Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:07

Virgina Woolf. Güvənin ölümü


Virginia Woolf
Virginia Woolf

-

Zəmilərin böyüklüyünə, səmanın genişliyinə, evlərin tüstü qalxan bacalarının uzaqlığına və dənizdəki buxarlı gəminin hərdən çıxardığı romantik səsə baxmayaraq, onun bacardığı bu qədər idi. Əlindən gələni edirdi.

Virginia Woolf

Güvənin ölümü

(esse)

Gündüzlər uçan güvələrə “güvə” deyilməsi düzgün deyil, onlar sarı alt qanadları ilə pərdə kölgəsində yatan növlərinin içimizdə yaratdığı qaranlıq payız gecələrinin, sarmaşıq çiçəklərinin o xoş hisslərini yaratmır. Onlar hibrid canlılardır, nə kəpənəklər kimi şən, nə də öz növləri qədər kədərlidirlər.

Ancaq dar, saman rəngli və ucları girinti-çıxıntılarla əhatələnmiş qanadları olan bu növ həyatından məmnun görünür.

Xoş bir səhər idi, sentyabrın ortası, mülayim, yumşaq, ancaq hələ də yay aylarına görə kəskin meh əsirdi. Kotan artıq pəncərə qarşısındakı tarlanı şumlamağa başlamışdı, bölgü aparılmış yerdəki torpaq hamarlanmışdı və rütubətdən parıladayırdı.

Tarladan elə bir enerji axırdı ki, gözləri kitabda tutmaq çətin idi. Qaraqarğalar da illik festivallarından birini qeyd edirdilər, içində minlərlə qara düyün olan geniş bir tor kimi görünənədək ağacların başında dövrə vuraraq göyə qalxmışdılar, az sonra hər bir budağın ucunda bir düyün görünənədək, ağacların üstündən yavaş-yavaş endilər. Daha sonra tor anidən, bu dəfə daha geniş bir dairədə, daha çox gurultu və həşirlə yenidən havaya sovrulacaqdı, sanki göyə sıçramaq, sonra yavaş-yavaş ağac təpələrinə enmək müdhiş həyacanlı bir sınaq idi.

Qarğaları, əkinçiləri, atları, hətta beli yalın tarlaları ruhlandıran enerji güvəni də bir tərəfdən o biri tərəfə uçuraraq pəncərə şüşəsində öz sahəsinə yönəltmişdi.

O səhər həzz imkanları o qədər geniş və müxtəlif idi ki, həyatda yalnız güvə rolunda olmaq və bir güvə gününə sahib olmaq çətin bir taleyi ortaya qoyurdu və onun cüzi imkanlarından tam şəkildə zövq alması təsirli idi.

Kimsə özünü onu izləməkdən saxlaya bilməzdi. Onun halına qəribə acıma duyğusu hiss edən kimsə.

O səhər həzz imkanları o qədər geniş və müxtəlif idi ki, həyatda yalnız güvə rolunda olmaq və bir güvə gününə sahib olmaq çətin bir taleyi ortaya qoyurdu və onun cüzi imkanlarından tam şəkildə zövq alması təsirli idi.

O, öz yuvasının bir küncündən o biri küncünə doğru böyük bir səylə götürülür və orada bir an gözlədikdən sonra digər küncə doğru uçurdu. Ona üçüncü küncə, daha sonra dördüncüyə uçmaqdan başqa nə qalmışdı?

Zəmilərin böyüklüyünə, səmanın genişliyinə, evlərin tüstü qalxan bacalarının uzaqlığına və dənizdəki buxarlı gəminin hərdən çıxardığı romantik səsə baxmayaraq, bacardığı bu qədər idi. Əlindən gələni edirdi.

Kitab
Kitab

Dünyanın nəhəng enerjisinin çox incə, ancaq saf bir lifi sanki onun kövrək, çəlimsiz bədəninə yerləşdirilmişdi, onu izləyəndə bu görünürdü. O, hər dəfə pəncərə şüşəsindən keçəndə onu hayati bir ışıq şüasına bənzədirdim. O, kiçik idi, lakin hayatın özü idi.

Bu son etiraz möhtəşəm idi

Sırf çox kiçik, çox sadə olduğu üçün bu cür enerji forması dolanaraq açıq pəncərədən içəri girmiş, mənim beynimin bütün insanların beyni kimi bir çox dar və mürəkkəb dəhlizlərindən keçirdi, orada həm möhtəşəm həm də acınacaqlı bir şey var idi.

Kimsə sanki həyatın kiçik bir damlasını götürmüş kimi onu mümkün qədər yüngül tüklər və lələklərlə bəzəyərək həyatın əsl naturasını bizə göstərmək üçün rəqsli və ziq-zaqlı qurmuşdu. O, kimsənin bu qəribəliyin öhdəsindən gələ bilməyəcəyini nümayiş etdirirdi.

Onun qozbel, qabarıq, bəzəkli, məhdud vücuduyla böyük diqqət və ləyaqətlə yeridyini görən kimsə həyat haqda bildiyi hər şeyi unutmaq istərdi. Amma işə bax ki, yenə həmin həyatın düşüncəsi başqa bir cilddə dünyaya gəlmiş insanın ona baxanda sadə hərəkətlərinə görə yazığı gəlməsinə səbəb olur.

Bir müddət sonra, yəqin rəqs etməkdən yorulub günəşli pəncərənin kənarına qondu və bu qəribə tamaşa sona çatanda mən onu unutdum.

Daha sonra yuxarı baxanda baxışlarımı tutdu. O, rəqsinə davam etməyə çalışırdı, ancaq həm çox sərt həm də yöndəmsiz görünürdü, pəncərə şüşəsinin aşağısına ancaq uça bildi və sanki onu uçaraq keçmək istəyəndə uğursuzluğa düçar oldu.

Başqa şeylərlə məşğul olarkən, kiminsə bir anda durmuş maşınının xarab oldiğunu düşünmədən yenidən işə düşəcəyini gözləməsi kimi təhtəlşüur, onun öz uçuşuna davam etməsini gözlədim, o uğursuz cəhdləri bir müddət izlədim. Bəlkə də yeddinci cəhddən sonra o taxta pəncərə pərvazından sürüşdü və qanadlarını çırparaq pəncərənin çölünə arxası üstə yıxıldı.

Onun vəziyyətindəki çarəsizlik məni ayıltdı. Birdən ağlıma gəldi ki, o çətinlik içərisindədir; özünü qaldıra bilmir, ayaqları boş-boş çırpınır.

Ancaq kömək üçün ona qələmi uzadanda mənə elə gəldi ki, uğursuzluq və bacarıqsızlıq ölümün yaxınlaşmasıdır. Qələmi aşağı endirdim.

Ayaqları bir dəfə də çırpındı. Onun mübarizə apardığı düşməni axtarırmış kimi baxdım. Qapıdan boylandım. Orda nə olmuşdu?

Deyəsən, günorta idi, tarladakı işlər dayandırılmışdı. Bayaqkı hərəkətliliyi durğunluq və sakitlik əvəz etmişdi. Quşlar dərədə yemlənmək üçün çıxmışdılar. Atlar sakit dayanmışdılar. Oradakı güc isə eyni idi, laqeyd, qeyri-şəxsi, xüsusi bir şeyə yönəlmədən çöldə yığılmış şəkildə dururdu. O güc nə cürsə bu kiçik, saman rəngli güvənin əleyhinə idi. Nə isə etməyə cəhd göstərmək faydasız idi.

Kimsə sadəcə kiçik ayaqların yaxınlaşmaqda olan, onu seçmiş, bütün şəhəri sadəcə şəhəri deyil, həm də insan kütlələrini bürümüş əzaba qarşı göstərdiyi qeyri –adi səyi izləyə bilərdi, başqa heç nə, mən bilirdim ölümə qarşı hər hansı bir şans var idi.

Yorğun bir fasilədən sonra ayaqlar yenidən çırpındı. Bu son etiraz möhtəşəm idi və sonunda özünü düzəltməyi bacarması çox həyəcanlı idi. Kiminsə rəğbəti əlbəttə, həyatın bütün tərəflərində var idi. Həmçinin qayğı göstərən və tanıyan kimsə olmayanda o dərəcə böyüklükdəki bir gücə qarşı önəmsiz, balaca bir güvənin böyük səyi heç kimin saxlamaq üçün dəyər vermədiyi və arzulamadığı bir şeyi qorumaq üçün kimisə qəribə şəkildə hərəkətə gətirmişdi.

Yenə, hər necəsə kimsə həyatı saf bir damla gördü. Faydasız olduğunu bilə-bilə qələmi yenidən qaldırdım. Hətta mən belə edən kimi ölümün açıq-aşkar əlamətləri özünü göstərdi. Bədən dincəldi və dərhal cəsədə çevrildi. Mübarizə başa çatmışdı. Bu dəyərsiz, kiçik canlı indi ölümü tanıdı.

Ölü güvəyə baxanda, həmin dəqiqə ölümün adi bir rəqib üzərində zəfəri məni marağa qərq etdi. Bir neçə dəqiqə öncə həyat qəribə olduğu kimi indi də ölüm qəribəydi. Güvə indi özünü doğruldaraq layiqincə və şikayətsiz uzanmışdı. O, sanki “hə” deyirdi, “ölüm məndən güclüdür”.

İngiliscədən tərcümə edən: Nuranə Məmməd

XS
SM
MD
LG