Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:00

M.Tağı Sidqi. Ölkədə hərə öz hayındadır


M.T.Sidqi
M.T.Sidqi

-

"Baş nazirdən tutmuş adi qulluqçuya qədər hərə öz şəxsi mənafeyini güdür. Rüşvətxorluq baş alıb gedir..."



Məhəmməd Tağı Sidqi

Məmmədağa Şahtaxtinskiyə məktubu

(XIX əsr Azərbaycan maarifçilərinin yazışmalarından)

M.Şahtaxtinski. 1907-ci ildə Rusiya Dumasında deputat oldu
M.Şahtaxtinski. 1907-ci ildə Rusiya Dumasında deputat oldu

Salam-dua yazmağa qələm götürdüm, bütün İran qəmini yazmaq üçün.

İran qəmini və onun viran olmasını. Həddən keçib, bilmirəm hansını yazım.

Ey mənim vətənpərvər və maarifsevər əziz dostum! Sənə qurban olum.

Neçə vaxtdır ki, bir-birimizdən xəbər tutmuruq, məktublaşmırıq. Əhvalımın pərişan olmasından məktub yazmağa belə, məndə güc qalmamışdır. Xəcalətli olduğuma görə məktub yazmağa cəsarət etmirdim.

Bu gün mənə çox əziz və mehriban olan dostlarımdan biri Məşədi Qurbanəli Şərifzadə Naxçıvani həyat yoldaşı ilə ziyarətə getdiyindən fürsət tapıb bu məktubu cızma-qara etdim.

Məktubu gətirən şəxslə oturub çəkinmədən hərtərəfli söhbət edə bilərsiniz. Çox gözəl xasiyyətli, bilikli və geniş təfəkkürlü bir şəxsdir.

Özüm də bilmirəm nədən başlayım. Siz indi düşünəcəksiniz ki, mən yenə də vətənpərəstlikdən, vətənsevərlikdən, vətənpərvərlikdən, filankəsin vətəni belə oldu, elə oldu və buna bənzər sözlərdən yazacağam. Xeyr. Artıq belə ifadələrdən boğaza yığılmışam.

Vətən, vətən - deməkdən bir nəticəyə gələ bilmədim. Saçlar ağardı, qara günlərə qaldıq. Özümün yazdığım türkcə bir beytlə sözümü davam etdirirəm:

Nə yar yarım olaydı, nə mən vüsala yetəydim,

Nə gərdəninə rəğibin qolu həmayil olaydı.

Cərimə və rüşvət almaqla, bir-birinə qatmaqla kəndləri talayırlar ki, özləri və uşaqları üçün var-dövlət əldə edib həyat sürsünlər.

Həqiqətən, nə belə Vətən olaydı, nə bu qədər dərd-qəm. Dərd-qəmin çoxluğundan səbr kasamız dolub, daşıbdır.

Keçmişdə onun sərhədləri nə qədər olub, indi nə qədərdir.

Əcnəbilər torpaqları zəbt ediblər. Daxili işlərinə qarışırlar. Əcnəbilərin nüfuzu həddən artıqdır ki, onları yazmaqla qurtarmaz.

Hər kəs öz hayındadır. Baş nazirdən tutmuş adi qulluqçuya qədər, hərə öz şəxsi mənafeyini güdür. Rüşvətxorluq baş alıb gedir. Hamı öz hayındadır. Özbaşınalıq ölkəni bürüyüb gedir.

Məhəmməd Tağı Sidqinin ev muzeyi
Məhəmməd Tağı Sidqinin ev muzeyi

Bünövrəsi dağılan binanı yenidən bərpa etmək mümkün deyildir. Hərə özü üçün çalışır.

Cərimə və rüşvət almaqla, bir-birinə qatmaqla kəndləri talayırlar ki, özləri və uşaqları üçün var-dövlət əldə edib həyat sürsünlər.

Arxda axan su bir də geri qayıtmaz.

Düşmənlərin bu hücumlarına sinə gərə bilmədiklərinə görə öz mənafelərinə üstünlük verib hər gün təmkinlə əcnəbilərə imtiyazlar verir, rüşvət alır, medallar satır, ləqəblər hədiyyə edir, maaşları kəsirlər.

Var-dövlət toplamaq, vətəni satmaq və başqa-başqa işlərdən çəkinmirlər. Biz özümüz də başqa millətin nüfuzu altında olduğumuza görə, cürbəcür münasibət və bəlalara düçar olduğumuza görə, başqasının dərdini çəkmək bizə lazımdırmı? Onlar dostu düşməndən, nuru zülmətdən, azadlığı əsarətdən ayıra bilməyib, öz dərdlərinə əlac yolu axtarmaq fikrində deyillər.

Biz nəyə görə mədəniyyət izləri görünməyən bir vətənin dərdini çəkməliyik?

Əgər inkişaf əlamətləri nəzərə çarparsa, о da öz xeyirlərinə görədir. Müvəqqəti mənfəətlər isə yatmış millətə qismət olacaqdır. Onların bu işığın haradan gəldiyindən xəbərləri yoxdur. Bu suyun haradan axdığından xəbərsizdirlər. Bilmirlər ki, bu axar su kimləri suvaracaqdır. Bəli, о balıqlar ki, dərya içrədir, dəryanı bilməzlər.

Biz də hər bir şeyin daşını atıb, lal-каг bir qıraqda oturmuşuq. Biz də öz məqsədimizdən əl çəkmişik. Axırı necə olarsa, olsun. Bundan sonra «Vətən» sözünü unudacağıq. Vətən mahnsını oxumayacağıq. Xainlərin, vətəni satanların gözü aydın olsun! Qonşu ölkənin mühəndisləri Culfa-Qəzvin dəmiryolunun layihəsini hazırlamaq məqsədilə İrana gəlmişlər. Layihə hazır olandan sonra (üç aydan sonra) dəmiryolunun çəkilişinə başlayacaqlar. Qeyrətsizlərə muştuluq verirəm.

Əcnəbilərin niyyəti həmin dəmiryolu ilə yerinə yetirildi. Bu yolla öz niyyətlərini həyata keçirdilər. Bundan qaçmaq mümkün deyildir. Şükürlər olsun ki, İranda buna qarşı çıxanlar da oldu.

Aydındır ki, bu barədə İranı Hindistanla müqayisə etmək olmaz. Keçmişdə İran pul əməliyyatı bank olmadan tənəzzül etdiyindən, bundan sonra inkişaf edəcəkdir.

"Hikmət" qəzetinin katibi olan Mirzə Mehdi bəyi ayrı-ayrı səbəblərdən Misirdən Tehrana gətirib susdurdular və yazmağa qoymadılar. «Pərvəriş» qəzetinin müdiri yaxşı ki, bağrı çatlayıb, tez dünyasını dəyişdi (Mirzə Əliməhəmməd xan). Dövlət adamları və millət vəkilləri onun ölümünə sevinməlidirlər. Ona görə ki, onun dili və qələmi çox iti idi. Yas saxlamaqdansa, şənlik etməlidirlər.

Rəşt şəhərində sakin olan Əminəddövləni də İrandan sürgün etməlidirlər. Ona görə ki, o, İranın indiki vəziyyətindən narazıdır. İranın nazirlərini arsız adlandırır və deyir ki, onlar işləmirlər. Aldıqları borcları hara xərclədiklərini soruşur. Bəzən Avropa ölkələrinə etdikləri səfərlərin nəticəsini yada salır. Bəzən dodaqaltı İran alimlərinə lənət yağdırır. Sakit dayanmır...

1902-ci il, Naxçıvan.

Qaynaq:

"M.T.Sidqinin əsərləri". Bakı: Çaşıoğlu, 2004

XS
SM
MD
LG