Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:34

Qərbin müsəlman liderləri İŞİD-lə savaşır


İmam Suhaib Webb seminar iştirakçılarını salamlayır.
İmam Suhaib Webb seminar iştirakçılarını salamlayır.

-

Rusiyanın dezinformasiyası niyə təhlükəlidir? Erdoğan-ın Avropada ən güclü adama çevrilməyi – 9 may Qərb mediasının icmalı.

«İslam Dövləti» (İŞİD) qruplaşmasıyla mübarizə hərbi və siyasi müstəvidə gücləndikcə, Qərbdəki müsəlman imamlar və alimlər teologiya cəbhəsində savaşır. Bunu «The New York Times» qəzetində Laurie Goodstein yazır.

Vaşinqtonda dini lider İmam Shuain Webb İŞİD-in dini iddialarını təkzib etməkdən ötrü aylıq video söhbətlər aparır. O, «İŞİD və dondurma» adlandırdığı söhbətlərini dondurma satılan zallardan təşkil edir, bununla da ekstremistlərin bostanına daş atır. Kaliforniya ştatında, Berklidə müsəlman alim Şeyx Hamza Yusuf isə müsəlmanları İŞİD-in «səfeh gənclər»inin sözlərinə aldanmamağı tövsiyə edir. Onun «İŞİD-in böhranı» adlı moizəsini milyonlar dinləyib. O, ağlayaraq Allaha yalvarır ki, «aramızdakı bu axmaqlar»ın etdiklərinə görə digər müsəlmanları günahlandırmasın.

Müəllif yazır ki, İŞİD bu söhbətləri gözardı etməyib, Qərbdə 11 müsəlman və alimi təhdid edib, onları «kafir» adlandırıb. Təhlükə o dərəcədə realdır ki, ABŞ-ın Federal Təhqiqatlar Bürosu (F.B.I.) İŞİD-in satirik jurnalında adı çəkilənlərlə əlaqə saxlayıb, onların təhlükəsizliyindən ötrü gərəkən addımları atıb. Bunu qurumun sözçüsü Andrew Ames deyib.

«Ölüm təhdidləri müsəlman liderlərin İŞİD-i qəzəbləndirməsinin əlamətidir. Silahlı qruplaşmanı öyrənən təhlilçilər belə söyləyir. Bu liderlərin nüfuzunun artması onların zorakı ekstremizmlə mübarizədə sakit dayanması iddialarına ziddir», - müəllif yazır.

«Elə İŞİD-i ən çox incidən də budur. Danışan müsəlmanların özləridir», - vaxtilə islamçı qruplaşmaya qoşulmuş kanadalı Mubin Shaikh deyir. O, hazırda radikallaşmayla mübarizə sahəsində hökumətlərə məsləhətlər verir. «İŞİD-in bu adamları susdurmağa çalışması isə qorxu yaradır».

Müsəlman liderləri hədəyə ciddi yanaşdıqlarını söyləsələr də, geri çəkilmək fikrində olmadıqlarını bildiriblər. Onlar mühafizəçilər götürüb, iş yerlərinin təhlükəsizliyini möhkəmləndiriblər, bəziləri evlərində silah saxlayırlar.

«İŞİD tərəfindən pislənilmək şərəfdir», - sosial mediada gənc müsəlmanlarla işləyən İmam Webb vurğulayır. «Bunu həyatımın ən böyük uğurlarından sayıram. Bu, məni yalnız canlandırıb».

Russia Today-in Moskva offisi
Russia Today-in Moskva offisi

RUSİYA DEZİNFORMASİYASININ TƏHLÜKƏSİ

«15 il öncə xarici dezinformasiyanın Avropa ölkələrinə problem yaradacağı ideyası absurd səslənərdi. Azad medianın azad bazarlar kimi zəfər çaldığı düşünülürdü. Böyük televiziya və qəzetlər maliyyə sarıdan əziyyət çəkmirdi, izləyiciləri çox idi. Ancaq vaxtilə qitə boyunca medianı dəstəkləyən biznes modeli daha işləmir. Qərb jurnalistikasının resursları zəifləyib, informasiyanın sürətli artımı adamların onun dəqiqliyi barədə mühakimə yürütməsini çətinləşdirir».

«The Washington Post» qəzetində Anne Applebaum və Edward Lucas Rusiya və Çin kimi avtoritar rejimlərin alternativ istehsalına böyük investisiya yatırmalarına diqqət çəkir. Rusiyanın «Russia Today» (RT) və «Sputnik» xəbər agentliyi Avropanın kiçik bazarlarında rahatlıqla oturuşa bilib. Hətta böyük ölkələrdə belə, Rusiya sosial mediadan yararlanmaqla təsir dairəsini böyüdür. Almaniya kansleri Angela Merkel ölkənin kəşfiyyat agentliyinə tapşırıb ki, Almaniyada guya bir rusiyalı qızın qaçqınlar tərəfindən zorlanması hekayətinin böyük qalmaqala çevrilməsində Rusiya təbliğatının rolunu araşdırsın.

Müəlliflər yazır ki, Rusiya media vasitəsilə özünün təbliğindən çox, Qərb institutlarına zərbə vurmağa çalışır. Məsələn, RT miqrantlar barədə qorxulu nağıllar uydurur, Qərbi irqçi və ksenofob kimi təsvir edir. Avropada isə ifrat sağçı və solçu siyasi partiyalar bu mesajları dövriyyə buraxır, Kremlin xarici siyasət dəyirmanına su tökürlər.

«Hələlik, Birləşmiş Ştatlar bu problemlə ciddi məşğul ola bilməyib. ABŞ İnformasiya Agentliyinin müasir ekvivalenti yoxdur. Həmin agentlik Soyuq Müharibə dövründə sovet təbliğatı və dezinformasiyası ilə savaşırdı. ABŞ Azad Avropa/Azadlıq Radioları kimi yayımçılara əlavə vəsait ayırsa da, onlar yenə də bu işin öhdəsindən tamamilə gələ bilmirlər».

«Rusiyanın nə zaman, harada nə deməsinin təhlilini aparan yoxdur. Hətta Qərbin kəşfiyyat qurumları deyilənlərin mətnini çıxarıb toplamır. Rusiyanın verdiyi mesajların hansıların səmərəli olduğunu, onlara kimin, niyə inandığını bilmirik. Artıq bilməliyik, bunun vaxtı çoxdan çatıb. Çin kimi ölkələr oxşar metoddan istifadə etməyə başlayıblar. 15 il öncə azad mediaya meydan oxuyan yox idi; ancaq 15 il sonra, Ukraynanın 2 il öncə üzləşdiyi kimi, elə dezinformasiya kampaniyasının hədəfinə çevrilərik ki, onunla savaşmağa gücümüz belə yetməz».

R.T.Erdoğan
R.T.Erdoğan

ERDOĞAN-IN AVROPADA ƏN GÜCLÜ ADAMA ÇEVRİLMƏYİ

Böyük Britaniyanın «The Spectator» saytında Douglas Murray «Türkiyə Avropanın bir hissəsidirmi» sualının indi daha akademik səsləndiyini qeyd edir. Müəllifin fikrincə, birincisi, Türkiyənin liberal trayektoriyası çoxdan dayanıb və geriləməyə başlayıb. İkincisi, indi ölkə, istər-istəməz, Avropaya daxil olmaqdadır.

«Prezident Recep Tayyip Erdoğan AB-ni 75 milyonluq türkiyəliyə Şengen vizasını verməyə dilə tuta bilib. O, sələflərinin edə bilmədiklərini həyata keçirdi. Qorxutma, təhdid və şantaj dilinə əl ataraq Avropanın qapılarını taybatay açdıra bildi», - müəllif yazır.

Yazıda vurğulanır ki, Türkiyədə 2.7 milyon suriyalı qaçqın var və Erdoğan onlardan silah kimi istifadə etdi, Yunanıstana göndərməklə hədələdi. Avropa Birliyi də Türkiyənin şərtlərini qəbul etməli oldu, kürdlərə münasibətə, Şimali Kiprin qanunsuz işğalının davam etməsinə göz yumdu.

«Miqrant axınından xilas olmağa çalışan AB qapılarını 75 milyonluq türkün üzünə açır. Ola bilsin, Erdoğan-a heç AB üzvlüyü də gərək deyil. O, sadəcə, Avropanı idarə etməkdən zövq alır, türklərə bir qitəni, azından onun liderlərini necə titrətdiyini göstərir. İndi Avropa özünü ölümdən çox qorxduğundan intiharı seçən biri kimi aparır», - müəllif qeyd edir.

XS
SM
MD
LG