Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:53

Charles D'Ambrosio. Və mən qaranlıqda qalmaqdan məmnun oldum


 Charles D'Ambrossio

Charles D'Ambrossio

-

Özünə-ironiya bir ədəbi priyom kimi

Charles D'Ambrosio

(Tanınmış çağdaş amerikalı yazıçının bir qəzet essesi)

42-ci ilin yayı

Uşaq vaxtı kinoya nadir hallarda gedərdim. Yayda gedib baxdığım bir filmi xatırlayıram, o film başqa bir yay haqqındaydı, kiminsə yayı, nostalji bir film, “42-ci ilin yayı”.

Baxıb fikirləşdim ki, bu filmi məşhur edən qoruyucu almağa dair gülməli səhnəsidir, amma bəlkə bütün yay filmlərində qoruyucu almaq səhnəsi vardı. Bilmirdim.

Ailədə yeddi uşaqdan biri kimi böyümüşəm, bizdə plan qurmaq o planları həyata keçirmək qədər çox vaxt aparırdı, ən səliqəylə və diqqətlə planlaşdırılmış gün də heç kəsi qane etmədən bitirdi. Kiminsə yaxşı vaxt keçirməyə dair fikri o birinə darıxdırıcı gəlirdi.

Böyük uşaqlar öz yaşadıqları təcrübələri balacaların indi yaşamasından təngə gəlirdilər. Piano dərsi planı diş həkiminə getmək xatirinə ləğv olunurdu. Zamanla görünməz bağlar bir uşağı o birinə, iki uşağı üçüncüyə bağladı və sair və ilaxır, beləcə biri o biriləri itələyə-itələyə azadlıq nədir bilmədən böyüdülər.

Hər axşam birlikdə yeməli olmağımız, bazar günləri kilsəyə getmək məcburiyyəti bizi bezdirmişdi. Mənə belə gəlirdi ki, yay filmləri, yayın özü kimi başqa adamlara məxsusdur. Dostlarım gördükləri filmlərdən, yaxud balıq tutmağa getməklərindən danışanda onların dedikləri mənə yalan-palan kimi gəlirdi.

Mənim tətillərim yabanı şənləməklə keçirdi, indinin özündə də sırf uşaqlar üçün ixtira olunmuş o illəri necə gərgin və beyhudə keçirdiyimi hiss edirəm.

Hərdənbir dostların biri kimi məni harasa dəvət edirdilər. Rəsmi yay əyləncəmin çoxu başqa uşaqların valideynlərinin yanında baş verirdi, hətta onda da mən uşaqlara xas intuitisiya ilə bu gəzintilərin bir növ xeyriyyə məqsədilə edildiyini hiss edirdim. Heç zaman “mənə sadəcə olaraq, dözürlər” hissindən qurtula bilmədim. Əminəm ki, belə həssaslıq uşaqların hamısına xasdır, ona görə ki, onlar özlərində olmayan bir gücün dinamikasına köklənmiş olurlar.

Atam həmişə məni dostlarımın vaslieynlərilə harasa yola salanda dəqiqləşdirirdi ki, pulum var, ya yox. Evin dal qapısında mənim xarici görünüşüm, hərəkətlərim üçün valideynləri kobud gəlmələr olan bütün o nəslin kişiləri kimi narahatlıq keçirirdi. Bu, protokol zabitiylə yaşamaq kimi idi, mən dərs götürür, 12 yaşlı nizam-intizamlı oğlan uağı olmağı yamsılayırdım. Ümid edirdim ciddi və nəzakətliyəm, amma indi görürəm tort bişirən meymun qədər gülməli imişəm.

“42-ci ilin yayı” filminə baxmağa gedəndə əvəlcə dostumun valideynlərilə yemək yeməli idim. Amma mən başqa adamların qarşısında çeynəmək və udmaqda çətinlik çəkirdim, elə bilirdim indi içdiyim süd burnumdan fısqıracaaq.

Amma mənim dostum və valideynləri yeməyi ağızlarında çeynəyərək elə sadə və rahat danışdılar ki, söhbətin belə sadə gedişi məni karıxdırdı.

Yemək mərasimi çox tez keçdi. Adətən bizim evdə nahar vaxtı sən ağzında sintaktik cəhətdən düzgün, amma ağır və lazımsız bir cümlə tutmalıydın və sonra yaaşca mövzuya daxil etməliydin. Kursu düz tutmaqdan ötrü hər sükutda minomyot kimi ondan biraz buraxmalıydın. Dostumun valideynlərilə isə söhbət isə heç bilmədim necə keçdi, bizim evin nitq vərdişi mənə köhnə və sarsaq bir şey kimi gəldi.

Maşınla Seatlın Neptun teatrına gedəndə mən arxada sakit oturmuş, pəncərədən ötüb keçən tanış küçələrə baxırdım.

Dostumun anası qumaş ətək geyinmiş, ətək lampa işığında ayağından azca yuxarı sürüşmüşdü. O, qəşəng idi və bütün fikrim onda qalmışdı. Hisslərim hamıya popkorn almaq təklifilə büruzə verdi, dostumun atası isə dedi ki, pulumu o yana çəkim. Mən sübut üçün bir ovuc əzik dolları ovcumda tutmuşdum.

Qırmızı məxməri pərdələr yanlara çəkildi və mən qaranlıqda qalmaqdan məmnun oldum.

New Yorker

iyun 2007

Günün bütün mövzuları

XS
SM
MD
LG