Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:58

-

Avropa ölkələrinin bəziləri siyahıdan çıxıb; «Trump-a ciddi yanaşaq»; İranın sünni problemi – 6 may Qərb mediasının icmalı.

Dünyanın ən nüfuzlu universitetləri siyahısında Asiyanın payı yüksəlir.

Timeshighereducation.com saytının açıqladığı 2016-cı il Ali Təhsil Reytinqində Asiyadan 18 universitet yer alıb. Ötən il bu rəqəm 10 idi. Yaponiyanın Tokio Universiteti 12-ci yerdədir. Çinin Sinxua və Pekin universitetləri 8 və 11 pillə irəliləyərək 18 və 21-ci yerdə qərarlaşıblar.

Avropa ölkələrinin bəziləri siyahıdan çıxıb. Böyük Britaniya siyahıda ən çox (10) universiteti olan ikinci ölkədir. Ancaq Bristol və Darem universitetləri 100-lükdən çıxıb. 10 universitetdən yeddisinin reytinqi düşüb.

Almaniyanın 4, Niderlandın 5 universiteti daha bu siyahıda yoxdur, eləcə də Danimarka və Finlandiya yer tutmayıb.

Bu reytinq dünyanın 10 mindən çox aliminin fikrini soruşmaqla tərtib olunur. Hər bir akademik tədqiqat və təhsil üzrə ən yaxşı saydığı 15 universitetin adını çəkir.

İlk onluqda kiçik yerdəyişmələr var: Harvard Universiteti; Massaçusets Texnologiya İnstitutu; Stenford Universiteti; Kembric Universiteti; Oksford Universiteti; Kaliforniya Universiteti; Prinston Universiteti; Yel Universiteti; Kolumbiya Universiteti və Kaliforniya Texnologiya İnstitutu.

Donald Trump

Donald Trump

«TRUMP-A CİDDİ YANAŞAQ»

«The Times» ABŞ-da prezidentliyə iddialı Donald Trump-a ciddi yanaşmağa çağırır. Vaxtilə Ronald Reagan-a, Richard Nixon-a barmaqarası baxırdılar, onları yüngülçəkili sayırdılar, ancaq tarix sübut etdi ki, respublikaçıların lağlağı hədəfinə çevrilən bəzi namizədləri uğur qazanır.

«Trump yeni siyasi reallıqdan yaxşıca yararlanıb. Amerikalıların çoxu düşünür ki, ölkələri geriləyir, xaricdəki dostları tərəfindən sui-istifadəyə məruz qalır, amerikalı fəhlənin xeyrinə olmayan ticarət sazişləri bağlamağa meyllidir. «PEW» Araşdırmalar Mərkəzinin sorğusuna görə, Trump-ın seçicilərinin 75 faizi deyir ki, son yarım əsrdə həyat pisləşib».

«Prezident seçkisi heç də Ali Baş Komandanın kim olacağı demək deyil – mühakimə və xarakter barədədir, ideyaların yarışıdır. Cənab Trump Nümayəndələr Palatasının spikeri, respublikaçı Raul Ryan kimi beyinlərlə birləşməli, dərin bir gündəm ortaya qoymalıdır. Yəni, daha kütləni məmnun etməkdən, Obama-nın səhiyyə islahatı, vergi məcəlləsində islahatlar kimi məsələlərdən kənara çıxmaq gərəkir. Kapitolidə nüfuza malik bir vitse-prezident tapılmalıdır, çünki Trump Birləşmiş Ştatları biznes imperiyası kimi idarə edə bilməz. Respublikaçılar Trump-a nifrəti qırağa qoymalıdırlar. Seçkini uduzsalar, 2024-cü ilədək hakimiyyətdən uzaq düşə bilərlər».

Yazıda vurğulanır ki, builki seçki kampaniyası «çirkli» olacaq. Hillary Clinton seçicilərinin 51 faizi ona heyranlıqdan deyil, Trump-a nifrətinə görə səs verir. Elə Trump-ın seçicilərinin 57 faizinin də Clinton-dan zəhləsi gedir.

İran Kürdüstan Demokratik Partiyasının döyüşçüləri İraqda təlim keçirlər.

İran Kürdüstan Demokratik Partiyasının döyüşçüləri İraqda təlim keçirlər.

İRANIN SÜNNİ PROBLEMİ

«The National Interest» dərgisi İranın Asiyanın qərbində «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizədə dəridən-qabıqdan çıxan yeganə ölkə olmasından söz açır. Ancaq İran bu mübarizədə vacib bir elementi qaçırır – özünün sünni problemini. Tehran İraq və Suriyada İŞİD-in yüksəlməsinə uzunmüddətli problem kimi baxır. Lakin bu qruplaşmanın İranın şərqində, Əfqanıstan və Pakistanla sərhəddə peyda olması müvəqqəti bir cərəyan sayılmamalıdır.

«Görünür, Tehranda belə düşünürlər ki, İŞİD İraqda və Suriyada məhv edilən kimi, sünni ekstremizmi məsələsi də həllini tapacaq. Ancaq İran hakimiyyəti radikal sünnilərin Bəlucistan və Kürdüstan vilayətlərində fəaliyyətlərini yaxından izləyir. Bu vilayətlərlə Əfqanıstan- Pakistan və İraq həmsərhəddir», - yazıda qeyd olunur.

İranın Daxili İşlər Nazirliyi bu yaxınlarda açıqladığı hesabatda həmin vilayətlərdə İŞİD-ə rəğbət bəsləyənlərdən danışır, hakimiyyətə xəbərdarlıq edir ki, «domino effekti» yaradacaq səhvlərdən qaçsınlar. «İranın sələfi kürdlərinin çoxu İŞİD-ə qoşulmağa hazırlaşır və çoxu da onlara qoşulmaqdan ötrü Suriyaya gedib», - hesabatda deyilir.

Müəllifin fikrincə, İranın daxilində İŞİD-in güclənmə perspektivi Tehranın Suriya və İraqa müdaxiləsini əsaslandırmış kimi görünür. Amma rəsmilər bir faktı etiraf etməyə meylli deyillər: İrandakı 8 milyona yaxın sünni azlığı şiə rejiminin onları gözümçıxdıya saldığını düşünür. Bu problemlərin həlli İŞİD-in İran sünnilərinə yönəlik mesajını əngəlləmiş olardı.

XS
SM
MD
LG