Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:30

«Amnesty International» açıqlama verdi


Amnesty International
Amnesty International

-

Son iki ay Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin bir qədər dəyişəcəyinə ümid yaradıb.

Bu barədə «Amnesty International»ın açıqlamasında deyilir.

«Aprelin 19-da Azərbaycan hakimiyyəti, nəhayət, keçmiş vicdan məhbusları Leyla Yunus və Arif Yunusun müalicə üçün Niderlanda getməsinə icazə verib. Onlar nəhayət ki, qızları Dinaraya qovuşublar», - deyə açıqlamada bildirilir.

Açıqlamada bundan əvvəl prezident İlham Əliyevin martın 17-də imzaladığı fərmanla 10 vicdan məhbusunun azadlığa çıxdığı qeyd edilir. Onlar NİDA Gənclər Hərəkatının üzvləri Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov və Məmməd Əzizovdur. Hüquq müdafiəçiləri Rəsul Cəfərov, Hilal Məmmədov, Anar Məmmədli, müxalifət fəalları Yadigar Sadıqov, Sirac Kərimov və Tofiq Yaqublu da bu siyahıya daxildir.

Həmçinin, hüquq müdafiəçisi Taleh Xasməmmədov və jurnalist Rauf Mirqədirovun azad edildiyi qeyd olunur.

Təşkilat yada salır ki, martın 28-də məşhur vəkil-hüquq müdafiəçisi və hökumətin tənqidçisi İntiqam Əliyev azad edilib. O, 2014-cü ilin avqustunda həbs edilmişdi. 2015-ci ilin aprelində vergilərdən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə yeddi il yarım həbs cəzası almışdı.

Bununla belə, təşkilat vurğulayır ki, Azərbaycan həbsxanalarında hələ də yeddi vicdan məhbusu saxlanılır. «Amnesty International» onların dərhal və qeyd-şərtsiz azad edilməsi üzrə kampaniyanı davam etdirəcəyini bildirir.

XS
SM
MD
LG