqsəd Visbadendə həll edilməmiş məsələləri müzakirə edərək ümumi antibolşevik cəbhəsi təşkil olunmasına münasib qərarlar çıxarmaq idi.

Məlum olduğu kimi, Visbaden konfransı iki mühüm nöqtəni həll edə bilmədiyindən, məsələni yeni bir plenuma həvalə edərək, ümumi bir deklarasiya ilə iktifa etmişdi. Həll olunmayan nöqtələrin ən mühümü ad məsələsi idi:

Ruslar gələcək mərkəzin adını “Rusiya millətləri istihlası ittifaqı” (SONR) adlandırmaqda israr edirdilər. Bu təklifi biz qəti surətdə rədd etdik: vaxtilə biz öz istiqlalımızı elan etmişik, bizləri artıq “Rusiya” cildinə daxil etmək doğru olmaz...

Bu əsas nöqtə üzrə ruslarla bizim aramızda ziddiyyət çıxacağı bəlli olduqda, Amerikan Komitəsi nümayəndəsinin təşəbbüsü ilə məsələnin artıq açıq qalmasına və gələcək plenumda həll olunmasına razı olduq.

Bu kompromis konfransı böhrandan qurtardı. Digər həll olunmamış məsələ gələcək mərkəzin əsas təşəkkülü idi; lakin zənn etmirəm ki, bu məsələ aramızda böyük ixtilaflara səbəb olsun. Ştarnberg konfransı zatən Visbadendə seçilmiş “beinul-milel komisyon”un öhdəsinə düşən vəzifəni ifa etdi. Məlum olduğu kimi, bu komissiya ruslardan və qeyri-ruslardan mütəşəkkil üçər kişidən ibarət bir orqanizm idi: biz tərəfdən Azərbaycan, Gürcüstan və Türküstan nümayəndələri qeyri-rus millətlərini təmsil edirdilər.

Bu komissiya gələcək plenumu hazırlamaq və mümkün qədər mərkəzə başqa təşkilatları da cəlb etməyə imkanlı idi. Lakin ruslardan bəziləri Visbaden konfransını tərəfgir bir şəkildə təsvir etdiklərindən, Amerikan Komitəsi Avropa nümayəndəsi ilə onların aralarında münaqişə törədi; sonra bəzi rus qrupları tərəfindən müşahidə edilən hərəkətlər komissiyanı icra fəaliyyətindən birdəfəlik məhrum etdi.

Beləliklə, bir çox vaxt keçdi. Rus qruplarının əsəbiləşib getməklərini biz qeyri-rus təşkilatları kamallıqla və soyuqqanlılıqla qarşıladıq. Amerikan Komitəsinin sərf etdiyi qeyrət və zəhmətlərini artıq şərhlər və dedi-qodularla ağırlatmaq istəmədik. Ruslarsız anti-bolşevik cəbhə düzəlməsini onlar qeyri-mümkün sayırlar. Haqlımıdırlar və ya səhv edirlər, bu başqa məsələ. Hər halda yüz milyonluq bir kütləni ihmal etmək istəmirlər.

Dünyanın tək-tək önəmli adamlarının ağızlarından ara-sıra başqa notlar eşidib, özümüzə illüziyalar bəsləmək, təəssüf ki, bihudə bir xəyaldır. Beynəlmiləl durum heç kimsəyə “uzun gələcək ölçüsü” siyasət yürütməyə imkan vermir. İnsanlar “gündən-günə” yaşayırlar və gələcək də qara buludlara bürünmüşdür.

Belə vəziyyəti nəzərə alaraq, bizlər də rus müttəfiqlərimiz əleyhinə əks-nümayiş etməkdən çəkindik. “Küsən” rus qruplarından ikisi Ştarnberqə gəldilər. Birisi gəlmədi, “naz” edir.

Deməli, Ştarnbergdə bu dəfə dörd rus və altı qeyri-rus təşkilatı görüşdü. Müşavirə ümumən, sülhpərvər bir atmosferdə keçdi. Yenə də ümumi ad məsələsi gələcək plenuma buraxıldı, komissiya seçildi ki: birisi siyasi, digəri isə radio işlərini yürüdüb, cari işlərin aparılması üçün dərhal fəaliyyətə keçdi. Hər iki komissiya hələ fəaliyyətdədir.

Bu günlərdə əsil məsələlərin necə həll olunması xüsusunda siyasi komissiya toplantıya dəvət edildi və bu xüsusda hər bir fikirlər dinlənildi. Təəssüf ki, bir qərar çıxarmaq mümkün olmadı, məsələ gələcək plenuma həvalə edildi.

Müsbət bir məsələ həll edildisə də, o da radio stasionunun irəliləməsidir. Radio komissiyası bu yolda ciddi surətdə çalışır və bəlkə də bu yaxında yurddaşlarımızla şifahi şəkildə dərdləşə bilərik. Ümumi mərkəz olarmı və ya olmazmı, buna yüz faiz nə hə, nə də yox demək qeyri-mümkündür, lakin radio ilə təbliğatımızın davamı artıq yüz faiz təmin edildi.

Təbii, ruslarla müəyyən şərait daxilində anlaşmağı biz də istərdik. Bu, bizim üçün indidən bir qarantiyadır. Lakin nə etməli? Bu anlaşma mümkün olmasa da, əldə etdiyimiz müsbət nəticələr az deyildir:

Bugünlərdə məmləkətimizi və millətimizi Batı demokratiyası daha da çox tanıyar və bəşəri hüquqlarımızı müdafiə edər. Təbliğatımız qüvvətlənər və yurddaşlarımızın yaxın zamanda ən dəhşətli bir əsarətdən qurtaracaqlarına imanları artar.

Münhendə “Azərbaycan” jurnalı, iyul 1952-ci il, N 3

Nəsiman Yaqublunun "Azərbaycan mühacirət irsi" kitabından

Günün bütün mövzuları

XS
SM
MD
LG