Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:09

Mərdəkanda əlillərin işığı kəsilib


Mərdəkandakı Müalicə pansionatı
Mərdəkandakı Müalicə pansionatı

«Hamımız xəstə, əlil adamlarıq. 2 saat əvvəl gəlib işıqları kəsib getdilər».

Mərdəkandakı Müalicə Pansionatının sakini Məmmədhüseyn Hüseynov AzadlıqRadiosu-na danışır ki, mayın 6-da günorta saatlarında pansionatın işıqlarını kəsiblər.

«YEMƏKSİZ, ÇAYSIZ, İSTİLİKSİZ QALMIŞIQ»

«Ayda bir dəfə gəlib işıqları kəsib, bütün əsəblərimizi pozub gedirlər. Deyirlər, pansionatın hökumətə neçə milyon borcu var. Əlil adamam, 127 manat pensiya alıram, pansionatın neçə milyon borcunu ödəmək mənə qalıb? İşıqsız qalmaq köməksiz bir əlilin yeməksiz, çaysız, istiliksiz qalması deməkdir. Axı niyə bu qədər zülm edirlər?»

Pansionatın başqa sakini Denis Yuzvik deyir, binada təmir işləri aparılır, işıq idarəsinin işçiləri binaya gedən işıq xəttini kəsdiklərindən işlər də yarımçıq qalıb.

BORC 10 MİN MANATI AŞIB

Xəzər rayon Elektrik Şəbəkəsindən «Qaynar xətt»ə bildiriblər ki, Pansionatın işıq sərfiyyatına görə külli məbləğdə borcu yığılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu barədə məktub da göndərilib. Ancaq borc ödənilməyib. Bu səbəbdən də mayın 6-da saat 12 radələrində pansionatın binasına elektrik enerjisinin verilişi dayandırılıb.

Pansionatın direktor müavini Müşfiq Abbasov AzadlıqRadiosu-na hazırda Xəzər rayon İşıq İdarəsində olduğunu və pansionatın elektrik xəttinə birləşdirilməsinə çalışdığını deyib:

ORTAQ MƏXRƏCƏ GƏLMƏSƏLƏR…

«Borc 10 min manatı ötüb. Tez-tez söndürülür. Görək, ortaq məxrəcə necə gəlirik. Təmir işləri də yarımçıq qalıb».

Mərdəkan Müalicə Pansionatı əlillərə və digər imtiyazlı vətəndaşlara dövlət hesabına müalicə xidməti göstərən müəssisədir. Müəssisədə təmir işləri aparılır. Xeyli sayda əlil başqa yerə köçürülüb. Hazırda müəssisədə 20 əlil yaşayır və onlar təmir işləri başa çatdıqdan sonra talelərinin necə olacaqlarını bilmədiklərini deyirlər.

XS
SM
MD
LG